Vaxt.Az

5 milyon manat büdcəyə qaytarılıb


 

Hesablama Palatası rəqəmlər açıqladı

5 milyon manat büdcəyə qaytarılıb Hesablama Palatasının 2017-ci il İş planına əsasən cari ilin 6 ayı ərzində 31 nəzarət tədbirinin başlanılması və 14 tədbirin nəticələri ilə bağlı Kollegiya qərarları qəbul olunub. VAXT.AZ xəbər verir ki, Palatadan APA-ya verilən məlumata görə, nəticələrinə baxılmış nəzarət tədbirlərinin 13-ü audit, 1-i isə analitik təhlil işi olub.

2017-ci ilin İş planına əsasən nəticələri ilə bağlı qərar qəbul olunmuş nəzarət tədbirləri dövlət büdcəsindən ayrılmış xərclərlə yanaşı, büdcədənkənar dövlət fondunun xərclərini və fəaliyyətdən əldə edilmiş vəsaitlər üzrə xərcləri əhatə edib. Belə ki, 2-i nəzarət tədbiri ilə dövlət büdcəsindən ayrılmış xərclər və Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri, 4 tədbir ilə isə eyni zamanda fəaliyyətdən əldə edilmiş gəlirlər hesabına maliyyələşdirilmiş xərclər audit olunub.

Nəticələri ilə bağlı qərar qəbul edilmiş nəzarət tədbirləri ilə ümumilikdə 605,5 milyon manat vəsait əhatə olunub ki, bunun 402,6 milyon manatı və ya 66,5 faizi dövlət büdcəsinin xərcləri, 88,3 milyon manatı və ya 14,6 faizi büdcədənkənar dövlət fondlarının vəsaitləri, 114,6 milyon manatı və ya 18,9 faizi isə fəaliyyətdən əldə edilmiş vəsaitlər üzrədir.

Nəzarət tədbirləri əhatə edilən dövlət büdcəsi vəsaitinin 0,4 faizi 2014-cü ildə, 48,1 faizi 2015-ci ildə və 51,5 faizi 2016-cı ildə icra edilmiş xərclər üzrə olub.

Əvvəlki illərdən fərqli olaraq 2017-ci ilin birinci yarısında nəzarət fəaliyyəti ilə əhatə olunmuş vəsaitin dövlət büdcəsinin funksional bölmələri üzrə strukturu daha çox vəsaitin «İqtisadi fəaliyyət» bölməsi üzrə (24,8 faiz) əhatə olunduğunu göstərir.

Hesabat dövründə əhatə edilmiş vəsaitin 85,1 faizi dövlət büdcəsinin mərkəzləşdirilmiş, 14,9 faizi isə büdcənin yerli xərcləri üzrə olub.

Nəzarət tədbirlərinin əhatə etdiyi dövlət büdcəsi vəsaitlərinin 36,2 faizi mərkəzi icra hakimiyyəti orqanları və onların tabeli qurumları, 16 faizi ali təhsil və elm müəssisələri, 47,8 faizi isə digər dövlət qurumları tərəfindən icra edilib.

Hesabat dövründə nəticələri ilə bağlı qərar qəbul edilmiş tədbirlər üzrə müvafiq zəruri addımların atılması məqsədilə 24 quruma Kollegiya Qərarının surəti, 5 quruma isə Təqdimat göndərilib.

Hesablama Palatası tərəfindən əvvəlki illərdə başa çatdırılmış auditlərin və 2017-ci ilin altı ayı ərzində nəticələri ilə bağlı qərar qəbul edilmiş tədbirlərin nəticəsi olaraq ümumilikdə 4762,8 min manat, 13,4 min dollar məbləğində vəsaitin dövlət büdcəsinə, 122,6 min manat məbləğində vəsaitin isə büdcədənkənar dövlət fondunun büdcəsinə bərpası təmin edilib.

Nəzarət tədbirlərinin nəticəsi olaraq 39 vəzifəli şəxslə bağlı intizam-tənbeh tədbirinin tətbiq edildiyi barədə məlumatlar Hesablama Palatasına daxil olub.

 





11.07.2017    çap et  çap et