Hə, bir də Böyükağa Hacıyev kimi futbolu sözün hər mənasında OYUNa çevirənlər. Futbolçu kimi heç Azərbaycan çempionu olmayan, məşqçi kimi isə klub rəhbərlərinə «dədə» dediklərinin komandalarında – «Bakı» və «Neftçi»də hansısa yollarla 3 dəfə qızıl medal qazanan birindən danışırıq. Kişi kimi çıxıb Nazim Süleymanova müharibə elan etdi, qılıncının dalının da, qabağının da kəsdiyini göstərdi və istəyinə çatdı.
Vəziyyətimiz ağlamalıdı. Bilirsiz niyə? Azərbaycan futbolunu barmağına sarıyan bu şəxs Nazim bəyin istefası bəlli olduqdan, bütün ölkə mətbuatı bundan xəbərdar olandan sonra bilirsiz nə deyir? İroniyaya fikir verin: «De, sən öl Nazim Süleymanov istefa verib? Mənim bundan xəbərim yoxdu. Bu barədə heç kim mənə heç nə deməyib. Baş məşqçi postuna gəlməklə bağlı isə heç nə deyə bilmərəm. Klub prezidenti mənə heç nə deməyib. Amma səmimi deyirəm Nazim Süleymanovun gedişinə təəssüflənirəm (futbol11.az)».
Böyükağa bəy, indi siz sən öl vurun, and için ki, müşavir kimi hətta idarə etdiyiniz Sadıq Sadıqovun verdiyi bu qərardan xəbərsiz idiz. Bəlkə yalandan and da içərsiz, amma mən doğrusuna and içəcəm: özüm ölüm, siz Azərbaycan çempionatında hamıdan yaxşı şoumensiz, bizim futbolun cikini-bikini sizin qədər bilən ikinci adam yoxdu, Mehman Allahverdiyev vaxtilə «Kəpəz»i necə çempion edirdisə, siz də Avropa Liqasının qrup mərhələsinə elə yüksəlmisiz. Amma indi meydan sizindi, çapın atınızı – at sizin, cıdır sizin.
Belə xarakterlə Nazim Süleymanova Azərbaycan futbolunda yer yoxdu. Sanki Rusiya çempionu olan, Azərbaycan futbolunun simasına çevrilən, milli komandanın kapitani olan Böyükağa Hacıyev imiş. İş xatirinə «Neftçi»yə gələn, heç bir şərt diqtə edə bilməyən xaraktersizlərin aqibəti məhz belə olmalıydı. İnsanlığa, sakit dayanmağa, deməli, həm də sizə Azərbaycan futbolunda yer yoxdu. Meydan Böyüklərindi...