Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, iyulun 3-də keçirilmiş prosesdə daha əvvəldən yarımçıq qalmış bəzi epizodlar üzrə zərərçəkmişlərin və şahidlərin ifadələri dinlənilib.
Kredit niyə götürülmüşdü – MTN üçün, yoxsa törədilmiş qəzaya görə?
Zərərçəkmiş Nailə Vəlibəyova bildirib ki, əvvəllər Bakıda «Beşmərtəbə»nin yaxınlığında yerləşmiş «Moda» əntiq əşyalar mağazasında kiçik satıcı vəzifəsində çalışıb.
Xatırladaq ki, həmin mağazada baş satıcı işləmiş, bu epizod üzrə zərərçəkmiş hesab edilən, lakin istintaqın gedişi zamanı dünyasını dəyişmiş Əbil Vəzirov MTN-ə aparıldığını və təqsirləndirilən Akif Çovdarov tərəfindən ondan külli miqdarda pul tələb olunduğunu bildirib. Məhkəmənin əvvəlki iclaslarında zərərçəkmişin varisi kimi onun həyat yoldaşı Şərəf Vəzirova ifadə verib.
Zərərçəkmiş N.Vəlibəyova ifadəsində qeyd edib ki, 2009-cu ilin payız vaxtı günlərin birində çoxdan tanıdığı müştəri Mixail Xayt mağazaya gəlib və kiçik bir cuvenir alaraq gedib. Bundan yarım saat sonra mağazaya MTN əməkdaşları daxil olub, onu, baş satıcını və daha bir yenicə işə düzəlmiş satıcını əvvəlcə hava limanına, daha sonra isə nazirliyə aparıblar.
Nailə Vəlibəyova MTN-də dindirildiyi zaman ona hədə-qorxu gəlindiyini bildirib. O əlavə edib ki, sonradan mağazanın baş satıcısı Əbil Vəzirov ondan 100 min manatdan çox pul tələb edildiyini bildirib və mağaza bağlanıb.
Vəkillərin «Vəzir Əbilov yalnız satıcı olduğu halda, mağazanı necə bağlaya bilərdi?» sualına zərərçəkmiş cavab verib ki, «Moda» əntiq əşyalar mağazasında bütün işləri məhz mərhum Ə.Vəzirov aparıb.
Vəkil Kamandar Nəsibov zərərçəkmişə bir sıra suallar verib. Həmin suallarla o, Nailə Vəlibəyovdan əntiq əşyaları ölkədən çıxararkən tutulmuş və sonradan azadlıqdan məhrum edilmiş Mixail Xaytın Rusiya vətəndaşı olduğunu, mağazadan aldığı əntiq əşyaları ölkədən çıxardığını bilib-bilmədiyini soruşub. N.Vəlibəyova Xaytın vətəndaşlığından və Rusiyaya gedib-gəldiyindən xəbərdar olduğunu, lakin bu malları ölkədən çıxardığını bilmədiyini deyib.
Vəkil onu da qeyd edib ki, əslində «Moda» mağazasının sahibi «Rəşad» firması və onun təsisçisi Gülməmməd Sultanov olub. Lakin nədənsə həmin şəxs istintaqa dəvət edilməyib.
Zərərçəkmişin vəkillərin verdiyi suallara cavablarında ən maraqlı məqamlardan biri o oldu ki, N.Vəlibəyova bu hadisələr baş verməmişdən az öncə Əbil Vəzirovun oğlunun qəza törətdiyini və məhz həmin səbəbə görə «Moda» mağazasının baş satıcısının bankdan kredit götürdüyünü qeyd edib. İndiyə kimi ifadələrdə Vəzir Əbilovun krediti MTN-in tələb etdiyi pulu ödəmək üçün götürdüyü deyilirdi.
Akif Çovdarov: «Adamın Allahı olar da, düz deyil axı bu»
Təqsirləndirilən Akif Çovdarov bu epizod üzrə ifadə verib. İfadəsində o deyib:
«Hadisə 2009-cu ilin oktyabr ayının 15-də baş verib. Ertəsi gün isə biz sənədləri prokurorluğa göndərmişik. Bu iş prokurorluğun ünvanımıza göndərdiyi əməliyyat tapşırığı üzrə yerinə yetirilib. Əməliyyat tədbirlərinin yerinə yetirilməsi üçün məhkəmə qərarı da olub. Biz bu şəxsləri MTN-ə çağırıb, izahatlarını alıb göndərmişik prokurorluğa.
Biz gömrük və təhlükəsizlik dəhlizlərini keçdikdən sonra Mixail Xaytı saxlamışıq. Saxlanılma təyyarənin göyərtəsində aparılıb. Necə ola bilər ki, Xayt mağazadan çıxdıqdan yarım saat sonra biz mağazaya gəlmişik? Xaytın təyyarəyə minməsinə qədər azı bir neçə saat keçməli idi.
Məndə olan məlumata görə, bu epizodu cinayət işinə Pirallahı rayonunun prokuroru İbrahim Ləmbəranski daxil edib. Çünki zərərçəkmişin varisi Şərəf Vəzirova onun doğma xalası qızıdır. Basabasdan istifadə edib pul qoparmaq istəyirlər. Prokurorluğun tapşırığı ilə keçirilmiş əməliyyat və cəmi 1 gün sonra onlara göndərilmiş izahatlarla bağlı işi biz necə qeyri-qanuni görə bilərdik? Bu işin mahiyyəti bundan ibarətdir.
Özünüz fikirləşin: əgər biz Vəzirovdan pul almışdıqsa, prokurorluğa niyə göndərirdik? Nə idi ki, balaca bir «çaşka» idi, qaytarardıq özünə, pulunu alıb buraxardıq. Daha niyə işi prokurorluğöa göndərirdik ki, cinayət işi orada aparılsın?
Biz bu əmıliyyat çərçivəsində gömrük işçisi Habil Nəbizadəni və Mixail Xaytı tutmuşuq. Sizcə, bu cür işdə pul almaq olar? Saxtakarlıq olar e, amma bu qədər də yox da. Bunu da edən İbrahim Ləmbəranskidir. Onu da deyim ki, sonradan prokurorluqda cinayət əməlləri sübuta yetirilmədiyi üçün Əbil Vəzirova qarşı qaldırılmış cinayət işinə xitam verilib.
Necə ola bilər axı, adamlar prokurorluqda dindirilir, orada cinayət işi açılır, ifadələr verilir, amma pulu MTN alır. Adamın Allahı olar da, düz deyil axı bu».
İfadənin sonunda vəkil Sadiq Rəsulov bu epizoda, belə demək mümkünsə, «damğasını vuran» dəlil gətirdi – DTX-dən sorğu əsasında alınmış məlumata görə, 2009-cu ilin oktyabr ayında «Moda» mağazasının baş satıcısı olmuş mərhum Əbil Vəzirov, ümimiyyətlə, MTN-də olmayıb.
Çovdarovun MTN-də işləmiş kürəkəni ifadə verdi
Zərərçəkmiş İlqar Aşurbəyovun iddiası üzrə baxılan epizod üzrə şahid qismində təqsirləndirilən Akif Çovdarovun kürəkəni Rəşad Əmircanov ifadə verib.
O bildirib ki, 2007-ci ildə MTN-in hava limanında yerləşən şöbəsinə təyinat alıb və hava limanında yer olmadığına görə nazirliyin inzibati binasında oturub. Bununla bağlı şahid hər hansı münaqişənin olmadığını bildirdi. Rəşad Əmircanovun sözlərinə görə, bu şöbədə o, cəmi 1 ay yarım işləyib, sonradan başqa idarəyə keçib.
Xatırladaq ki, əvvəllər verdiyi ifadədə zərərçəkmiş İlqar Aşurbəyov işdən çıxdıqdan sonra Akif Çovdarov tərəfindən təhdid edildiyini və ona 300 min manat verdiyini bildirmişdi.
Şahid istintaqa verdiyi ifadədən imtina etdi və təzyiqlərdən danışdı
Eyni epizod üzrə ifadə vermiş şahid Rövşən Əbilov qeyd edib ki, MTN-də təqsirləndirilən Akif Çovdarovun köməkçisi vəzifəsini icra edib. Şahid İlqar Aşurbəyovun ifadəsində bildirdiyi kimi ona pul verməsini qətiyyətlə təkzib edib.
Dövlət ittihamçısının sualını cavablandıran şahid «İlqar Aşurbəyov yalan danışır. İstintaqda da guya mənim vasitəmlə A.Çovdarova ötürdüyü pulu gah orda, gah burda verdiyini deyirdi» cavabını verib.
Şahid onu da bildirib ki, istintaqa ifadə verdiyi zaman İ.Aşurbəyov da orada olub və müstəntiqlər şahidə təzyiq göstəriblər: «İlqar Aşurbəyovla elə görüşürdüləır ki, sanki əmisi oğullarıdır».
Maraqlı anlardan biri də odur ki, şahid zərərçəkmiş İlqar Aşurbəyovun müstəntiqlərin qəbulunda xeyli oturduğunu və 4 stəkan çay içdiyini bildirib. 2016-ci ilin mart ayında keçirilmiş istintaq tədbirləri barədə bu irada münasibət bildirən İlqar Aşurbəyov cavab verib: «Yalan danışma, o vaxt orucluq idi, hər il oruc tuturam, necə çay içə bilərdim?» Məhkəmənin sonunda vəkil Rəsul Sadiqov arayış verib ki, 2016-cl ildə Ramazan ayı iyun ayının 7-də başlayıb və İlqar Aşurbəyovun mart ayında oruc tutması ilə bağlı dedikləri həqiqətə uyğun deyil.
Şahid Rövşən Əbilov əlavə etdi ki, prokurorluqda ifadə verdiyi zaman ona göstərilən təzyiqlərlə bağlı Baş prokurorluğa məktubla müraciət edib və müraciətinə heç bir cavab almayıb. «Sonradan məndən ifadə almış müstəntiq çağırıb dedi ki, məktub yazmısan, amma yaxşı ki, mənim adımı qeyd etməmisən. Yoxsa başına oyun açardım».
Vəkil Cavid Rzazadə və şahid Rövşən Əbilov arasında maraqlı dialoq yaşandı.
Vəkil: Əbilov, istintaq zamanı müstəntiqlər sizdən pul tələb ediblər?
Şahid: Bəli, ediblər.
Vəkil: Pul tələb edənlərin adlarını deyə bilərsiniz? Bunlar cinayət işinin materiallarında onsuz da var.
Şahid: Xeyr, adlarını xatırlamıram.
Vəkil: Sizdən tələb olunan pulu verdiniz?
Şahid: Bu barədə danışmaq istəmirəm.
Vəkil Cavid Rzazadə daha bir maraqlı xüsusata toxundu. Cinayət işinin materiallarından və zərərçəkmiş İlqar Aşurbəyovun ifadəsindən məlum olur ki, şahid Rövşən Əbilovla üzləşməyə onu R.Əbilovun istintaqa ifadə verməsindən 1 gün əvvəl çağırıblar. Halbuki, bütün prosedur qaydalara görə, üzləşmə yalnız ifadələrdə ziddiyyətlər aşkar edildikdə aparılır. «Deməli, müstəntiqlər ziddiyyətlərin olacağını əvvəlcədən bilirdilər», – vəkil soruşub.
Epizodla bağlı izahat vermiş təqsirləndiriılən Akif Çovdarov qeyd edib ki, 2009-cu ildə hava limanındakı şöbə onun idarəsinə tabe edildikdə MTN rəhbərliyinə İlqar Aşurbəyovla işləmək istəmədiyini bildirib və bundan sonra zərərçəkmiş sərəncama, daha sonra isə başqa idarəyə işə göndərilib. «Mən başa düşürəm ki, bizdə bəzən işə götürəndə pul istəyirlər. Amma işdən çıxaranda pul istəməyi hələ eşitməmişdim», - Çovdarov deyib.
Prosesə sədrlik edən hakim Həbibn Həsənov növbəti iclasın çərşənbə günü, iyulun 5-də keçiriləcəyini elan edib.