Bu təyinat faktının özü ABŞ-ın Ukrayna məsələsinə verdiyi önəmin göstəricisidir, çünki Tramp seçiləndə belə fikirlər var idi ki, Ukrayna, Gürcüstan, ümumiyyətlə, postsovet məkanı onu maraqlandırmır və bu region Putinlə bazarlıqda ona güzəştə gediləcək. (Bəlkə də Tramp şəxsən özü bu düşüncədə idi, lakin ABŞ-da prezident heç də hakimi-mütləq deyil. Trampa lazımi «korrektirovka» verildi və verilir.)
K.Volker yüksək profilli diplomat olmaqla bərabər, Rusiyaya münasibətdə kifayət qədər sərt mövqeyi ilə tanınır. (Con Makkeyn xətti.) O, Ukraynaya müasir silahlar verilməsi və gələcəkdə bu ölkənin NATO-ya üzv qəbul edilməsinin tərəfdarıdır. Yeri gəlmişkən, iyulun 9-da NATO baş katibinin rəhbərliyi ilə ittifaqın qərarverici orqanı – Şimali Atlantika Şurasının üzvləri Ukraynaya səfər edəcək. Kiyevdə Ukrayna-NATO Komissiyasının toplantısı keçiriləcək və alyansın yeni ofisi açılacaq. Eyni gün ABŞ dövlət katibi Reks Tillerson da Kiyevdə olacaq. Yaxın həftələrdə ABŞ müdafiə naziri Mattis də Ukraynaya səfər edəcək və iki ölkə arasında hərbi əməkdaşlıq haqqında sənəd imzalanacaq.
İyulun 31-də isə ABŞ-ın vitse-prezidenti Mayk Pens Gürcüstana səfər edəcək, rəsmi görüşlərdən əlavə ABŞ (NATO) - Gürcüstan birgə hərbi təlimlərini izləyəcək.
Gürcüstan və Ukraynanın avroatlantik təşkilata (NATO) inteqrasiyasında ciddi sürətlənmə göz önündədir. Vaşinqtonun postsovet məkanını Rusiyanın nüfuz dairəsi kimi tanımayacağı da ortadadır. Ukrayna və Gürcüstan öz yolunu seçib və artıq tunelin ucunda işığı görməyə başlayıblar. Biz isə hazırda tamamilə dalana dirənmişik və vurnuxuruq...