Vaxt.Az

«ETTELAAT-ın əlindədir»


 

Güneyli fəalın həyat yoldaşı: «Bir ildən çoxdur ki qeyri-müəyyən bir vəziyyətdə qaldığı üçün görə aclıq edir...»

«ETTELAAT-ın əlindədir» Bir aydır Təbriz həbsxanasında aclıq aksiyası keçirən Həbib Sasaniyanın həyat yoldaşı onun mədə qanaxması, böyrək ağrısı, qıcolma və bayğınlıq kimi sağlıq problemləri yaşadığını bildirir. Ərdəbildən «Amerikanın Səsi»nə danışan Fərəhnaz Fəkurun sözlərinə görə, həyat yoldaşı aclıq aksiyası başladaraq bir ildən artıqdır mühakimə olunmadan qanunsuz şəkildə həbsdə saxlanılmasına etiraz edir.

Həbib Sasaniyan və 2016-cı ilin may ayında onunla bərabər nəzarət altına alınan İsmayıl Əfxəmi, Həmid Səqəfi, Mehdi Cavadzadə, Yunus Rəhimi və Babək Avənd casusluq ittihami ilə üzləşiblər.

Digər beş fəal nəzarət altına alındıqdan bir müddət sonra müvəqqəti şəkildə sərbəst buraxılıblar. Lakin Həbib Sasaniyan mühakimə edilmədən uzun müddət nəzarətdə saxlanılıb.

Fərəhnaz Fəkur deyir: «Həyat yoldaşım bir ildən çoxdur ki qeyri-müəyyən bir vəziyyətdə qalıb və buna görə aclıq edir... İndi də sağlıq vəziyyəti çox pisdir. Böyrəkləri ağrıyır. Mədə qanaxması var».

O, həmçinin qıcolma, yüksək qan təzyiqi və bayğınlıq hallarının da baş verdiyini bildirir.

«Aclıq aksiyasından bir neçə ay əvvəl xəstəxanaya yatırılmışdı. Vəziyyəti yaxşı deyildi. Təzyiqi yuxarı idi və gündə bihuş olurdu. İndi də ki aclıq aksiyasındadır və vəziyyəti heç yaxşı deyil», xanım Fəkur əlavə edir.

Həbib Sasaniyan daha öncə də aclıq aksiyası keçirib, amma məsulların onu zəmanət qarşılığında sərbəst buraxacaları vədi ilə aksiyaya son verib.

Fərəhnaz Fəkurun dediklərinə görə, «üç ay əvvəl də aclıq aksiyası başlatmışdı. Mən məhkəməyə getdim və danışdım ki, siz zəmanətlə buraxın ki özünü müalicə etsin. Qəbul etdilər və mən də xahiş etdim ki aclığı dayandırsın. Sonra bir milyard tümən (təqribən 30 min dollar) zəmanət tələb etdilər ki təmin edə bilmədik. Yenə orada qaldı. İndi ki vəziyyət belə olub aclığı dayandırmağı qəbul etmir. Məndən də xahiş edib ki ondan bunu istəməyim».

Onun dediklərinə görə, «məhkəmə Həbib Sasaniyanın tələbini qəbul etmir, çünki onun dosyesi məhkəmənin əlində deyil. Ettelaatın əlindədir. Ettelaatdan məhkəməyə əmr gəlir ki bu iş tamamlanmasın. Elə belə davam etsin... Nə hökm verirlər nə də sərbəst buraxırlar. Vəziyyəti qeyri-müəyyəndir».

İyun ayında türk fəallar Həbib Sasaniyana dəstək üçün «Twitter fırtınası» kampaniyası təşkil etmişdilər. 16 iyunun gecə saatlarında həyata keçirilən onlayn kampaniyada İran Azərbaycanından əlavə, Türkiyə və Azərbaycan Respublikası istifadəçiləri, eləcə də digər qeyri-fars cəmiyyətlərə mənsub istifadəçilər #SaveSasanian haştağı ilə siyasi məhbusa dəstək ifadə etmişdilər.

 





13.07.2017    çap et  çap et