Həmçinin həyat və sağlamlıq üçün təhlükəli olan hərəkətləri nümayiş etdirməklə, onların təkrarlanmasına sövqetmə; uşaqlara aid olmayan əmtəənin reklamının onlar üçün nəzərdə tutulmuş kütləvi informasiya vasitələrində, teleradio proqramlarında (verilişlərində), audio və video materiallarda yerləşdirilməsinin qarşısı alınacaq. Uşaqlara ünvanlanan, yaxud onların iştirakı ilə yayımlanan reklamlarda uşaqların maraqlarına zərbə vuran ünsürlərdən istifadə olunması; uşaqların psixoloji gərginlik yarada biləcək vəziyyətlərdə göstərilməsi; alkoqollu içkilərdən istifadə olunması ilə bağlı uşaqlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) alkoqollu içkilərin reklamı ilə kəsilməsi qanunla qadağandır. Diqqət çəkən məqamlardan biri də dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, uşaqlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilməsinə olan qadağalardır. O cümlədən, uşaqlar üçün verilişlər «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq reklamla kəsilə bilməz, həmçinin uşaqlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilməməlidir.
Qanuna edilən əlavə və dəyişikliklər azyaşlılara münasibətdə, onlara qarşı nəzarətdə, ümumilikdə uşaqların psixoloji və fiziki tərbiyələrində bir sıra vacib amillərə diqqət yönəldir.
Beynəlxalq qanunvericiliyə uyğun
«Televiziya və radio yayımı haqqında» qanunun 35.6, «Reklam haqqında» Qanunun isə 20.6-cı maddələrinə görə, uşaq verilişləri reklamla kəsilə bilməz» deyən MTRŞ-nin monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirdi ki, bu yaxınlarda uşaq hüquqları haqqında qanun da yuxarıdakı qanunlara uyğunlaşdırılıb və bu barədə prezident sərəncam imzalayıb. Belə ki, qurum tərəfindən aparılan monitorinqlərdə bu məsələlər daim diqqət mərkəzində olub: «Əvvəlki illərdə uşaq verilişlərinin reklamla kəsilməsi halları yaşansa da, hazırda bu hallara rast gəlinmir». Şöbə müdirinin sözlərinə görə, əslində reklamla verilişlərin kəsilməsi ilə bağlı məhdudiyyət təkcə uşaq verilişləri ilə əlaqəli deyil. Qanunvericiliyə görə, xəbər proqramları, dini və uşaqlar üçün verilişlər, həmçinin 30 dəqiqədən az çəkən seriallar, əyləncəli proqramlar, siyasi verilişlər, sənədli filmlər reklamla kəsilə bilməz. Bu tip məsələlər beynəlxalq qanunvericilikdə də eyni qaydalarla tənzimlənir.
Reklamların zorən yerləşdirilməsi
Dərsliklərdə, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, uşaqlar üçün nəzərdə tutulmuş kitabda reklamın yerləşdirilməsinə tətbiq edilən qadağaya münasibət bildirən
«Altun» kitab nəşriyyatının direktoru Rafq İsmayılov deyir ki, dərs vəsaitlərində reklamın olmaması tələbi dünyanın bütün ölkələrində gözlənilir: «Dərslik böyük tirajla yayılır. Dərslik uşaqlarda hansısa intellektual biliklərin, milli-mənəvi dəyərlərin formalaşmasına xidmət edir. Belə bir kitabda hansısa reklamın yerləşdirilməsi yolverilməzdir. Artıq dərslikdə reklamın qadağası ilə bağlı təcrübə var». Naşir dərs vəsaitlərində reklamın ola biləcəyi ilə bağlı istisnalara da toxunur: «Tutaq ki, dərslikdə reklam haqqında danışırıq. Yəni Azərbaycan dili dərsində reklamın nə olduğunu uşaqlara izah etmək istəyirik. Biz bunu sloqonların əsasında öyrənirik. Belə olan halda, istər-istəməz hansısa uğurlu nümunələrə müraciət edirik. Tutaq ki, «Coca-cola»nın son yüz ildə olan sloqonlarını bir-bir nəzərdən keçiririk. İstər-istəməz burada «Coca-cola»nın adı çəkilir. Mən bu dərslikdə xüsusi isimlər haqqında danışanda təkcə adın dünya bazarında böyük qiyməti olduğunu izah edirdim. İstənilən bir qurum və ya insanın özü üçün adın öz əhəmiyyəti var. Bununla da «Coco-cola»nın və ya başqa şirkətlərin adını misal gətirirdim. Bu, pedaqoji ictimaiyyət tərəfindən kəskin qarşılandı və mən dərsliyin növbəti nəşrindən bu faktları çıxartmalı oldum. «Bunu elə etmək lazımdır ki, konkret obyekt göstərilməsin» fikri ilə özüm də razılaşdım. Hətta, reklam haqqında danışırıqsa, orada konkret qurumların adı çəkilməməli, dərslik müəllifinin özü reklam çağırışı ilə bağlı nələrsə fikirləşməlidir. Bu baxımdan, dərslikdə reklamın yerləşdirilməməsi fikri ilə birmənalı razıyam». Uşaq verilişlərinə gəlincə, naşir hesab edir ki, hər bir reklam çağırışı qərar qəbul etmək iqtidarında olan insana yönəlməlidir: «O çağırışdan sonra insan düşünməli, «bu doğurdan yaxşıdır və bunu ala bilərəm» qərarını verməlidir. Uşaqda isə o cür qərar qəbul etmək bacarığı hələ formalaşmayıb. Kimlərsə bu məqamdan istifadə edib uşaqlara təsir göstərə bilərlər. Uşaq verilişlərinə reklamların zorən yerləşdirilməsi düzgün deyil». R.İsmayılov digər tərəfdən, uşaq verilişlərində reklamların olmamasının mənfi tərəflərini də açıqlayır: «Hamımız bilirik ki, hər bir veriliş bir sponsora bağlıdır. Eyni zamanda, uşaq verilişlərinə də kütlə baxır. Həmin verilişə sponsorluq edən də o proqramın reklamının olmasını istəyər. Tutaq ki, mən yaş qrupları üzrə uşaq kitabları nəşr edirəm. İstərdim ki, məsələn, həmin verilişdə reklam olunum və bunun üçün müəyyən məbləğdə reklam haqqı ödəməyə də hazıram. Mənimlə yanaşı, bir başqası da öz malını həmin verilişdə reklam etdirə bilər. Reklam qadağasının son nəticədə mənfi tərəfi odur ki, uşaq verilişlərinə sponsorlar maraq göstərməyəcək və uşaq proqramları azalacaq. Əgər maliyyə yoxdursa, onların keyfiyyəti aşağı düşəcək». Naşirin fikrincə, uşaq verilişlərinin maliyyələşdirilməsi ilə bağlı da qərara ehtiyac var. Belə ki, dövlət məsələyə «əgər mən bunu bazar iqtisadiyyatının öhdəsinə buraxmıramsa özüm maliyyələşdirəcəyəm» prinsipi ilə yanaşmalıdır.
Reklamla böyüyən uşaq nəsli
Uşaqlara ünvanlanan, yaxud onların iştirakı ilə yayımlanan reklamlarda azyaşlıların maraqlarına zərbə vuran ünsürlərdən istifadə olunması, eləcə də uşaqların psixoloji gərginlik yarada biləcək vəziyyətlərdə göstərilməsi məsələləri isə psixoloqları çoxdan narahat edən məqamlardır. Həkim Psixoloq Təranə Kazımlı hər şeydən əvvəl yaş qruplarına görə uşaqların TV kanalları izləməsinə valideynlərin nəzarətini vacib sayır: «3 yaşına qədər uşaqlara psixoloji nöqteyi-nəzərdən televiziyaya baxmaq qadağandır. Uşaqlar 3 yaşından sonra gün ərzində 5-10 dəqiqəlik fasilələrlə TV-ni izləyə bilərlər. 5 yaşından sonra isə bu müddət 30 dəqiqəyə qədər artırıla bilər. Gün ərzində 2-3 dəfə olmaqla cizgi filmlərini, uşaq verilişlərini izləmək olar. Məktəb dövründə bu müddət 40-45 dəqiqə uzadıla bilər. Uşaqlar yaşlarına uyğun proqramlara xüsusi nəzarət altında baxmalıdırlar. Xarici kanallarda 7-12 yaş üzərində işarələr olur ki, həmin proqramlara valideynlər diqqət yetirməli, evlərində o yaş qrupunda uşaqlar varsa, onları proqramdan kənar tutmalıdırlar». Qanuna əlavə və dəyişikliyi məqsədəuyğun sayan həkim-psixoloq həmçinin uşaqlara həsr olunan verilişlərin reklamla kəsilməsini düzgün hesab etmir. Belə ki, bu uşaqlarda psixoloji baxımdan diqqəti yayındırır: «15-20 dəqiqəlik cizgi filminin bölünməsi düzgün deyil. Bu, uşaqlarda yersiz aqressiya yaradır, marağın itməsinə səbəb olur». T.Kazımlının fikrincə, efirdə reklamların gündüz və ya axşam saatlarına çəkilməsi məqsədəuyğun olar: «Günün müəyyən saatlarında alkoqollu içkilər və digər reklamlar olmamalıdır ki, uşaqlar bunların haqqında məlumat əldə etməsinlər. Uşaqlar psixoloji gərginliyə səbəb olan reklam və verilişlərdən uzaq tutulmalıdırlar. Ancaq bəzi valideynlər uşaqlarının dinc qalması üçün televiziya qarşısında oturmalarını çıxış yolu kimi görürlər. Hətta, reklamla böyüyən uşaq nəsli yetişir. Təkrar reklamlara baxılması isə uşaqlarda eyniliyə, artistik əlamətlərə və digər stereotiplərə səbəb ola bilər. Bu baxımdan, uşaqlar daha çox valideynlərin nəzarətində olmalıdırlar».
Heç şübhəsiz, «Uşaq hüquqları haqqında» qanuna edilən əlavə və dəyişikliklər böyüməkdə olan nəslin fiziki baxımdan sağlam olmasını və təlim-tərbiyə, o cümlədən mənəvi keyfiyyətlərinin yüksəldilməsi məsələlərini əsas tutur. Ümumilikdə isə uşaq hüquqlarının pozulmaması isə onlara yönəlik qanunların icrasından keçir.