VAXT.AZ «Marja»ya istinadən bildirir ki, bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə (966 min 497 nəfər) 24 faiz artım olduğunu göstərir.
Bu ilin birinci yarısında ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya 374 min 491 nəfərlə (17 faiz artım) ilk yerdə qərar tutub. Sonrakı yerlərdə Gürcüstan (254 425 nəfər, 4 faiz artım), İran (180 103 nəfər, 89 faiz artım), Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (44 196 nəfər, 338 faiz artım), Ukrayna (27 342 nəfər, 14 faiz artım) və İraq (19 355 nəfər, 75 faiz artım) vətəndaşlarının xüsusi çəkisi daha çox olub. Bu dövrdə Türkiyə Respublikasından ölkəmizə 138 min 692 nəfər gəlmişdir ki, bu da ötən illə müqayisədə 7,6 faiz azalma deməkdir.
Qeyd etmək lazımdır ki, cari ildə Azərbaycana səfər edən ərəb ölkələrindən sayında böyük artım nəzərə çarpır. 2016-cı ilin ilk altı ayı ilə müqayisədə bu ilin ilk yarısında Omandan 16 dəfə, Küveytdən 8, Səudiyyə Ərəbistanından 6, Qətərdən 5, Mərakeşdən 5, BƏƏ-dən 4,4, Pakistandan 3,5, Əlcəzairdən 3,5, İordaniyadan 2,2, Türkmənistandan 2 və İraqdan təxminən 1,5 dəfə çox turist ölkəmizə gəlib.
Regionlar üzrə isə MDB ölkələri (12 faiz), Avropa İttifaqı ölkələri (13 faiz) İran Körfəzi və Yaxın Şərq ölkələri (117 faiz), Asiya ölkələri (64,4 faiz), Afrika ölkələri (72 faiz), Amerika və Avstraliyadan (22,8 faiz) ölkəmizə səfər edən xarici vətəndaşların sayında da artım baş verib.
«Müstəqillik dövründə, xüsusilə son on ildə ölkə həyatının bütün sahələri kimi, milli turizm sənayesinin də inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Paytaxtda və bölgələrdə yaradılan müasir infrastruktur - rahat yollar, brend hotellər, istirahət və əyləncə kompleksləri, sağlamlıq və spa mərkəzləri müxtəlif ölkələrdən turistlərin Azərbaycana səfər etməsinə vəsilə olmuşdur. Azərbaycanın əsrarəngiz təbiəti, zəngin mətbəxi, ən əsası isə ölkəmizdə mövcud olan daxili sabitlik, yüksək səviyyədə ev sahibliyi etdiyimiz forumlar, festivallar, idman yarışları, simpoziumlar da dünyanın fərqli guşələrindən insanları bu qonaqpərvər diyara cəlb edir»,- Nazirliyin məlumatında deyilir.