Dərhal da qardaş ölkə Qərbin növbəti qərəzli münasibəti ilə bağlı bəyanatlar səsləndirib. Xarici İşlər Nazirliyindən mövzu ilə əlaqəli verilən açıqlamada bildirilib ki, əsassız iddialara və böhtanlara əsaslanan qərar Avropa parlamentinin etibarını zədələyib, və bu qərar Türkiyə üçün heç nə ifadə etmir. Avropa İttifaqı işləri üzrə nazir Ömər Çelik də təşkil etdiyi mətbuat konfransında AP-in qərarına sərt reaksiya göstərib və raportu qəbul etmədiklərini bildirib. Avropa Parlamentinin siyasi xarakterli qərar qəbul etdiyini ifadə edən Ömər Çelik, obyektiv olmayan raportun heç bir hökmünün olmadığını ifadə edib: «Türkiyənin indiyədək atdığı addımlara biganə qalan, erməni məsələsində təktərəfli tarix anlayışını mənimsəyən bu hesabatı qəbul etmirik. Bu raport, əməkdaşlıq hesabatı deyil. Avropa parlamentindən gözləntimiz, uyğun əməkdaşlıq üçün zəmin yaradan, yeni körpülər salan, tənqidlərlə yanaşı, irəliləyişə imkan yaradan hökmlər qəbul etməsidir. Bu hesabat bir təxribat arayışıdır. AP-in hesabatını son iki ildə olduğu kimi, bu il də heçə sayırıq. Raport olduğu kimi geri qaytarılacaq».
Nazir bildirib ki, 16 apreldə keçirilən referendumda seçici fəallığı 86% olub. Referendumun şəffaf keçirildiyini və nəticənin xalqın iradəsinə uyğun olduğunu deyən Ö.Çelik sözlərinə belə davam edib: «Türkiyədən tələb edilir ki, xalqın iradəsinə laqeyd yanaşılsın. Bu, qeyri-mümkündür. AP belə çağırışlar etmə hüququna sahib deyildir. Bu anti-demokratik yanaşmadır. AP xalqın iradəsinə hörmət göstərməlidir».
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan isə G20 sammitində iştirak etmək üçün Almaniyanın Hamburq şəhərinə səfəri zamanı təyyarədə verdiyi açıqlamada bildirib ki, Avropa Parlamentinin Türkiyə ilə üzvlük müzakirələrini təxirə salmasının heç bir əhəmiyyəti yoxdur: «Bu mövzu gündəmimdə yer tutmur. Gündəmimdə yer tutsa, əhəmiyyət vermiş olaram».
Öz növbəsində, baş nazir Binəli Yıldırım Avropa Parlamentinin Türkiyə ilə müzakirələrin dayandırılmasına dair qəbul etdiyi qərarın etibarsız olduğunu söyləyib. Paytaxt Ankarada jurnalistlərin suallarına cavab verən baş nazir Yıldırım, Avropa Parlamentinin qərarının əhəmiyyətli olmadığını ifadə edib. Türkiyənin Avropa İttifaqı (Aİ) mövzusundakı mövqeyində hər hansı dəyişikliyin olmadığını vurğulayan Yıldırım qeyd edib ki, Aİ-Türkiyə əlaqələrinin əsasını səmimiyyət təşkil etməlidir: «Aİ gələcəyə dair istiqamətini dəqiqləşdirməli və Türkiyə ilə həqiqətən birgə addımlamağa davam edib-etməyəcəyilə bağlı qərar verməlidir. Bizim üçün əhəmiyyətli olan Aİ rəhbərliyinin iradəsidir. Biz addımlarımızı rəhbərliyin qərarı istiqamətində atarıq». Aİ-nin müxtəlif mövzularla bağlı Türkiyəni tənqid etmək yerinə, özünə baxmasının vacibliyini vurğulayan baş nazir onu da deyib ki, Avropanın PKK terror təşkilatının oradakı fəaliyyətinə niyə bu qədər diqqət ayırdığını, FETÖ-nün fəaliyyətinə isə niyə biganə qalındığı barədə suallara da cavab vermələri lazımdır. Bunu hər kəs bilməlidir ki, Türkiyənin hər zaman seçimi vardır, hər zaman gedəcək bir başqa yolu vardır, alternativsiz deyil. Ayrıca Aİ üzvlüyü Türkiyədən çox Aİ-nin mənfəəti üçündür. Unudulmamalıdır ki, Aİ-nin təhlükəsizliyi Türkiyədən başlayır. Bu həqiqətləri nəzərə alaraq, hər kəsin məsul davranmasını və buna görə addım atmasını gözləyirik».
Yeri gəlmişkən, biznes və işgüzar dairələr də Avropa Parlamentinin Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı müzakirələrin dayandırılmasını təsdiqləməsinə reaksiya göstərib. Türkiyə Palata və Birjalar Birliyinin (TOBB) başçısı Rıfat Hisarcıklıoğlu haqlı və ədalətli olmayan qərara görə, türk iş dünyasını üzdüyünü ifadə edib. Hisarcıklıoğlu deyib ki, bu qərarın Türkiyə və ya Aİ-yə heç bir faydası olmayacağı qərarı qəbul edənlər də bilməlidir. Bu qərar yalnız Türkiyə düşmənlərinin, Türkiyənin inkişafının qarşısına sədd çəkmək istəyənlərin gözləntilərinə uyğundur. 25 mayda prezidentimiz Rəcəb Tayyib Ərdoğanın Brüsseldə Avropa Şurasının və Avropa Komissiyasının sədri ilə görüşündən sonra əldə edilən razılıq və ortaya çıxan yol xəritəsinə ziddir».
Anadolu Aslanları İş adamları Dərnəyinin (ASKON) başçısı Mustafa Koca da Avropa Parlamentinin hesabatı təsdiq etməsini sərt qaydada pisləyib. Avropa Parlamenti və Aİ-in 15 iyul gecəsi türk millətinin iradəsinə istiqamətlənən xain çevriliş cəhdini yarımçıq qınadığını ifadə edən Koca, Aİ ölkələrinin daha bir qalmaqallı qərara imza atdığını vurğulayıb.