Yeri gəlmişkən, Kipr probleminin həlli ilə bağlı Cenevrədə tərəflərin və vasitəçi dövlətlərin iştirakı ilə keçirilən danışıqlar nəticəsiz başa çatsa da, problemli məsələlər hələ də gündəmdədir. Bu dəfə ada ətrafındakı enerji yataqları gərginliyə səbəb olub. «Reuters» agentliyi yazır ki, «Kiprin türk və yunan tərəflərinin birləşdirilməsi üçün uzun müddətdir aparılan danışıqlar iyulun 7-də böyük bir hiddət və fikir ixtilafı ilə iflasa uğrayıb. Türkiyənin baş naziri Binəli İldırım da ötən gün İstanbulda keçirilən enerji konfransında Kipr yunanlarını uğursuz nəticələnən danışıqların ardınca «birtərəfli tədbirlərdən» çəkinməyə çağırıb. «Reuters» İldırımın bu bəyanatını onun beynəlxalq aləmdə tanınan yunan Kipr hökumətinə Aralıq dənizindəki karbohidrogen yataqlarının təkbaşına inkişaf etdirilməsindən çəkinmək xəbərdarlığı kimi qiymətləndirib. B.İldırım deyib ki, adanın ətrafındakı karbohidrogen yataqları hər iki icmanın mülkiyyətidir. Elə həmin konfransda az sonra çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha sərt bəyanatlar verib. O, neft şirkətlərini Kipr yunanları ilə birtərəfli danışıqlara girməməyə çağırıb. Prezident deyib ki, beynəlxalq neft şirkətləri Kipr yunanlarının «məsuliyyətsizliyinin iştirakçısına» çevrilməməlidir. R.T.Ərdoğan əlavə edib ki, əks halda bu şirkətlər «Türkiyə kimi bir dostu itirə bilərlər». Kipr yunanları isə bildiriblər ki, adanın ərazi sularındakı karbohidrogen yataqlarının işlənməsi onların suveren haqqıdır. «Reuters» yazır ki, Kipr yunanları əksər qonşuları ilə dəniz sərhədi delimitasiyasını başa çatdırıblar. Kiprin yunan hissəsinin prezidenti Nikos Anastasiades deyib ki, Türkiyənin narazılığına baxmayaraq, qazma işlərinin başlanması ləngidilməyəcək. Kipr yataqlarının inkişaf etdirilməsi üçün lisenziyaları İtaliyanın «ENI», «ExxonMobil», Fransanın «Total», Koreyanın «KOGAS» şirkətləri əldə ediblər. Total-ın «West Capella» qazma gəmisi artıq Kipr istiqamətində hərəkətə başlayıb. İstanbul konfransında «Reuters»in sualına cavab verərkən Total şirkətinin inkişaf və hasilat üzrə prezidenti Arnaud Breuillaç deyib ki, bu məsələdən «heç bir narahatlığı yoxdur».