Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, cinayət işinin iki epizodu üzrə zərərçəkmiş və şahidlər ifadə verib.
«İki uşaq saxlayıram, ərim 250 manat maaş alır»
Şahid qismində ifadə vermiş Sumqayıt şəhər sakini Yeganə Abbasova bildirib ki, 2014-cü ildə xəstəliyi ilə əlaqədar Türkiyəyə getmək məcburiyyətində qalıb. Rəfiqələrindən biri ona deyib ki, Bakıda yerləşən «Natiq-Tur» turizm şirkəti İstanbula səyahətlər təşkil edir və tibbi xidmətlərdə 20% güzəşt edilir. Buna görə də, şahid həmin vaxt sözügedən şirkətə müraciət edib. Şirkətin sahibi Natiq Fətəliyevlə söhbətdən sonra Yeganə Abbasova qeyri-rəsmi olaraq «Natiq-Tur»da mühasib vəzifəsini icra etməyə başlayıb və əməyinin qarşılığında ayda nağd şəkildə 500 manat maaş alıb.
«İki uşaq saxlayıram, xadimə də desəydilər, işləyəcəkdim. Ərim işi ilə əlaqədar rayonda yaşayır, cəmi 250 manat maaş alır», - şahid bildirib. Ərinin iş yeri barədə dövlət ittihamçısının sualına Yeganə Abbasova «Yeni Azərbaycan Partiyası» cavabını verib.
Şahidin sözlərinə görə, Türkiyədən müalicədən qayıtdıqdan sonra o, N.Fətəliyevdən ötən bir neçə aya görə maaşını istəyib və şirkətin sahibi qadını əməkhaqqını almaq üçün «Xətai» metro stansiyasının yaxınlığında banklardan birinə çağırıb. Orada şahid maaş kimi 2000 manat alıb və məbləğin azlığından narazılıq edib.
Bankın binasından çıxarkən Yeganə Abbasovanı 3 nəfər MTN əməkdaşı saxlayıb və nazirliyə gətirib. MTN-də dindirildikdən sonra şahid sərbəst buraxılıb.
Vəkillərin suallarını cavablandıran Yeganə Abbasova təqsirləndirilənlərdən heç birini tanımadığını sözlərinə əlavə edib.
Dövlət ittihamçısı bildirdi ki, şahidin məhkəmədə verdiyi ifadəsi ilə istintaqa verdiyi ifadə daban-dabana ziddir. Bundan sonra prosesə sədrlik edən hakim Həbib Həsənov Yeganə Abbasovanın zərərçəkmiş qismində istintaqa verdiyi ifadəni oxudu. Yeganə Abbasova həmin ifadədə səslənən hallardan xəbərsiz olduğunu və istintaqda belə ifadə vermədiyini dedi.
Bu epizoda aydınlıq gətirə biləcək təqsirləndirilənlərin ifadələri bütün zərərçəkmişlər və şahidlər ifadə verdikdən sonra dinlənəcək. Bildirək ki, MTN əməkdaşları turizm şirkətinin sahibi olan Natiq Fətəliyevin və onun iş ortağı Elman Məmmədovun əmtəəsiz maliyyə əməliyyatlarında iştirak etdiklərini, başqa sözlə «obnaliçka» ilə məşğul olduqlarını bildirirlər.
«Neftçilər» xəstəxanasının yaxınlığında hansı dövlət idarəsi yerləşir?
Zərərçəkmiş Əli Mirzəyevin iddiası əsasında epizod üzrə şahid və zərərçəkmişlər ifadə verib. Zərərçəkmiş «Qardaşlar Mebel» şirkətinə rəhbərlik etdiyini və 2014-cü ildə MTN-ə aparılaraq ondan 500 min manat alındığını iddia edir.
Epizod üzrə ifadə vermiş zərərçəkmişlər, şirkətdə sürücü vəzifəsində işləyən Yusif Balacayev və hazırda «Qardaşlar Mebel»də çalışmayan, hadisə vaxtı orada sürücü olmuş Vasif Kərimov ifadələrində bildiriblər ki, təqsirləndirilənlərin heç birinə qarşı iddia və şikayətləri yoxdur. Onlar 2014-cü ildə ofisdən MTN-ə aparıldıqlarını, bir neçə saat saxlandıqdan və MTN əməkdaşları tərəfindən onlara «Sultan» kafesində nahar verildikdən sonra sərbəst buraxıldıqlarını göstəriblər.
Zərərçəkmiş Mahal Göyüşov «Qardaşlar Mebel»də mühasib köməkçisi vəzifəsində işlədiyini bildirib. Onun sözlərinə görə, hadisə baş verən gün «Mercedes» markalı maşınında «Neftçilər» xəstəxanasının yaxınlığında dayandığı zaman avtomobilinə tanımadığı şəxslər yaxınlaşıb və onu MTN-ə aparıblar. Bundan bir müddət sonra şirkətin rəhbəri Əli Mirzəyev və digər əməkdaşlar nazirliyə gətirilib.
Zərərçəkmiş M.Göyüşov təqsirləndirilənlərə qarşı iddia və şikayətinin olmadığını deyib. Onun sözlərinə görə, nazirlikdə zərərçəkmiş Əli Mirzəyevə MTN əməkdaşları tərəfindən əl qaldırılıb, lakin konkret olaraq hansı əməkdaşın müdirini vurduğunu xatırlamır.
Vəkillərin suallarına cavab verərkən zərərçəkmiş həmin gün üstündə 5-10 min manat pul olduğunu göstərib. Həmin pulların haradan götürülməsi və hansı məqsədlə üstündə olmasını xatırlamadığını deyib.
Təqsirləndirilən Füzuli Əliyev zərərçəkmişə bir neçə sual verib. O, maraqlanıb ki, zərərçəkmiş Mahal Göyüşov hansı banklardan neçə dəfə külli miqdarda pul alıb və həmin pulları hansı dövlət təşkilatlarına çatdırıb. Zərərçəkmiş belə halların olmadığını deyib. «Yaxşı yadınıza salın, sizi «Neftçilər» xəstəxanasının yaxınlığından götürmüşük. Orada yaxınlıqda hansı dövlət idarəsi yerləşir və həmin idarəyə həmin gün nə qədər pul aparmısınız?», - Füzuli Əliyevin bu sualına zərərçəkmiş konkret cavab verməyib və orada təsadüfən olduğunu bildirib.
Natiq Alıyev kimdir və kimə pul verilib?
Epizod üzrə şahid qismində zərərçəkmiş Əli Mirzəyevin böyük qardaşı İbrahim Mirzəyev ifadə verdi. Qeyd edək ki, şahid MMC-də özünün, yaxud qardaşının təsisçi və ya direktor olduğunu xatırlaya bilmədi.
Şahidin ifadəsinə görə, Masallıda olarkən qardaşına zəng edib, lakin Ə.Mirzəyevə zəng çatmayıb. Bundan sonra o, şirkətin daha iki əməkdaşının nömrələrini yığıb, lakin onlar da telefonu götürməyiblər. Dostlarından biri şahidə bildirib ki, qardaşı MTN-dədir və bundan sonra İbrahim Mirzəyev Bakıya gəlib. Ertəsi gün nazirlikdən zəng edərək, İ.Mirzəyevi də MTN-ə çağırıblar. Nazirlikdə, şahidin sözlərinə görə, qardaşı sərbəst buraxılması üçün 500 min manat tələb edildiyini bildirib və İbrahim Mirzəyev həmin axşam lazım olan məbləği toplayaraq, nazirliyin yaxınlığlnda yerləşən «Sultan» kafesinin qarşısına gəlib. Şahid əvvəlcə iddia etdi ki, pulu əlbəəl təqsirləndirilən Natiq Alıyevə verib. Vəkillərin «Natiq Alıyevi göstərə bilərsinizmi?» sualına cavab olaraq şahid... Füzuli Əliyevi göstərdi. «Mən pulu bu adama vermişəm», - deyən İbrahim Mirzəyevə cavab olaraq, təqsirləndirilən F.Əliyev dedi: «Mirzəyev, cibimdə Quran gəzdirirəm, əgər kişisənsə, kitaba əl bas, de ki, pulu mənə vermisən. Möhtərəm hakim, mən bu adamı həyatımda ilk dəfədir ki, görürəm».
Daha sonra şahid dəfələrlə pulu Füzuli Əliyevə verdiyini və F.Əliyevi Natiq Alıyev kimi tanıdığını bildirdi. Bundan sonra dövlət ittihamçısı təqsirləndirilən Natiq Alıyevdən ayağa qalxmasını xahiş etdi. Dərhal şahid dilləndi: «Hə, Natiq budur, pulu ona vermişəm». Qeyd edək ki, Natiq Alıyevlə Füzuli Əliyevin xarici görünüşündə heş bir oxşarlıq yoxdur.
Vəkil Adil İsmayılov şahiddən 500 min manatı bir axşama necə toplaması ilə bağlı sual verdi. Şahid qeyd etdi ki, pulu dost-tanışından toplayıb: «Hərəsi 40-50 min verdi, pul düzəldi».
Bundan sonra vəkillə şahid arasında maraqlı dialoq baş tutdu.
Vəkil: Mirzəyev, siz «VTB Bank» adlı bank tanıyırsınız?
Şahid: Əlbəttə, Bakıda hər yerdə var bu bank.
Vəkil: Siz nə vaxtsa bankdan kredit almısınız?
Şahid: Yox, mən ömrümdə heç vaxt bankdan kredit götürməmişəm.
Vəkil: Amma istintaqa ifadənizdə bildirirsiniz ki, həmin gün axşam vaxtı «VTB Bank»dan qeyri-rəsmi 300 min manat kredit götürmüsünüz.
Şahid: Yazıblar da... mən kredit götürməmişəm.
Təqsirləndirilən Füzuli Əliyevin şahiddən «Qardaşlar Mebel» MMC-nin illik dövriyyəsinin nə qədər olması barədə sual verməsi ilə zalda əyləşmiş qadın müdafiəçinin əsəbiləşməsi bir oldu: «Möhtərəm hakim, bu, kommersiya sirridir. Şirkətin dövriyyəsinin ittihama nə dəxli var?»
Müdafiəçini niyə ağlamaq tutdu?
Müdafiəçinin çıxışından sonra sanki onun indiyə kimi zalda olub-olmamasının əhəmiyyətinə varmayan vəkillər və məhkəmə kollegiyası qadından doğrudan da müdafiəçi kimi çıxış etməsinə imkan verən etibarnaməni təqdim etməsini istədilər.
Müdafiəçi etibarnaməsini təqdim etdikdən sonra məlum oldu ki, o, yalnız zərərçəkmiş Əli Mirzəyevin müdafiəçisidir və şirkəti müdafiə etməyə hüququ yoxdur. «Ay qız, sən hansı ali məktəbi bitirmisən», - prosesə sədrlik edən hakim Həbib Həsənovun sualına müdafiəçi «BDU-nun hüquq fakültəsini» cavabını verdi.
Hakimin müdafiəçiyə hüquq və vəzifələrini anlatmağa çalışmasına baxmayaraq, qadın xitabət kürsüsünün arxasına keçdi və hamıdan üzr istəyərək, bir neçə dəqiqə vaxt alacağını bildirdi. Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi zərərçəkmiş Əli Mirəzyev o vaxtdan bəri (2014-cü ildən – virtualaz.org) stress keçirir və hazırda müalicə olunur, buna görə də, istintaqa verdiyi ifadəsini təsdiq etməklə, məhkəməyə gəlməyəcəyini bildirir.
Hakim Elbəy Allahverdiyev müdafiəçinin təqdim etdiyi həkim arayışının bu gün üçün keçərli olduğunu, lakin epizodda xeyli əhəmiyyətli rola malik olduğu üçün Əli Mirzəyevin mütləq məhkəmədə ifadə verməli olduğunu bildirdi. Müdafiəçi məhkəmə praktikasına istinad edərək, özünün haqlı olduğunu sübuta yetirməyə çalışmaq istəyərkən, hakim Həbib Həsənovun səbri tükəndi və o, məhkəmə katibinə göstəriş verdi ki, zərərçəkmiş Əli Mirzəyevin məhkəməyə məcburi gətirilməsi barədə qərarı protokola qeyd etsin.
Məhkəmənin bu qərarı səsləndirməsindən sonra inadkar qadın müdafiəçi özünü ağlamaqdan güclə saxlayaraq, zaldakı yerində əyləşdi.
Məhkəmənin növbəti iclası iyulun 11-nə təyin olundu.