Bu barədə Tehran Apellyasiya Məhkəməsindən azərbaycanlı fəalın vəkili Məhəmmədrza Fəqihiyə məlumat verilib.
Güney Azərbaycan mənbələrinin vəkil Məhəmmədrza Fəqihiyə istinadən yaydığı məlumata görə, Siyamək Mirzayinin Apellyasiya Məhkəməsinin keçirilməsi iyulun 12-nə nəzərdə tutulub. Bildirilir ki, bu həftənin çərşənbə günündə keçiriləcək məhkəmə iclasında Siyamək Mirzayinin işinə (dosyesinə) yenidən baxılacaq, onun müvəqqəti azadlığa buraxılması qarşılığında təyin edilən mülki vəsiqə girovu məbləğinin azaldılması məsələsi araşdırılacaq.
«ETTELAAT» əməkdaşları, 36 yaşlı Siyamək Mirzayini, 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilə yaxın Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutublar. O, əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülüb. Tehran məhkəməsi, Siyamək Mirzayini ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və qanunsuz qurum yaratmaqda günahlandırılaraq onu 10 il həbsə və 2 il Cənubi Xorasan əyalətinin Təbəs şəhərinə sürgünə məhkum edib.
Xatırladaq ki, fəal, qanunsuz həbsinə, zindanda qeyri-müəyyən vəziyyətdə saxlanılmasına, Apellyasiya Məhkəməsinin ləngidilməsinə, dosyesinin təkmilləşdirilməsinə mane olan təhlükəsizlik qüvvələrinin işinə müdaxiləsinə və müvəqqəti azadlığa buraxılması qarşılığında təyin edilən mülki vəsiqə girovu məbləğinin ağırlığına etiraz olaraq iyunun 17-dən aclığa başlasa da, iyulun 4-də tələbləri yerinə yetirildikdən sonra aclığı dayandırıb.