Vaxt.Az

Dilqəm, Şahbaz, Həsən...


 

İşğalçı siyasəti sındıran Kəlbəcər girovlarının qəhrəmanlıqlarından 3 il ötür...

Dilqəm, Şahbaz, Həsən... 11 iyul... Dilqəm, Şahbaz, Həsən... 3 azərbaycanlının Vətənə qovuşduğu gün. Bəli, məhz 2014-cü il iyulun 11-də kəlbəcərli Dilqəm Əsgərov və Şahbaz Quliyev öz yaxınlarının qəbrini ziyarət etmək üçün erməni təhlükəsini göz önünə alıb, işğal altındakı ata-baba yurduna üz tutmuşdular. İşğal altındakı digər rayonumuzdan olan Həsən Həsənov da bu təhlükəli səfərdə onlara qoşulmuşdu...

Modern.az-ın məlumatına görə, düz üç il əvvəlin bu günlərində əslən Kəlbəcərdən olan Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev doğma torpaqlarda Ermənistanın işğalçı əsgərləri tərəfindən girov götürülüblər. İşğal altındakı Dağlıq Qarabağda həmvətənlərimiz üzərində qurulan «məhkəmə»nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Digər Vətən aşiqi Həsən Həsənov isə ermənilər tərəfindən güllələnib. Onun nəşi ölkə başçısı və aidiyyatı qurumların apardığı danışıqlar nəticəsində 3 ay sonra - 2014-ci il oktyabrın 2-də qarşı tərəfdən alınmışdı. H.Həsənov həmin il oktyabrın 4-də Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.

Ondan geriyə isə Ləman və Özləm adlı iki qız balası, hələ də onun ölümü ilə barışmayan xanımı Vüsalə, gözü yaşlı Gilas ana, atası Fərman dayı, Həsən deyəndə qəhərdən dodaqları əsən qardaşı Nail, bir də Həsənin Vətənə olan sevgi salnaməsi qalır! Gilas ana hər nə qədər «Həsən Vətəni məndən çox sevirdi» deyib özünü ovundurmağa çalışsa da, oğul həsrəti ona dağdan da ağır gəlir. Vüsalənin gözləri isə hələ də qapıda, qulağı səsdədir: «bəlkə Həsən ölməyib?..» düşüncəsi onu rahat buraxmır. İnansalar da, inanmasalar da Həsən yoxdur aralarında. İndi onların bircə təsəllisi var, Həsənin qəbiri... Darıxanda baş çəkməyə, dərd danışmağa gedəcəkləri ünvan, Həsənin əbədi evi...

Həmvətənlərimiz Dilqəm və Şahbazın ailələri də hər şeydən əllərini üzüblər. Çünki 57 yaşlı Dilqəm Əsgərovun erməni əsarətində baş qaldıran xəstəliklərinin ona nə qədər yaşamaq imkanı verəcəyi məchuldur. 49 yaşlı Şahbaz Quliyevin cəzasının qalan 19 ilində erməni zülmünə daha nə qədər dözəcəyinə heç kim təminat vermir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin hər ay açıqladığı «Giovlara növbəti başçəkmə baş tutub. Onlara ailələrindən məlumatlar çatdırılıb. Ailələrinə çatdırılması üçün də məlumatlar götürülüb» məlumatlarına da doyublar!

İndi onların təsəlli alacaqları bir yer, bir ümid də qalmayıb... Beynəlxalq təşkilatlara edilən müraciətlər, əməl olunması gərəkən konvensiyalar həmvətənlərimizi düşmən əlindən geri almağa yetmir. Bizimsə tək təsəllimiz onların Şuşada olması, gözləri o gözəlliyi görməsə də, havasını udması, bəlkə də Şuşada...

Nə qədər pozitivə yüklənmək, girovlarımız geri qaytarılacaq sözlərinə inanmaq istəsək də, gedişat onları bizdən daha da uzaqlaşdırır.

Bəlkə də onları bizdən uzaqlaşdıran zaman Dilqəm və Şahbazı 3ilin girovuna yox, tarixin Vətəndə yaşayan qəhrəmanına çevirir! Axı 25 ildir əsarətdə olan torpaqlara həsrətli, nisgilli dəfn etdiyimiz yüzlərlə qarabağlının nail ola bilmədiyinə onlar nail olur...

 





10.07.2017    çap et  çap et