Vaxt.Az

Naziri hədələdilər


 

Ekspert Ziya Məmmədova yazdığı məktubun mətnini yaydı

Naziri hədələdilər Hərbi-ekspert Üzeyir Cəfərov nəqliyyat naziri Ziya Məmmədova açıq məktub yazıb. Ekspert nazirlik işçilərinin onu təhqir etməsi ilə bağlı yazdığı məktubu öz facebook səhifəsində paylaşıb.
Məktubda deyilir: 
- Hörmətli Ziya müəllim! Əvvəla, salam. Bilirəm ki, vacib bir sahənin rəhbəri ilə görüşmək imkanları məhdud olduğuna, bəlkə də mümkün olmadığına görə Sizə məhz mətbuat vasitəsi ilə müraciət edirəm.
Ondan başlamaq istəyirəm ki, biz Sizinlə hələ keçmiş SSRİ zamanından - o vaxtkı Dəmir Yol Qoşunlarının Azərbaycan ərazisində xidmət etdikləri vaxtlardan tanışıq. Siz Azərbaycan Dəmir Yolunda sadə bir vəzifədə çalışırdınız və mən də cavan bir zabit kimi Ukraynadan Azərbaycana ezam edilmişdim. Hissəmiz Yevlax-Balakən dəmir yolunu inşa edirdi və bəzi məsələlərdən ötrü biz Sizinlə də görüşürdük. Bu hadisələr 1985-87-ci illərə təsadüf edir. O vaxtdan artıq xeyli müddət keçib və Siz indi müstəqil Azərbaycanın Nəqliyyat Nazirliyinə rəhbərlik edirsiniz. Bu illər ərzində şəxsi görüşlərimiz olmasa da, fəaliyyətiniz barəsində gündəlik mətbu orqanlardan kifayət qədər xəbərim var. Sizin tabeçiliyinizdə olan nəqliyyat müfəttişlərinin də xeyli sayda özbaşınalıq və qanunsuzluqları haqqında həm televiziya ekranlarından, həm də elektron və yazılı KİV-dən məlumatlar alırıq. Mən fikirləşməz və inanmazdım ki, Sizin kimi tanınmış bir şəxsin rəhbəri olduğu NN-də tam təsadüfi, heç bir mədəniyyəti və elementar insanlıq keyfiyyətləri olmayan xeyli sayda əməkdaşlar olsun. Amma buna şəxsən əmin oldum. Qısaca da olsa, o hadisəni Sizin nəzərinizə çatdırmaq istəyirəm.
Yanvarın 9-da saat 16 radələrində Nərimanov rayonu ərazisində, 5 saylı Xəstəxananın qarşısında çox xoşagəlməz bir olayla üzləşdim. Nəqliyyat Nazirliyinə məxsus 90 AR 169 «Daewoo Nexsia» avtomobilinin sürücüsü ən tərbiyəsiz bir şəkildə məni təhqir edib. Mən ondan özünü insan kimi aparmağı xahiş edəndə, heç olmasa Sizə və çoxdan tanıdığım müavininiz Musa Pənahova hörmət qoymağı deyəndə isə, bu tərbiyəsiz və əxlaqsız adam ən təhqiramiz formada, küçə sözləri ilə məni təhqir etdi. Elə həmən gün Nəqliyyat Nazirliyi Katibliyinin rəisi hörmətli Namiq Həsənov cənablarına bu olay ilə bağlı müraciət etdim. Mənə söz verildi ki, yanvarın 10-da bu hadisə ilə əlaqədar gün ərzində lazım olan ölçülər götürüləcək. Amma sonradan dəfələrlə mən Namiq Həsənovla əlaqə saxlamağa çalışsam da, nədənsə zənglərim cavabsız qalıb. 
Hörmətli Ziya müəllim! 
Məni tanıyanlar bilirlər ki, mən Qarabağ müharibəsini keçmiş və hətta ölümdən də qorxan adam olmamışam. Azdan-çoxdan mətbuatda tanınan adam kimi həm özümə, həm də ətrafımda olanlara hörmət etməyi həmişə özümə borc bilmişəm. Kimliyindən asılı olmayaraq həm qarşımdakı tanıdığım və tanımadığım insana hörmət etməyə çalışmışam və bu qaydanı onlardan da hər zaman gözləmişəm. Sizin əməkdaşlarınızın məni ağır formada təhqiri isə mənə neçə gündür rahatlıq vermir. Ona görə də Sizdən xahiş edirəm ki, bu məsələnin hərtərəfli araşdırılmasına göstəriş verəsiniz. Əks halda - 2 həftə ərzində müraciətimə qanunlar çərçivəsində baxılmayacağı təqdirdə, mən NN-in rəhbəri kimi Sizə qarşı məhkəmə iddiası qaldıracağam. 
İnanmaq istərdim ki, Siz bu məsələnin tezliklə həll edilməsi üçün lazımı addımları atacaqsınız. 
Əvvəlcədən təşəkkür edirəm.
 





15.01.2014    çap et  çap et