Z.Kazımov deyib ki, Sahil və Şıx çimərlikləri hazırda fəaliyyət göstərir: «Çimərliklər fəaliyyət göstərir. Vətəndaşlar həmin çimərliklərdə istirahət edə bilərlər, amma dəniz suyundan istifadə etməməklə».
Çimərliklərdə təhlükəsizlik məsələləri necə təmin edilir? Xəzərdə çirklənmə nədən yaranır, neqativ halların qarşısını almaq üçün hansı tədbirlər həyata keçirilir? Bu suallarla əlaqədar qurumlara və ekspertlərə müraciət etdik.
Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şöbə müdiri Elsevər Həsənov çimərliklərdə təhlükəsizlik tədbirləri ilə bağlı görülən işlər haqqında məlumat verdi: «İyun ayının 1-dən bəri Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin bütün avadanlıqları hazır vəziyyətə gətirilib və bütün şəxsi heyət gücləndirilmiş iş rejimində işləyir. Xidmətin nəzarətində olan 41 çimərlik ərazisində müvafiq təhlükəsizlik tədbirləri görülüb və çimərliklərin sahilboyu ərazisində maarifləndirici və xəbərdaredici lövhələr qoyulub. Suda üzmə tələbləri müəyyənləşdirilib və şarlar qoyulub. Həmçinin çimərlik ərazisində suyun dibi yoxlanılaraq sualtı relyefdə dəyişiklik olan, daşlıq, qayalıq müəyyən edilən yerlərdə «qadağandır» lövhələri qoyulub. Eyni zamanda, Bakı şəhərində maarifləndirmə tədbirləri çərçivəsində məktəb və universitetlərdə şagird və tələbələrə çimərliklərdə hansı təhlükəsizlik qaydalarına əməl edilməsi barədə broşurlar paylanıb».
E.Həsənov qeyd etdi ki, aprel-may ayları ərzində Bakı şəhərində 6 - Qaradağ, Sabunçu, Binəqədi, Xəzər, Səbail, Suraxanı rayonlarında və Sumqayıt şəhərində monitorinqlər aparılıb: «Respublikanın Xaçmaz, Astara və Beyləqan rayonlarının su tutarlarına və çimərlik ərazilərinə baxış keçirilib və təhlükəli faktlarla bağlı qeydiyyat aparılıb. Monitorinqlərin nəticəsi olaraq hər bir rayonda müşavirələr təşkil olunub. Bu müşavirələrdə aidiyyəti orqanların nümayəndələri iştirak ediblər. Əhalinin istirahətinə maneə yaradan amillər yerli icra orqanlarının diqqətinə çatdırılıb və bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Təhlükəsizlik tədbirlərinə xüsusi diqqət ayrılır. Qeyd edim ki, xidmətin 50-yə yaxın əməkdaşı peşə hazırlıq kurslarına yiyələniblər. İyul ayının 4-ə qədər nəzarətdə olan çimərliklərdə 24, qeyri-çimərlik ərazilərindən isə 4 nəfər xilas edilib. Bəzən insanlar təhlükəli yerlərdə, xüsusən silsilə qayalıq olan yerlərdə çimirlər. Həmçinin, küləkli hava şəraitində, spirtli içki qəbul edərək, qaranlıq vaxtlarda da çimərliyə gedirlər. Çox vaxt xilasedicilərin çağırışlarına əhəmiyyət verilmir və üzmə tələblərini pozurlar. Təsadüfi deyil ki, boğulma halları da məhz bu məqamlarda qeydə alınır».
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov deyir ki, Xəzərin statusu məsələsi öz həllini tapmayana qədər bu kimi problemlər qalmaqda davam edəcək: «Bu barədə uzun illərdir müzakirələrin getməsinə baxmayaraq, hələlik heç bir standart qəbul olunmayıb. Hətta biz ekoloji təmizliyə riayət etsək belə, bu, kifayət deyil. Çünki Xəzər təkcə bizə aid deyil. Ona görə də çimərliklərdəki ekoloji təmizliklə bağlı mövcud problemlərin həlli üçün ilk növbədə Xəzərin statusu haqqında qərar verilməli və bütün Xəzəryanı ölkələr də Xəzər dənizinin toxunulmaz olduğuna razılıq verməlidir. Hesab edirəm ki, çimərliklərdəki çirklənmələr məhz bununla bağlıdır. Biz əgər ölkədə turizmin inkişafından danışırıqsa ilk növbədə çimərliklərimizdəki bu kimi problemləri həll etməliyik. Çünki çimərlik turizmi turizmin ən mühüm qollarından biridir».
Ekologiya standartlarının monitorinq fondunun prezidenti, professor Rauf Sultanov deyir ki, çirklənmələrə əsasən, Xəzərə axıdılan müxtəlif zərərli maddələr, məişət tullantıları və neft qalıqları səbəb olur: «Ona görə də mütəmadi olaraq çimərliklərdə ekoloji standartlarla bağlı analizlər və monitorinqlər aparılır. Monitorinqin nəticələrinə əsasən, Azərbaycanda Abşeron yarımadasındakı çimərliklərdə baktereoloji çirklənmələr daha çox müşahidə olunub. Düzdür, bu günə kimi bu istiqamətdə müxtəlif işlər görülsə də, bəzi problemlər hələ də qalmaqdadır. Təəssüflər olsun ki, çimərliklərin bəziləri ekoloji standartların tələblərinə cavab vermirlər. Ekoloji cəhətdən çirklənmiş çimərliklər isə insan həyatı üçün təhlükəlidir. Elə çimərliklər var ki, orada 1-1,5 metr neft qalıqları çöküb. Çirklənmələrin böyük bir qisminə isə məişət tullantıları səbəb olur. Təəssüflər olsun ki, təmizlik məsələlərinə vətəndaşlar özləri də laqeyd yanaşırlar. Bu sahədə görüləsi işlər çoxdur. Ona görə də çimərliklərə ciddi nəzarət olunmalıdır».