Vaxt.Az

Bir qitəni məhvə aparan vərdiş


 

Azərbaycanda durum necədir?

Bir qitəni məhvə aparan vərdiş Avropalıların alkoqola olan həvəsi onlar üçün xərçəngin bir neçə növünə yoluxma riskinin artması ilə nəticələnə bilər. Bu barədə «United European Gastroenterology» təşkilatının hesabatında deyilir. Avropa adambaşına alkoqol qəbuluna görə liderdir. ÜST-nin məlumatına görə, orta statistik avropalı ildə 11,2 litr alkoqol qəbul edir. Amerikalılar və afrikalılarda bu göstərici müvafiq olaraq 20 faiz və iki dəfə azdır. 15 yaşdan yuxarı hər beşinci avropalı həftədə bir dəfə sərxoş olur.

Avropalılar arasında isə bu göstəriciyə görə liderlik litvalılardadır. Həkimlərin qənaətinə görə, avropalıların bu həvəsi onlarda mədə və bağırsaq xərçənginin inkişafı riskini artırır. «Alkoqolun kanserogen effektləri ilk növbədə mədə-bağırsaq sisteminə təsir edir» - deyə Böyük Britaniyanın Qastroenteroloqlar cəmiyyətinin rəhbəri Riçard Qardner bildirir. Əslində müsəlman ölkəsi olsaq da, bizdə də alkoqoldan istifadə edənləri sayı az deyil. Bəs bizdə alkoqolun sağlamlığa təsiri hansı dərəcədədir? Bu aludəçilik hansı problemlərin artmasına səbəb olub?


«Buna əhəmiyyətsiz yanaşmaq olmaz»


Tibbi ekspert Adiq Qeybulla «Kaspi»yə açıqlamasında bildirdi ki, alkoqol qəbulu bütün dünya ilə yanaşı, ölkəmizdə də bir bəlaya çevrilib: «Alkoqolun xərçəngin etiologiyasında rolu onun tərkibində olan müxtəlif maddələrlə, ümumiyyətlə isə alkoqolun özünün orqanizmə neqativ təsiri ilə bağlı da ola bilər. Çünki böyük miqdarda və davamlı qəbul olunan alkoqol hüceyrələrdə xroniki problemlərə səbəb ola bilər. Alkoqol qəbulu bu gün bütün dünyanın bir bəlasıdır. Əksər xaricilər alkoqol qəbulunda müəyyən dozanı qoruyurlar. Amma təəssüf ki, Rusiyada və bizim ölkəmizin özündə də spirtli içkilərin istehlakı həddindən artıq çoxdur».

Ekspertin sözlərinə görə, insanlar həddindən artıq qida və spirtli içki qəbul edirlər. Bu isə sağlamlıq üçün böyük mənfi təsir göstərmiş olur: «Bu gün ürək-damar xəstəliklərinin yaşının cavanlaşması məhz həddindən artıq qida və alkoqol qəbulu ilə birbaşa əlaqədardır. Çünki böyük miqdarda spirt yağları həll edir, xolesterinin qanda miqdarını həddindən çox artırır. Xüsusilə, nəzərə almaq lazımdır ki, bizim mətbəx yağlı qidalarla zəngindir. Eyni zamanda, bütün qidalanmamız günün ikinci yarısına təsadüf edir. Toylar, qonaqlıqlar, banketlər hamısı günün ikinci yarısında təşkil edilir. Günün ikinci yarısında  böyük miqdarda qida qəbulu insanların əmək qabiliyyətinin vaxtından əvvəl itirilməsinə, ürək-damar xəstəliklərinin inkişafına, dolayısı yolla, xərçəngin inkişafına və s. gətirib çıxarır».

A.Qeybulla bildirdi ki, bu cür məsələlərin hansısa administrativ üsullarla qarşısını almaq mümkün deyil: «Alkoqolun həddindən artıq qəbulu bir sıra faktorlarla bağlıdır. Rusiyada yaşayan gənclərimiz alkoqola qurşanıblar, həddindən artıq spirtli içki qəbul edirlər. Bu baxımdan, spirtli içkiyə münasibət bir az şüurlu olmalıdır. Buna əhəmiyyətsiz yanaşmaq, aludəçilik etmək qətiyyən olmaz. Əslində bu, milləti deqradasiyaya aparır. Dünyanın hər yerində alkoqola münasibət necədirsə, bizdə də elə olsa yaxşıdır. Alkoqoldan mümkün qədər az istifadə, sağlam həyat tərzi keçirmək, idmanla məşğul olmaq, az qidalanmaq... Biz bunu təbliğ etməli, neqativ tərəflərini göstərməliyik ki, insanlar buna tənqidi yanaşsınlar».

A.Qeybulla onu da bildirdi ki, həkim olaraq ümumiyyətlə, alkoqolu tövsiyə etmir: «Alkoqolun qəbulunda hansısa doza qoymaq düzgün deyil. Yaxşı olar ki, istifadə edilməsin. Əgər qəbul edirlərsə, sağlamlıq kriteriyalarını nəzərə alsınlar. Bir bakal çaxır, bir qədəh araq qəbul etməyi yetərli hesab etsələr, yaxşı olar. Dünyada əksər məclislərdə belə görmüşəm. Çünki spirtli içkilərin həddindən artıq qəbulu beyin hüceyrələrinin ölməsinə, yaddaşın itməsinə, ürək fəaliyyətinin ləngiməsinə, qara ciyərin sıradan çıxmasına gətirib çıxarır. Çoxlu alkoqol qəbul edən insanlar erkən yaşda xəstələnirlər, onların orqanizmində çox ciddi proseslər baş verir və bu da təbii ki insan ömrünü azaldır».


Spirt bizim orqanizmimizin tərkib hissəsidir, lazımdır, amma...


Həkim-terapevt İbrahim Əfəndiyev deyir ki, ümumiyyətlə, alkoqolizm hər hansı bir vərdiş, içkiyə meyllilik, hərislik yox, sözün əsl mənasında, xəstəlikdir, asılı vəziyyətə düşmüş orqanizmin patologiyasıdır: «Alkoqolun orqanizmə zədələyici, öldürücü təsiri vardır. Belə baxanda, tərkibi o qədər də dəhşətli maddələrdən ibarət deyil. Meyvə şirələrinin tərkibində olan hüceyrələrdir, bir də ki təmiz alınmış etil spirtidir. Düzdür, bəzən elə olur ki, biz spirtdən antiseptik dərman kimi də istifadə edirik. Alimlər əsrlər boyunca etil spirtinin təsir mexanizmini öyrəniblər. Nəticədə, güclü təsir mexanizmi olduğu aşkar edilib, buna görə tibdə də istifadə olunmağa başlanıb. Belə məlum olub ki, spirtin təsiri ilə əvvəlcə mərkəzi sinir sisteminin, yəni beynin sinir hüceyrələrinin tormozu aradan götürülür. Yəni oyanma baş verir. Lakin daxilə qəbulun miqdarı artdıqca, yenidən əsmə, tormozlanma prosesi gedir. Və elə bir hal yaranar ki, həyati vacib orqanların, xüsusilə ürəyin, ağciyərlərin və beyin hüceyrələrinin fəaliyyəti tam dayana bilər. Yəni  toksiki təsirə çevrilir. Kiçik dozalarda bu, o qədər də öldürücü təsir göstərmir».

Həkim deyir ki, insan orqanizmində etil spirti endogen yolla da meydana çıxır. Bu da, orqanizmin tələbatını ödəmiş olur. Kənardan spirt qəbul olunmasına ehtiyac yoxdur: «Maddələr mübadiləsi nəticəsində orqanizmdə etil spirti atom şəklində ayrılır, lakin bunun heç bir ziyanı olmur. Qanın tərkibində olan etil spirtinin miqdarından asılı olaraq, insanlar bəzən gülərüz, bəzən acıqlı və s. olurlar. Son illərin tədqiqatlarının nəticəsində həm də belə qənaətə gəlinib ki, spirtli içkiyə meylli olan insanların orqanizmində endogen (daxili) spirtin miqdarı az olur. Buna görə, həmin insanlar içkiyə çox tez meyl edirlər. Elələri də var ki, müəyyən müddət spirtli içki içirlər, sonra  ürəkləri istəyən vaxt içkidən imtina edirlər. Yəni heç ehtiyacları olmur, içmirlər. Buna görə belə düşünürlər ki, bunların orqanizmində daxili spirtin miqdarı az ayrıldığından, onlarda belə bir tələbat yaranır. Əlbəttə, bu, Avropa, Rusiya, ümumiyyətlə, bütün dünyanı bürümüş alkoqolizm vərdişinə müəyyən bir don geyindirmək məsələsi də ola bilər. Müəyyən nəticələr var, ancaq yüz faizli müsbət nəticə yoxdur. Spirt bizim bədənimizin tərkib hissəsidir, lazımdır. Amma onu kənardan almağa ehtiyac yoxdur. Orqanizmin özündə lazım olan qədər var. Bəzən deyirlər ki, sağlamlıq üçün yaxşıdır, bunlar boş şeylərdir. Sadəcə, bir az qan damarlarını genişləndirir, gümrahlaşdırır,  amma bir-iki saatdan sonra təzyiq düşür, ürək döyüntüsü artır, tərləmə, buzlama baş verir».

İ.Əfəndiyevin sözlərinə görə, uzun müddət və çox dozada alkoqol qəbul edərkən, ən çox damarlar zədəyə məruz qalır: «Ürək, böyrək, qara ciyər, mərkəzi sinir sistemi və s. orqanlara təsiri olur. Mərkəzi sinir sisteminə təsiri zamanı psixi pozğunluqlar özünü büruzə verir. Mərkəzi sinir sisteminə təsiri daha çox olarsa, o zaman xəstələrdə gerilik, sayıqlama, ayaqlarında, hərəkətlərində koordinasiyanın pozulması və alkoqolik tutmalar meydana çıxır. Qaraciyərə təsiri zamanı çox uzunmüddətli və sonluğu pis qurtaran bir hala gətirib çıxarır. Bu da, bizdə daha çox rast gəlinən qaraciyər serozudur. Ürək qan-damar sistemində ən çox rast gəlinən alkoqolik tutmalar, ürəyin işemik xəstəlikləridir. Böyrəklərin zədələnməsi bir qədər uzun çəkir, xəstə onu özü hiss etmir. Və sonradan bu spirtin təsirindən böyrək damarlarının büzülməsi, yığılması baş verir. Nəticədə, böyrək yumaqcığı birləşdirici toxuma ilə əvəz olunur, böyrək sıradan çıxır ki, bu zaman xəstə sidik ixracından qalır və sidik qana sovrulur. Artritlər, qanqrenası olanlar, xüsusilə şəkərli diabet xəstələri alkoqola meyllidirlərsə, özlərinə qəbir qazmış olurlar. O ağırlaşmaların qabağını heç nə ilə almaq olmur».

 





08.07.2017    çap et  çap et