Görüşdən sonra məlumat yayılmışdı ki, Tramp Putinin ABŞ seçkilərinə müdaxilə etmədikləri barədə sözlərinə qane olub. Lakin Ağ Evdən dərhal açıqlama gəldi ki, Tramp Putinin sözlərinə inanmayıb.
Tramp onu da bildirib ki, Ukrayna problemi həllini tapmadan Rusiyaya qarşı sanksiyalar ləğv olunmayacaq. Dünən ABŞ dövlət katibi Tillerson Kiyevdə idi və Ukraynanın ərazi bütövlüyünün bərpasının ABŞ-ın prioriteti olduğunu bəyan etdi. ABŞ-ın təyin etdiyi xüsusi nümayəndə Kurt Volker isə bir neçə gün Kiyevdə qalıb, öz addımlarını Ukrayna ilə razılaşdıracaq. Bu gün NATO-nin qərarverici orqanı - Şimali Atlantika Şurası üzvlərinin baş katib Stoltenberqin rəhbərliyi altında Ukraynaya səfəri başlayıb. Bu gün eyni zamanda, Qara dənizdə Ukrayna-ABŞ birgə hərbi təlimlərinə start verilib. ABŞ-ın raket kreyserləri, hərbi təyyarələri və 800 əsgəri hazırda Ukraynadır. Təlimlərə digər NATO üzvləri, o cümlədən Türkiyə də qatılıb.
P.S. Ukrayna mövzusunu ona görə diqqətdə saxlayıram ki, əvvəla, dolayısı ilə bizi də ilgiləndirən məsələdir və oxucular arasında bu mövzuya maraq var. (Nə vaxt başınızı ağrıtsam, şərh yazıb bildirərsiniz – Ş.C.) İkincisi də, Rusiyaya qarşı bayraq qaldırdığı üçün Ukraynanın dağıldığını, batdığını söyləyənlər var, göstərmək istəyirəm ki, onlar doğru demir və belə deyənlərə etibar etmək olmaz. Ukraynanın seçimi doğrudur və biz onları, eləcə də Gürcüstanı diqqətlə izləməliyik ki, gələcəkdə ehtiyac yarandıqda onların təcrübəsindən yararlanaq və səhvlərindən nəticə çıxaraq.