Vaxt.Az

Pərdələr enir...


 

Tətilə çıxan teatrlar yeni mövsümdə yeni tamaşalar vəd edirlər

Pərdələr enir... Bir mövsümü də yavaş-yavaş başa vurmaq üzrəyik. Bu mövsümdə də teatr aləmində maraqlı tamaşalar, festivallar, premyeralar baş tutdu. Paytaxtımızda yerləşən bəzi teatrlarımızdan mövsümün onlar üçün uğurlu olub-olmamağını, hansı tarixdən tətilə çıxacaqlarını xəbər alırıq.


«Qarabağnamə» tamaşası ilə yekun


Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bizimlə söhbətində bildirdi ki, yola saldığımız mövsüm Dram Teatrının yaradıcı həyatı üçün əlamətdar hadisələrlə yadda qalıb: «Mövsüm ərzində kollektivimiz xaricdə və bölgələrdə qastrol səfərlərində oldu, bir neçə tamaşanın premyerasını keçirdi, eyni zamanda Azərbaycan teatrının inkişafında müstəsna xidmətləri olan korifey sənətkarlarımızın yubileyləri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təntənəli şəkildə qeyd edildi. Ötən mövsümdə «Almaz», «Çipollino», «Buzlar ölkəsində», «Vəsiyyət», «Kosanın qızı», «Aldanmış ulduzlar» tamaşalarının premyeraları keçirilib. Xalq yazıçısı İlyas Əfəndiyevin «Boy çiçəyi» tamaşası xalq artisti Ramiz Novruzun iştirakı ilə teatrımızın bədii rəhbəri-direktoru, xalq artisti Azər Paşa Nemətovun yeni quruluşunda təqdim edildi. Bundan başqa, xalq yazıçısı Elçin Əfəndiyevin «Cəhənnəm sakinləri» əsəri əsasında hazırlanan yeni tamaşanın məşqləri bitib, sentyabrda həmin tamaşanın premyerasını keçirəcəyik. Məşq prosesində olan növbəti səhnə əsəri isə Məmməd Səid Ordubadinin «Qılınc və qələm» romanı əsasında hazırlanacaq «Qətibə İnanc» tamaşasıdır. Həmin tamaşaya xalq artisti Mərahim Fərzəlibəyov dramaturq Çingiz Ələsgərlinin «Qılınc və qələm» romanının motivləri üzərində yazdığı pyes əsasında quruluş verir. Bu tamaşa da yeni teatr mövsümündə teatrsevərlərin ixtiyarına veriləcək. Sözügedən mövsümdə Akademik Milli Dram Teatrının gənc rejissorları Anar Sadıqov və Əlif Cahangirli Çexov Beynəlxalq Teatrı Festivalında iştirak etdi, yaradıcı laboratoriya və master-klasslara qatıldılar. Yeri gəlmişkən qeyd edim ki, avqust ayında teatrımız Bolqarıstanın Varna şəhərində Beynəlxalq Mono Tamaşalar Festivalında iştirak edəcək. Bu tamaşanı rejissor Anar Sadıqov əməkdar artist Ayşad Məmmədovun «İuda» mono pyesi əsasında hazırlayıb, səhnə əsərində Ayşad Məmmədov özü çıxış edir. Biz teatr mövsümünə iyulun 9-da «Qarabağnamə» tamaşası ilə yekun vuracağıq. Yeni mövsümdə teatrımızın dəyərli tamaşaçıları üçün maraqlı, onların rəğbətini qazanacaq səhnə əsərləri vəd edirik».


«Çipollino» və «Yarımçıq qalmış»


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından «Kaspi»yə verilən məlumata görə, 89-cu mövsüm ərzində 5 uşaq və 5 böyük tamaşası hazırlanıb: «Bunlar Astrid Lindqrenin «Uzuncorab Pippi», Xanımana Əlibəylinin «Aycan», yeni il tamaşası «Qrinç», Azərbaycan xalq nağılı «Məlikməmməd», Canni Rodarinin «Çipollino» və böyüklər üçün Məhəmməd  Füzulinin «Leyli və Məcnun», Əhməd Orucoğlunun «Açarını itirənlər», Zaməddin Ziyadoğlunun «Vurğuna vurğun gəlin», Əli Əmirlinin «Ünvansız qatar», Yefim Abramov və Leyla Bəyimin «Yarımçıq qalmış» əsərləri əsasında hazırlanmış tamaşalardır. Hazırda məşq prosesi davam edən C.Sviftin «Qulliver Cırtdanlar ölkəsində» tamaşası isə yeni – 90-cı teatr mövsümündə geniş tamaşaçı auditoriyasına təqdim olunacaq».

Söhbət zamanı öyrəndik ki, Gənc Tamaşaçılar Teatrı mövsümə iyunun 25-də C.Rodarinin eyniadlı əsəri əsasında hazırlanmış «Çipollino» və 2016-cı il aprel döyüşlərinə həsr olunmuş «Yarımçıq qalmış» tamaşaları ilə yekun verib.


«Bu mövsümdə 5 yeni tamaşa təqdim etdik»


Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova mövsüm sonunda teatrın cari repertuarından və əldə etdikləri uğurlardan danışdı: «Teatrımız özünün repertuar siyasətindən tutmuş, getdiyi qastrol səfərlərinədək hər yaradıcılıq addımını fərqliliyə, peşəkarlığa və təbii ki, bunların birgə nəticəsi olan uğura hesablayır. Sevinirəm ki, biz bu məqsədimizə hər dəfə nail olur və tamaşaçılarımızı sevindiririk. Xüsusilə son 5-6 ildə böyük nailiyyətlərə imza atmışıq. Bir çox festivallarda birinci yer tutmuşuq, tamaşalarımız festivalın ən güclü tamaşası kimi qəbul olunub. Artıq kukla teatrı sənətində nə isə demək imkanımız var və bunu zamanla daha da artırmaqdayıq. Son olaraq Qazaxıstan Respublikasında bir festivala qatıldıq və nailiyyət əldə etdik. Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 6-10 iyun tarixlərində Qazaxıstanda keçirilən «Orteke» V Beynəlxalq Kukla Teatrları Festivalında ölkəmizi təmsil etdik. TÜRKSOY tərəfindən 2017-ci il üzrə türk dünyasının mədəniyyət paytaxtı elan olunan Türküstan və Şimkənd şəhərlərini əhatə edən teatr bayramında teatrın baş rejissoru Qurban Məsimovun hazırladığı «Zəng» adlı mono-tamaşa ilə çıxış etdik. Tamaşanın ifaçısı, teatrımızın istedadlı aktyoru Rəhim Rəhimov festivalın ən yaxşı aktyoru nominasiyasında qalib oldu. Tamaşamız ən yaxşı səhnə işlərindən biri kimi bütün münsiflərin və tamaşaçıların alqışını qazandı. Artıq mövsümün sonuna yaxınlaşırıq. Bu müddət ərzində nəzərdə tutduğumuz, yaradıcılıq planımıza daxil olan bütün tamaşalarımızı hazırlayıb geniş tamaşaçı auditoriyasına təqdim etdik. Məsələn, bu yaxınlarda iki tamaşanı təhvil verdik. Bunlardan biri Qurban Məsimovun hazırladığı «Turp« və Anar Məmmədovun quruluş verdiyi «Pişiyin evi« tamaşaları idi. Hər iki tamaşa bizim ən yaxşı tənqidçimiz və alqışçımız olan balaca balalarımızın ürəyincə oldu. Hər nümayişindən sonra aldığımız müsbət rəylər və uşaqlarımızın xoş münasibəti buna sübutdur. Bu teatr mövsümündə 5 yeni tamaşa təqdim etdik».

Qeyd edək ki, iyulun 16-da «Turp» tamaşası ilə Kukla Teatrı mövsümü başa vuracaq.


«Pəltək cücə» ilə mövsümə əlvida


Bakı Uşaq Teatrı 8 iyul saat 12:00-da teatrın müvəqqəti yerləşdiyi Q.Abbasov adına mədəniyyət sarayında mövsümün bağlanışını qeyd edəcək. Teatrın mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, həmin gün «Pəltək cücə» tamaşası  ilə mövsümə əlvida deyəcəklər: «Türk nağılı əsasında İlhamə Əhmədovanın quruluşunda olan «Pəltək Cücə» tamaşasında hadisələr Xoruzla Toyuğun ailəsində baş verir. Ailədə olan 7 cücədən birinin dilində qüsur var, «cik-cik» əvəzinə «tık-tık» deyir. Bacı-qardaşları ona gülürlər. Vəziyyəti görən Ana Toyuq Pəltək Cücəni həkim Tülkünün yanına aparır. Tülkü müalicə adıyla Cücəni xəstəxanada saxlayır. Pəltək Cücənin Nazlı Cücə, Müğənni Cücə, İdmançı Cücə, Ağıllı Cücə, Dələduz Cücə, Balaca Cücə kimi bacı-qardaşları var. Sonda bacı-qardaşlar ata-analarıyla birgə Pəltək Cücəni Tülkünün əlindən qurtarırlar. Və söz verirlər ki, bir də bacılarına gülməyəcəklər. Tamaşada məqsəd uşaqlara qüsuru olanlara gülməməyi, onlara qayğı ilə yanaşmağa aşılamaqdır».

Bu mövsüm Bakı Uşaq Teatrnda İntiqam Soltanın quruluşunda «Kələkbazlar»,  eləcə də «Pəltək Cücə», «Kimdir Müqəssir», yapon nağılı əsasında «Lovğa Qembey», Arzu Soltanın «O səs Tülküyə», «İllərin hədiyyəsi» kimi tamaşalar hazırlanıb. Eyni zamanda, bir çox tamaşalar, o cümlədən, İ.Soltanının quruluşunda hazırlanan «Turp» tamaşası yeni heyətdə bərpa olunub.

 





04.07.2017    çap et  çap et