Vaxt.Az

O biri dünyaya 60 qəpiyə


 

Bakı-Sumqayıt yolundakı qətliamdan dərs çıxaran olmadı?

O biri dünyaya 60 qəpiyə Bir neçə ay öncə Bakı-Sumqayıt yolunda sürət həddini aşaraq və yol hərəkəti qaydalarını kobud pozaraq dəhşətli qəza törədən, 6 tələbənin ölümünə, 17-nin yaralanmasına səbəb olan mikroavtobus sürücüsü Namiq Həsənovun məhkəmə prosesi gedir. Məhkəmə prosesi qalmaqallı keçir və bu dəhşətli qəzanın heç də təsadüf olmadığı, qəzaya aparıb çıxaran sistemli qanun pozuntularına, cinayətkar əməllərinə necə yol verildiyi haqda faktlar açıqlanır.

Xatırladaq ki, həmin qəzaya qədər sürücü Namiq Həsənov sürət həddini aşdığı üçün 70 dəfədən çox radara düşüb. Məhkəmədə isə zərərçəkən statusunda hadisədə yaralanmış tələbələr sürücünün onlara Bakı-Sumqayıt yolunda mikroavtobusu necə gəldi sürmək üçün ayda 200 manat haqq verdiyini danışdığını deyiblər. Sürücü özü də Nəqliyyat Departamentinə ayda 200 manat haqq verdiyini təsdiqləyib. Bunun əvəzində o, digər «xalturşiklər» kimi 14 yerlik mikroavtobusda 24 yer quraşdırıb, üstəlik ayaq üstə də sərnişin daşıyıb və metronun «20 yanvar» stansiyasının həndəvərində hamı onu «bərksürən» kimi tanıyırmış.


«Xalturşik»lər yenə iş başında


Bu hadisədən sonra Dövlət Yol Polisi həmin ərazidə reydlərə başladı və sərnişindaşıma ilə məşğul olan belə sürücülər xətdən uzaqlaşdırıldı.  DYP ümumilikdə 20-dən artıq mikroavtobusu cərimə meydançasına apardı. Bəs hazırda həmin ərazidə vəziyyət necədir?

«Xalturşik» mikroavtobuslar xətdən birdəfəlik yığışdırılıbmı? Bu suallara cavab tapmaq üçün «20 Yanvar» metro satansiyasının qarşısına yollandıq.

Əvvəllər körpünün altına düzülüb müştəri gözləyən  mikroavtobusları görmədik. İndi orada yalnız sərnişin üstündə didişən taksilər gözə dəyirdi. Əvvəlcə el arasında «dəmir tabutlar» adını qazanmış bu mikroavtobusların yığışdırıldığını düşündük. Lakin bir qədər irəli getmişdik ki, 16-17 yaşlı gəncin «Sumqayıta «Ford» çıxır, 60 qəpikdən...» sözləri nəzərimizi qeyri-ixtiyari həmin istiqamətə yönəltdi. Məlum oldu ki, əslində tələsmişik, Bakıdan Sumqayıta sərnişin daşıyan mikroavtobuslar sadəcə yerini dəyişib.

«20 Yanvar» stansiyasının  «Velotrek» istiqamətindəki çıxışının qarşısında sərnişin yığan mikroavtobusların əvvəlki kimi növbəsi yox idi. Avtobuslar bura xüsusi nizamla, bir-bir buraxılırdı. Çıxışa yaxınlaşan mikroavtobusun gəlməsi ilə dolub çıxması bir olurdu.


«İcazəmiz var…» – mikroavtobus sürücüsü


Sumqayıta sərnişin daşıdıqlarını mikroavtobus sürücüləri də təsdiqləyirlər. Adını söyləmək istəməyən sürücüdən sərnişin daşımaq üçün kimdən icazə aldığını soruşsaq da cavab ala bilmədik:


- Əlbəttə icazəmiz var...

- Kim sizə icazə verib, haradan almısız?

- Avtovağzaldan işləyirik də biz…

- Bəs onda burada nə gəzirsiniz?

- ...


Sürücü dialoqu yarımçıq qoyub avtomobilin mühərrikini işə saldı.

Artıq əraziyə jurnalistlərin gəldiyi xəbəri yayıldığından başqa heç mikroavtobus sürücüsü suallarımıza cavab vermək istəmədi. Hətta qarşımızda sərnişin götürən sürücülərin bəziləri Sumqayıta getmədiklərini iddia edirdilər. Görünən o idi ki, bu mikroavtobuslar 1 manat gediş haqqı tələb edən taksilərdən 40 qəpik ucuz başa gəldiyindən insanlar daha çox bunlara müraciət edirdilər. Mikroavtobus sərnişinləri arasında yüksək sürətdən narazılıq edənlər olsa da, çoxu buradan imkandsızlıqdan istifadə etdiyini təsdiqləyir.

 

«Uşaqlarımı 40 qəpiyə görə «Ford»a minməyə qoymuram…»


Amma sorğu keçirdiyimiz sakinlər arasında taksini üstün tutanlar da var idi. Məsələn, Sumqayıt sakini Yaqut Novruzəliyeva deyir ki, mikroavtobuslar daha təhlükəli olduğuna görə nə özü, nə də uşaqları ondan istifadə etmir: «Mən çalışıram evə Bakı-Sumqayıt avtobusu ilə gedim. Çox vaxt da onunla gedirəm. Amma Avtovağzala getmək vaxt aparır, bu gün xeyir iş var, ora çatmalıyam. Ona görə taksiylə gedirəm. Uşaqlarım Bakıda oxuyurlar, onları da qoymuram «Ford»larla gəlsinlər. 40 qəpiyə görə canını təhlükəyə atmağa dəyərmi?»

Digər Sumqayıt sakini Samir isə vaxt baxımından sərfəli olduğuna görə taksidən istifadə etdiyini deyir: «Mikroavtobus dolunca gec olur. Həm də taksi daha tez aparır. Mən taksiylə gedirəm həmişə», - deyə sərnişin bildirir.

Mikroavtobusların fəaliyyətindən ən çox narazı olanlar rəqib taksi sürücüləri idi. Sumqayıta sərnişin daşıyan Qafar Məmmədov da mikroavtobusların təhlükəli sürdüklərini deyir: «Bunları o tələbələrin ölümü ilə bağlı hadisədən sonra bir gün yığışdırdılar. Onu da tam yığışdırmadılar, o vaxt köhnə avtovağzalın yanında dayanırdılar, konduktor gəlib buradan müştəri yığıb aparırırdı. Sonra köçürdülər metronun çıxışına. Əslində işlərini asanlaşdırdılar, buradan gələn müştərilərin hamısını qamarlayıb basırlar maşına. Vəhşi kimi sürürlər, heç çoxunun sənədi də yoxdu. Camaat da neyləsin, 10 qəpik ucuz olsa ora gedir», - deyə taksi sürücüsü bildirir.

Həmsöhbət olduğumuz sərnişinlər arasında bu məsələdə günahın taksi və mikroavtobus sürücülərində deyil, sürücülük vəsiqəsi olmayan, kriminal keçmişə malik şəxslərdən haqq alaraq rahatca sərnişin daşımalarına  göz yumanlarda görənlər də var idi.


«Bərkgedən»ləri dayandıran tapılmır…


Xatırladaq ki, bir neçə il öncə paytaxtın şimal girişində tıxacların qarşısını almaq üçün Bakıdan Sumqayıta sərnişin daşıyan marşutları «Avtovağzal» ərazisində köçürdürlər, Bakı-Sumqayıt istiqamətində yeni sürət qatarı açıldı, amma  bu qanunsuz sərnişindaşıma ilə məşğul olan taksi və mikroavtobusların «xalturşik» sürücülərinin bazarına təsir etmədi. Bakı-Sumqayıt yolu tələbələrin ölümündən əvvəl də bu cür qanlı hadisələrə şahid olmuşdu. 2 il əvvəl sonuncu belə dəhşətli hadisə yenə «Ford-Transit» markalı mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində baş vermişdi. Hadisə zamanı azı 5 nəfər ölmüşdü, 11 nəfər yaralanmışdı. Yaralılardan 3 nəfərin isə ayaqları kəsmişdilər.

Belə görünür ki, tələbələrin asfalta tökülən qanı qurumamış yenə də «bərkgedən oğlanlar»  60 qəpik uğrunda Bakı-Sumqayıt yolunda yarışa çıxıb. Hələ ki, onları dayandıran tapılmır...

 





08.07.2017    çap et  çap et