«Ömrümə bir gün qalsa da səni məhv edəcəm...»
Mərhum İbrahim Quliyevin atası qəzadan sonra xəstəxanaya gəldiyini və oğlunun ölüm xəbərini orada eşitdiyini deyib. Zərərçəkmiş qəzaya səbəb olan sürücünün 6 uşağı məhv etdiyini, 6 ailəni gözüyaşlı qoyduğunu deyib və göz yaşlarını saxlaya bilməyib: «Ömrümə bir gün də qalsa səni məhv edəcəm. Mən kasıbçılıqla övlad böyütmüşdüm, oxudurdum. Anası yatağa düşüb, xəstədir».
Hakim N.Kərimov zərərçəkmişi sakitləşdirib. Zərərçəkmiş qismində dindirilən tələbə Amani Abbas ifadə verib. Qəza zamanı xəsarət alan 17 yaşlı tələbə deyib ki, sürücünü ötən ilin sentyabr ayından tanıyıb, onun idarə etdiyi maşınla universitetə gedib-gəlib: «Sumqayıt yolunda yaşıl rəngli «Ford» markalı maşını sağdan ötdükdən sonra öz yoluna qayıtmaq istəyəndə qəza oldu. Sürət yüksək idi deyə,idarəetməni itirdi. Toqquşma qısa vaxt ərzində oldu. Hər gün 20-25 nəfər minirdik. Qəzadan sonra olanları xatırlamıram. Artıq huşumu itirmişdim. Hadisə zamanı kəllə- beyin travması almışam».
Əvvəllər də bərk sürürmüş...
Digər zərərçəkmiş valideynlərin suallarını cavablandıran A.Abbas bildirib ki, sürücü daha əvvəl də maşını yüksək sürətlə idarə etdiyi üçün ona xəbərdarlıq ediblər, sürət həddini azaltmağı tələb ediblər. Zərərçəkmiş təqsirləndirilən şəxsə qanun çəçivəsində cəza verilməsini istəyib. Digər zərərçəkmiş Aytən Cəfərova qəza zamanı olanları xatırlamadığını bildirib. Zərərçəkmiş təqsirləndirilən şəxsdən tələb və şikayətinin olmadığını deyib.
O, suallara cavabında söyləyib ki, mikroavtobusa minən sərnişinlərin sayı çox olub və onların bir hissəsi ayaq üstə gedirmiş. N.Hüseynov suallara cavab verdikdə bildirib ki, «Ford»da 14 nəfərlik yer olub, amma əlavə oturacaqlar quraşdırılıb. Bəzi tələbələr boş yer olanda da oturmurdular. Söhbət edə-edə ayaq üstə gedirdilər».
«Deyirdi ki, ayda 200 manat haqq verir...»
Zərərçəkmiş tələbələrdən Emin Həmidov isə təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib: «Sən bizə dedin ki, «tez gedək ki, bir nəfər yol polisi var, onun vaxtına düşməyək». Həm də deyirdin ki, «çox adam götürsəm də cəriməsini ödəyirəm». Özü deyirdi ki, ayda 200 manat ödəyir. Maşında 28 nəfər adam var idi. Fikirli idi elə bil, altı uşağı bədbəxt etdi».
N.Hüseynov isə cavabında deyib ki, artıq sərnişin götürdüyü üçün Nəqliyyat Departamentinə aylıq 200 manat cərimə (yaxud haqq?!) ödəyib. Zərərçəkmiş tələbə Emin Həmidov ifadəsində bildirib ki, metronun «20 yanvar» stansiyasında tələbələri götürmək üstündəsürücülər arasında tez-tez mübahisə olurmuş.
Vəkil əliqanlı sürücünü müdafiə etmək istəmir
Məhkəmədə Namiq Hüseynovun vəkili Şirin Atayev hakimdən icazə üçün vaxt istəyib. Başqa prosesi olduğunu deyib. Hakim isə icazə verməyib. Təqdirləndirilən N.Hüseynov isə vəkilindən imtina etdiyini bildirib. O, vəkilin məhkəmə prosesi zamanı yatdığını deyib: «Mənimlə görüşməsini istədim gəlmədi. Ötən prosesdə də yatmışdı. Qəza törətmişəm və cəzasını da çəkəcəm. Siz necə vəkilsiniz və məni necə müdafiə edirsiz? Siz də vicdanınız qarşısında cavab verəcəksiniz. Mən vəkildən imtina edidəm».
Vəkil də təqsirləndirilən şəxsi müdafiə etmək istəmədiyini deyib. Hakim tərəflərin tələbini nəzərə almayıb.
Bəzi zərərçəkənlər şikayətçi olmaq istəmədi
Məhkəmədə daha zərərçəkmiş statusunda Azadə Mədətzadə ifadə verib. O, sürücünün bərk sürməsindən heç vaxt şikayətçi olmadığını deyib. A.Mədətzadə şikayət və tələbinin olmadığını bildirib.
Zərərçəkmiş tələbə Xavər Fərzəliyeva isə ifadəsində deyib ki, 3 ildir eyni yolu gedib-gəlirdi və həmin gün də mikroavtobusda dərs oxuyurdu: «Mikroavtobusun sürətli getdiyini hiss etmirdim. Birdən maşının silkələndiyini gördüm. Qızların qışqırmağını eşitdim. Travma almışam. Gözümü açanda gördüm palatadayam».
Bu zərərçəkmiş də şikayət və tələbinin olmadığını bildirib. Məhkəmə prosesi iyulun 6-da davam edəcək.
Xatırladaq ki, hadisə bu ilin martın 9-da Sumqayıt yolunda baş verib. Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi «Ford» markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış Elvin Şəmistanlıya məxsus «ZİL» markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə həlak olub, 20 tələbə yaralanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.