Vaxt.Az
Müqavilədəki saxtakarlıq
Hər kəs bir-birini aldadır, Foqts açıqlamaları ilə AFFA-nı, AFFA isə bizi...
Növbəti 2 il müddətinə Azərbaycan yığmasının baş məşqçisi təyin edilən Berti Foqts 1 ay keçməmiş yenidən maraqlı açıqlamalar verib. Alman mütəxəssis mətbuata verdiyi müsahibədə «Azərbaycan yığmasını AÇ-2016-ya çıxaracağıma söz verməmişəm» deyib. Maraqlıdı, əgər Foqts bu sözü verməyibsə, onda hay-küylə iclas keçirən İcraiyyə Komitəsi (İK) hansı şərtlərlə baş məşqçi seçib?Foqtsun Antalyada olduğunu nəzərə alıb, sualımıza cavab öyrənmək üçün ilk olaraq AFFA-nın İctiamiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. Söhbət zamanı AFFA rəsmisi «Foqts gələr, özündən soruşarsız» cavabını verdi. Əgər qurumun ictimaiyyətlə əlaqə yaradan şəxsi bu cavabı verirsə, onda digərlərindən nə gözləmək olar?
Nərimanoğlunun məsləhətindən fərqli bir cavab eşitmək üçün İK-nın üzvü Mirkamil Rəhimovla əlaqə saxladıq. Onun cavabından belə anladıq ki, komitə üzvlərinin heç nədən xəbəri yoxdu. Foqtsu deyəsən, bunlar seçməyib.
Çünki komitə üzvünün diqqətinə Bertinin söylədiklərini çatdırdıqdan sonra yalnız bu cavabı eşitdik - daha doğrusu sualı: «nə münasibət bildirməliyəm». Görünən kəndə bələdçi lazım deyil. Foqtsla müqavilə müddəti uzadıldı və hamı məsuliyyət yükünü üstündən atmağa çalışır, heç kəs bu məsuliyyətin altına girmək istəmir.
Başqa bir məsələ də var. 67 yaşlı mütəxəssis Azərbaycanda 3 həftə qalması ilə bağlı məsələdən agah olmadığını söyləyib. Bəs o boyda iclas nə üçün keçirildi? Bəs bir otağa o qədər camaat niyə yığılmışdı?
Nərimanoğlu bu məsələnin müqavilədə yer aldığını bildirib. Onun sözlərinə görə qərar verilib və həmin şərtlər kağız üzərində yazılıb, amma Foqtsa şifahi şəkildə çatdırılmayıb. Axı alman da həmin iclas otağında əyləşmişdi, məgər bu şərtlər qoyulanda qulaqlarını tutmuşdu?
Tutaq ki, Foqts bu iclasdan vaxtından əvvəl ayrılıb və deyilənlərdən xəbəri olmayıb. Amma onun müqaviləyə oxumamış qol çəkməsinə ölsəm də inanmaram.
Yenidən qayıdaq Mirkamil Rəhimovun dediklərinə. İK-nın ötən il dekabrın 18-dəki iclasından sonra məhz Rəhimov AFFA-nın inzibati binasının qarşısında jurnalistlərə bu cür açıqlama vermişdi: «Foqtsla iki illik müqavilənin imzalanmasına qərar verildi. İK-nın bütün üzvləri yekdilliklə almaniyalı mütəxəssisin qalmasına səs verdi. Sadəcə, qarşısına müəyyən şərtlər qoyulub. Belə ki, o, bundan sonra ay ərzində 2 yox, 3 həftə Azərbaycanda olacaq. Üstəlik, Foqts Premyer Liqamızın oyunlarını daha çox izləyəcək».
İndi isə İK üzvü təxminən 1 ay bundan əvvəl söylədiklərini təkrarlamadı. Bunun səbəbini bir özü bilir, bir də Allahı. Bu gün isə Rəhimov nə eşitmək istədiyimizi soruşdu: «İndi məndən nə eşitmək istəyirsiniz? O söhbət olub, yəni qərar qəbul edilib. Orada da İcraiyyə Komitəsinin baş katibi var. Həmin baş katib baş məşqçiyə qərarı çatdırmalı idi».
Deməli, baş məşqçiyə şərtləri çatdırmalı olan şəxs də öz işini görmür. Tam əminliklə demək olar ki, Foqts həmin otağa yalnız şəkil çəkdirmək üçün təşrif buyurub və heç bir müzakirəyə qoşulmayıb. Çünki onun iclsdakı şəklini hər kəs görüb. Heç kim öz işini icra etməyib, Foqts gəlib, bir az dərdləşib, sonda isə alman müqaviləyə şərtlərlə tanış olmadan qol çəkib. Sən demə Foqts hər dəfə gülümsəsə də, Azərbaycanda məcbur saxlanılır. Ya da heç bir AFFA rəsmisi Foqtsun yığmaya hansı şərtlər əsasında yenidən baş məşqçi təyin edilməsini bilmir. Deməli, hər kəs bir-birini aldadır. Foqts açıqlamaları ilə AFFA-nı, AFFA isə bizi...
15.01.2014 çap et