Virtualaz.org xəbər verir ki, toya 10 milyon dollara yaxın xərc çəkildiyi təxmin edilir. Eldar Osmanov Rusiyada tanınmış biznesmendir və "Mejreqionsoyuzenerqo" şirkətinin sahibidir. Albert Avdolyana gəlincə, o, telekommunikasiyalar sahəsində işləyir, «Forbes» onun sərvətini 800 milyon dollar civarında qiymətləndirir. Avdolyan 1970-ci ildə Krasnodarda anadan olub, Rusiyanın 200 ən varlı adamı siyahısındadır.
Bəs qızını erməni multimilyonerin oğluna ərə verən Eldar Osmanov kimdir? Ad və soyadına görə ilk baxışdan azərbaycanlı olduğu təxmin edilə bilən bu biznesmen Rusiyanın Kabardin-Balkar Muxtar Respublikasında anadan olub. İnternet mənbələrində göstərilir ki, Osmanov vətənində ictimai və xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur. O, doğma kəndi Babugentə sponsor dəstəyi verir, habelə Kabardin-Balkarın başqa kəndlərinə pul xərcləyir. Osmanovun pulu hesabına iki kənddə məscid tikilib. Babugent kəndində isə idman kompleksi inşa olunub. Habelə o, kənd administrasiyasına yük buldozeri, MAZ avtobusu və «Belarus» traktoru hədiyyə edib. Bu xeyriyyəçilik fəaliyyətinə görə Osmanov Kabardin-Balkar parlamentinin fəxri fərmanı ilə təltif olunub.