- Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqları yəqin ki, yaxından izləyirsiniz. Təəssüf ki, illərdir davam edən danışıqlarda ciddi irəliləyiş müşahidə edilmir. Sizin bununla qənaətləriniz nədir?
- Dünya Azərbaycanın işğal olunmuş torpaqlarını bizim ərazimiz kimi tanıyır. Biz işğal altında olan torpaqlarımızı geri qaytarmalıyıq. Həmçinin, dünya ictimaiyyəti də münaqişənin nizamlanmasına dair ikili mövqedən əl çəkməlidir. Biz doğma torpaqlara qayıdacağıq. Mən Şuşaya mütləq qayıtmalıyam! Övladlarım ora qayıtmalıdır. Mən orada doğulmuşam, orada da ölməliyəm.
Münaqişənin həlli üçün isə ətraf rayonların qaytarılması çox vacib şərtdir. Cəbrayılın işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Azərbaycan prezidenti, cənab İlham Əliyev sərəncam imzalayıb. Cocuq Mərcanlı kəndi yenidən qurulduqdan sonra artıq insanlarımızın ora köçü başlayıb. Bu, erməniləri ciddi şəkildə narahat edir. Ermənistan başa düşür ki, torpağın yiyəsi var, torpağın sahibi gələcək.
Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan da deyib ki, Dağlıq Qarabağın ətrafında işğal olunmuş Azərbaycan torpaqları geri qaytarılmalıdır. Hətta Ter-Petrosyan deyir ki, Sərkisyan buna razılıq versə, onun yanında olacaq. Ermənilərin hamısına dəli demək olmaz. Onların da xalqı, milləti haqda düşünəni var. Serj Sərkisyan bilir ki, cinayətkardır, canidir, məhkəmə qarşısında cavab verəcək.
Möhtərəm prezidentimiz İlham Əliyevin apardığı siyasət bizə ümid verir. Bütün şəhər, rayon, kəndlərdə abadlıq-quruculuq işləri aparılır. Azərbaycan Ordusu yenilməzdir. Ordunun hər cür təminat və təchizatı var. Bu gün Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad etməyə hazırdır. 2016-cı ilin «Aprel döyüşləri» bunu sübut etdi. Ondan sonra ermənilər çox cəhdlər edib, lakin bu həmlələrin qarşısını ordumuz çox peşəkarlıqla alıb. Dünya ölkələri ermənilərin işğal etdiyi torpaqları Azərbaycan ərazisi kimi tanıyır. Dünya bilir ki, Azərbaycan istədiyi vaxt öz ərazi bütövlüyünü bərpa edəcək. Bununla belə, cənab prezident sülh yolunu seçib. Mən də istəyirəm sülh olsun. Amma müharibə yolu da qaçılmaz deyil. Azərbaycan ordusu hər an müharibə yolu ilə torpaqlarını geri qaytara bilər.
- Bayram müəllim, şuşalılar sizə daha çox hansı məsələlərlə bağlı müraciətlər edirlər? Onlara hansı köməkliklər edilir?
- Mənim şuşalıları görəndə ürəyim ağrıyır. O insanları görəndə pis oluram. Çünki həmin şəxslərin əvvəl yaşadıqları şəraiti, dolanışıqları görmüşəm. Şuşalılar hər zaman mənə mənzil, iş yeri ilə bağlı müraciətlər edirlər. Həmçinin, məndən müəyyən köməkliklər istəyirlər. Mən isə öz növbəmdə nəyə gücüm çatırsa, əsirgəmirəm. Çalışıram ki, icra başçısı olduğum rayonun insanlarına problemlərini həll etməkdə yardımçı olum.
- Artıq 25 ildir ki, Şuşa işğal altındadır. Ermənilər kobud mənada desək, işğal altındakı torpaqlarımızda «at oynadır»lar. Müxtəlif KİV-lərdə Şuşanın son vəziyyəti ilə bağlı yayılan məlumatları, şəkilləri görəndə hansı hissləri keçirirsiniz?
- Mən deməzdim ki, ermənilər Şuşada «at oynadırlar». «Aprel döyüşləri»ndə ermənilərin hamısı qorxudan qaçmışdı. Siçan deşiyi axtarırdılar ki, gizlənsinlər. Bu gün «at oynadan» Azərbaycan ordusudur. Əlbəttə ki, Şuşanın işğalı və oradakı son vəziyyətlə bağlı yayılan məlumatlara baxanda mənə çox pis təsir edir. Şuşa mənim vətənimdir. Mən orada doğulmuşam. Mən yaxın bir vaxtda Şuşaya qayıtmaq istəyirəm. Mən Şuşaya mütləq qayıtmalıyam! Ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Şuşada quruculuq işləri görməliyəm.
- Şuşa işğaldan azad olunduqdan sonra orada ilk görəcəyiniz iş nə ola bilər?
- Atamın və anamın qəbrini ziyarət edərdim. Daha sonra yaşadığım evə baxardım. Bütün insanlar kimi mən də quruculuq işləri ilə məşğul olardım.
- Ermənistan ordusunun atəşi nəticəsində qətl edilən 2 yaşlı Zəhra və nənəsi təkcə Alxanlı kəndinin deyil, bütün Azərbaycanın növbəti itkisidir. Ermənilərin bu vəhşiliyi xalqı «Aprel döyüşləri» olan vaxtın ruhuna qaytardı, hamı birlik nümayiş etdirdi... Siz necə düşünürsünüz?
- Bütün Azərbaycan xalqı kimi mən də Ermənistanın cinayətkar rəhbərliyinə nifrət edirəm. Çünki onlar günahsız insanlarımıza qıyıblar, Azərbaycan ərazilərində terror aktları, soyqırımları törədiblər. Artıq zaman yetişib, ermənilərə kimsə «Dur!» deməlidir. Çox təəssüf ki, Ermənistana havadarlıq edən dövlətlər və beynəlxalq təşkilatlar bunu demirlər. Əgər ermənilərə «Dur!» deyən olmayacaqsa, o zaman Ali Baş Komandanın əmri və Allahın köməyi ilə Azərbaycan ordusu ermənilərə «Dur!» deyəcək, 2016-cı ilin «Aprel döyüşləri»ni təkrarlayacaq. Bu dəfə erməniləri əlimizdən kimsə ala bilməyəcək. O günahsız insanlarımızın da qanı yerdə qalmayacaq. Buna hər bir azərbaycanlı əmindir.
Ermənistanda ATƏT-in Minsk qrupunun həmsədrlərini sayan yoxdur. Nə qədər ki, bu belə olacaq, Ermənistan öz bildiyi kimi hərəkət edəcək. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri olan ABŞ, Fransa və Rusiya Ermənistana havadarlıq edir. Ermənistan onun-bunun qapazaltısına çevrilib. Hər zaman belə ölkə olub.
Alxanlı hadisəsi ilə bağlı Azərbaycan vətəndaşları dünyanın hər bir yerinə car çəkdilər. Bütün ölkələr də bu hadisəyə görə erməniləri qınadılar. Mən istəyirəm ki, Azərbaycanın günahsız insanlarının həyatına qıyan şəxslər mütləq cavab versinlər. Gec-tez Sərkisyan və onun kimilər cavab verəcəklər.
- Sizcə ermənilərin Alxanlıda törətdikləri vəhşiliyi dünyaya bəyan edə bildikmi?
- Bəli. Çox böyük işlər görüldü və görülür. Bu gün dünyada informasiya müharibəsi gedir. Biz nə qədər çox işlər görsək də, bunu davam etdirməliyik. İşğal olunmuş rayonlarımız və şəhidlərimiz haqqında daha da çox təbliğatımızı artırmaq lazımdır. Dünya ictimaiyyətinin çoxu bilmir ki, ermənilər azərbaycanlılara nələr ediblər. Onlar elə bilirlər ki, bizim Ermənistana gediş-gəlişimiz var. Ermənilərlə əlaqəmiz var. Azərbaycan reallıqlarının dünyaya çatdırılmasında hər birimizin üzərinə çox böyük bir iş düşür. Jurnalistimizdən tutmuş, diplomatımıza qədər...
- Ermənistan ordusunun təxribatı insanlarımızın Cocuq Mərcanlıya köç etməsi ərəfəsində baş verdi. Sizcə ermənilərin bunu etməkdə məqsədi bu qayıdışın qarşısını almaq deyildi ki?..
- Xeyr. Azərbaycan ordusu öz torpağını və insanlarını lazımi şəkildə qoruyur. Biz ordumuza güvənirik. Ermənistan rəhbərliyi də bilir ki, Azərbaycan ordusu nəyə qadirdir. Onların bu təxribatları bizim heç bir işimizə kölgə sala bilməz. Artıq Cocuq Mərcanlıya insanlarımız köçürülür. Cənab prezident İlham Əliyevin tapşırığı ilə orada insanlarımızın rahatlığını və təhlükəsizliyini təmin edə biləcək hər bir şey yaradılıb. Cocuq Mərcanlıya köç «Böyük Qayıdışın» işarəsidir. Cocuq Mərcanlıda Şuşa məscidinin oxşarı tikilib. Bu həm də rəmzi məna daşıyır. Çünki bu, o deməkdir ki, Şuşaya gedən yox Cocuq Mərcanlıdan keçir.
- Belə bir şəraitdə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında növbəti görüşün keçirilməsi mümkündür?
- Hazırda çalışırıq ki, icmaların görüşü olsun. Biz belə bir görüşün reallaşmasını istəyirik. Ancaq bu məsələ təkcə bizdən asılı deyil. Bizdən olsa, günü bu gün ermənilərlə görüşüb onlara hər şeyi başa salardıq. Biz onlara müraciət edib görüş barədə nəsə desək, Ermənistan hakimiyyəti icmanın dərsini elə verər ki, bir də görüşlə bağlı müraciətə razılıq verməzlər. Daqğlı Qarabağın düz-əməlli erməni icması da yoxdur. Gündə bir fikrə düşürlər. Ona görə də yaxın vaxtlarda görüş gözlənilmir.
- Dağlıq Qarabağın Azərbaycanlı İcması Cocuq Mərcanlıda ofis aça bilərmi?
- Ərazi baxımından Cocuq Mərcanlının Dağlıq Qarabağa aidiyyəti yoxdur. Ona görə də orada ofisimizin açılması ilə bağlı planımız yoxdur. Bizim təşkilat Dağlıq Qarabağın Azərbaycanlı İcmasıdır. Biz Allah qoysa yerimizə-yurdumuza köçəcəyik və icmanın da fəaliyyəti tamam başqa cür olacaq.