«Kaspi» qəzetinin təşkilatçılığı və Kaspi Təhsil Şirkətinin dəstəyi ilə rus dilindən tərcümə edilərək çap olunan Sadıq Zeynaloglunun «Tarixin qan yaddaşı» və «Onları vətəndən məhrum ediblər» kitablarında ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlərin tarixi kökləri açıq-aydın qeyd edilib. Hər iki kitab respublikamızın arxivlərində saxlanan sənədlər əsasında hazırlanıb. Nəşrlərdə 300 mindən çox Azərbaycan vətəndaşının repressiyaya məruz qalması, onlardan güllələnənlərin 29 mininin, bəzi mənbələrə görə 75 mininin ziyalı olduğu yazılıb. Müəllif NKVD-nin (XDİK), QPU-nun (DSİ) erməni əsilli əməkdaşlarının xalqımıza qarşı törətdikləri qanunsuzluqları oxuculara çatdırmağı özünə mənəvi borc bilib: «Nə qədər ki, hələ sağ qalan şahidlər var, xalq öz tarixini bilməlidir», - deyə yazıb.
Xalqımızın yaşadığı ağrılar
Beynəlxalq Mətbuat Mərkəzində keçirilən təqdimatda Azərbaycanın müstəqilliyi uğrunda həlak olan, eyni zamanda repressiya qurbanı olan oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov nəşrlərin müəllifi, mərhum Sadıq Zeynaloğlu haqqında məlumat verərək onun ailəsinin Qazaxıstanın Taldı-Kurqan vilayətinə sürgün olunduğunu, sonradan bəraət alaraq Naxçıvana gəldiyini bildirdi: «Sadıq Zeynaloğlu uzun illər Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri işləyib. Bu kitabların hər ikisini arxiv materialları və qoruyub saxladığı sənədlər əsasında hazırlayıb». Ə.Amaşov kitabda qeyd edilən hadisələrlə bağlı məlumat verərək, 1999-cu ildə nəşr olunan «Tarixin qan yaddaşı» kitabında Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Milax, Ərəfsa, Şahbuz rayonunun Keçili kəndlərində 1931-ci ilin fevral-mart aylarında baş verən hadisələrin təsvir olunduğunu bildirdi: «Həmçinin kitabda Xızının Ağdərə kəndində baş verən hadisələr öz əksini tapıb. Sadıq Zeynaloğlu nəşrlərdə ardıcıl olaraq xalqımızın yaşadığı ağrılara toxunur və 30-40-cı illərin hadisələri fonunda Bakı, Sumqayıt, Lənkəran, Qarabağ, Xocalıda törədilmiş qanlı faciələrin üstünü açır. Kitablarda repressiya qurbanlarının siyahsı verilib. Müəllif bununla bizi ayıq olmağa, gələcəkdə bu cür hadisələrin qarşısının alınması üçün düşmənin səmimiyyətinə inanmamağa çağırır».
Milli yaddaşımızın itməməsi üçün
Azərbaycan xalqının həyatından bəhs edən və həqiqətlərimizi ortaya çıxaran nəşrlərin müzakirəsində həmrəy olmağın vacibliyini qeyd edən «Kaspi» qəzetinin təsisçisi Sona Vəliyeva nəşrləri hər birimizin taleyi adlandırdı: «Bu nəşrlər bütövlükdə Azərbbaycan xalıqnın taleyidir. Bu kitablarda bəhs edilən hadisələr 200 illik bir tarixdə Azərbaycan xalqının başına gətirilən müsibətlərin bir hissəsidir. Bunlar elə hadisəlırdir ki, biğanə qalmaq olmaz. Kitablarda qeyd edilən ailələrin sürgün edilməsinin arxasında ermənilər durub. İnsanları «kolxoz quruculuğuna mane olur» bəhanəsi ilə sürgün ediblər. Üç kəndin ailələrinin çoxunun başçısı güllələnib, sürgün edilib. Onlar nəinki soyqirimi həyata keçiriblər, hətta dindirilmə vaxtı bir nəsli digər nəslin üstünə saldıraraq qisas alıblar. Müəllif yazır ki, bu hadisələrin birbaşa təşkilatçısı ermənilər idilər».
S.Vəliyeva 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəldikdən sonra - 1996-cı ildə «1920-50-ci illər arası repressiya qurbanı olmuş azərbaycanlıların reabilitasiyası haqqında» haqqında sərəncam imzaladığını xatırlatdı: «Bu sərəncamda sürgündə dünyaya gəlmiş uşaqlar da repressiya qurbanı hesab edilir. Bu, hələ ki, reabilitasiya haqqında yeganə sənəddir. Bu sərəncamdan sonra arxivlər tam şəkildə xalqımıza xidmət etdi və onların materiallarından istifadə edildi». S.Vəliyeva qeyd etdi ki, bir də başımıza faciələrin gəlməməsi üçün milli yaddaşımız itməməlidir: «Bu cür kitablar bizim milli yaddaşımızın itməməsi üçün çox vacibdir».
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli nəşrləri tariximizin, müstəqilliyə gətirən yolların yenidən öyrənilməsi, təhlil edilməsi üçün əhəmiyyətli olduğunu qeyd etdi: «Bu baxımdan kitablardakı məlumatları olduqca əhəmiyyətlidir. Bu nəşrlər ibrət dərsləridir. Kitablarda Azərbaycanın müxtəlif rayonlarında 1920-ci illərindən sonra baş verən repressiyalar, faciələr öz əksini tapıb. Burada məhkəmə prosesləri, yaddaş materialları var. Bütün bunlar insanlara məlumatları dolğun təqdim etməyə imkan verir. Sovet dövründə uzun müddət «Keçili hadisələri» «Keçili banditlərinin hadisəsi» kimi təqdim edilirdi. Bunu belə təqdim edənlər də ermənilər idi».
Tariximizin səsi
Hər iki nəşri müəllifin qəhrəmanlığı kimi dəyərləndirən Xalq şairi Sabir Rüstəmxanlı bu işin davam etdirilməsinin vacibliyini vurğuladı. Belə ki, repressiya illəri ilə bağlı araşdırılmalı, yazılmalı çox şeylər var. Repressiya mövzusunun öz yaradıcılığında da mühüm yer titduğunu deyən S.Rüstəmxanlı «çox faktları da bu kitabdan öyrəndim» deyə tarixə boylandı: «Ötən əsrin 20- ci illərində 48 min seçmə insan öldürülüb. O illərdə Yardımlı rayonundan 29 dağ kəndi köçürülüb ki, hansı ki, həmin yerlər strateji ərazilərdir». Xalq şairi repressiya qurbanlarının xatirəsi üçün Repressiya muzeyinin yaradılmasının vacibliyini qeyd etdi: «Daşkənddə, Astanada belə muzeylər var. Bizim ölkəmizdə də yaradılması çox vacibdir».
Nəşrlərini çoxsaylı faktlarla zəngin olduğunu deyən millət vəkili, yazıçı-publisist Elmira Axundova neçə-neçə insanın faciəsindən bəhs edən kitabların əhəmiyyətini qeyd etdi. Millət vəkili həmçinin ulu öndər Heydər Əliyevin NKVD- (DTX) da işlədiyi illərdə çox ziyalını sürgündən qoruya bildiyini diqqətə çatdırdı.
Millət vəkili, professor Musa Qasmlı nəşrləri tariximizin səsi adlandırdı: «Nəşrlər həm müəllidin, həm repressiya qurbanlarının ruhuna ehtiramdır. Bu, gənclərimizin tariximizi öyrənməsi üçün lazımdır». Tarixçi alim repressiya illərində bütün SSRİ ərazisində 26 düşərgənin olduğunu qeyd etdi: «O düşərgələrdən biri Astana yaxınlığında yerləşib və 44 azərbaycanlı qadın orada saxlanılıb. Astana şəhərində repressiya qurbanlarının xatirəsinə abidə də ucaldılıb».
«Kitabları oxuduğum müddətdə müəllifin obrazı gözümün önünə canlandı» deyən »525-ci qəzet»in baş redaktoru Rəşad Məcid nəşrlərə görə Kaspi Təhsil Şirkətinə minnətdarlığını bildirdi: «Bu nəşrlər xüsusən gənclərimizin tariximizi öyrənmələri üçün əhəmiyyətlidir».
Tədbirdə çıxış edən digər qonaqlar kitabların xarici dillərdə yayılmasının daha lazımlı hesab edərək bu cür nəşrlərin çap edilməsi, belə layihələrin davamlı həyata keçirilməsini xalqımızın tarixi həqiqətlərinin üzə çıxarılması baxımından əhəmiyyətli adlandırdılar.
Təqdimata Astana şəhərindən qonaq kimi qatılan, nəşrlərin ideya müəllifi və sifarişçisi Mehdi Məmmədov ailələrinin Qazaxıstana sürgün olunması tarixçəsini vərəqlədi. Qonaq minlərlə azərbaycanlının faciəsinin təkrar olunmaması üçün tariximizi bilməyin vacibliyini vurğuladı. M.Məmmədov nəşrlərin tərcümə və çapına görə Kaspi Təhsil Şirkətinə təşəkkürünü bildirdi.
Qonağa «Kaspi» qəzeti və Kaspi Təhsil Şirkəti və Mətbuat Şurası adından xatirə plaketləri təqdim olundu.