Xəbər verildiyinə görə, ötən həftə Donald Trampla Rusiya prezidenti Putinin görüşü ərəfəsində Rusiyanın sərhəd qoşunları Rusiya sərhəd nişanlarını işğal edilmiş Cənubi Osetiyanın ərazilərinə doğru keçiriblər.
Gürcüstanın Milli Təhlükəsizlik Agentliyi bildirib ki, bu hərəkət qanunsuzdur və onun nəticəsində Qori bələdiyyəsindəki fermerlər ziyana düşüblər.
Agentliyin bəyanatında deyilir ki, bu, «sərhədləşdirmə» deyilən qanunsuz prosesin davam etdirilməsidir və nəinki yerli sakinlərin təməl haqlarını pozur, üstəlik bölgədəki təhlükəsizlik vəziyyəti üçün hədə yaradır.
Gürcüstan prezidenti Giorgi Marqelaşvili bu hərəkətdən hiddətləndiyini bildirib və beynəlxalq birliyi bu hadisəni pisləməyə çağırıb.
O deyib ki, Gürcüstan bu qanunsuzluğa son qoyulması üçün imkanındakı bütün diplomatik vasitələrdən istifadə edəcək.
Gürcüstanın barışıq və vətəndaş bərabərliyi naziri Ketevan Tsixelaşvili deyib ki, bu hərəkəti öz adı ilə, yəni «açıq və dinamik işğal prosesi» adlandırmaq lazımdır.
Nazir bildirib ki, əslində Moskva eyni hərəkəti 2008-ci il Gürcüstan-Rusiya müharibəsindən bəri davam etdirir.
Tsixelaşvili deyib ki, «biz Gürcüstan ərazisinin hər cür hasarlardan, lövhələrdən və tikanlı məftillərdən təmizlənməsi üçün əlimizdən gələni edirik».
Nazir əlavə edib ki, Rusiyanın bu hərəkəti bir çox Gürcüstan fermerlərinin öz sahələrinə girişini mümkünüz edib.
ABŞ-ın NATO-dakı keçmiş nümayəndəsi Kurt Volker Qərbi, Moskvanın təcavüzünü dayandırmağa çağırıb.
O BBC 4 radiosuna deyib ki, Rusiya hazırda zəif vəziyyətdədir, lakin bu zəifliyində də təcavüzünü dayandırmır.
Volkerin qənaətinə görə, buna əsas səbəb Qərbin sükut etməsidir.
1991-ci ildə Sovet İttifaqı dağılarkən Gürcüstanın şimalında ona məxsus Cənubi Osetiya Tiflisdən müstəqil olduğunu elan etmişdi. Bunun ardınca Gürcüstanın şimalında separatçı müharibə başlanmışdı. 2008-ci ildə Rusiya Cənubi Osetiya xalqının müdafiəsi bəhanəsilə bu əraziyə öz qoşununu yeritdi.
O vaxt ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənən Gürcüstan bəyan etmişdi ki, Rusiyanın əməliyyatı əslində açıq-açkar işğal aktı olub.
Gürcüstanla qısa müharibədən sonra Rusiya Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Rusiyadan başqa bu diplomatik addımı atan bir neçə kiçik ölkələr olub.
Rusiyanın tənqidçiləri deyirlər ki, onun Cənubi Osetiayada törətdiyi müharibə, əslində 2014-cü ilin martında Ukraynanın Krım yarımadasının işğal edilməsi üçün hazırlıq məşqi idi.