Vaxt.Az

Altunyan Alxanlıda


 

Moskvadan gələn erməni qadın Zəhranın və nənəsinin məzarını ziyarət etdi

Altunyan Alxanlıda «Ermənistan-Azərbaycan Sülh Platformasına» qoşulan Oksana Altunyan 30 il sonra Azərbaycana səfər edib.

Xatırladaq ki, Oksana Altunyan Bakıda anadan olub və 1987-ci ilə qədər Bakıda yaşayıb, daha sonra ailə vəziyyəti ilə əlaqədar Moskvaya köçüb, lakin Dağlıq Qarabağ ətrafında Azərbaycanla Ermənistan arasında mövcud olan münaqişə səbəbindən vətəninə qayıda bilməyib.

Azərbaycana səfərinin ilk günü Oksana Altunyan Fəxri Xiyabana gələrək, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib. Daha sonra o, şəxsiyyətinin formalaşmasında rolu olan dahi sənətçilər Müslüm Maqomayev və Rəşid Behbudovun da məzarlarını ziyarət edib.

Bundan sonra Oksana Altunyan şəhəri gəzərək, yaşadığı məhəlləyə, bitirdiyi məktəbə gedib və orda köhnə qonşuları ilə səmimi söhbət edərək öz xatirələrini bölüşüb. O, Bakıda erməni və azərbaycanlılar arasında münaqişənin yarandığı zaman öz ailə üzvlərinin qonşuları tərəfindən necə xilas edildiyindən bəhs edib. Oksana Altunyan qeyd edib ki, siyasətdən uzaq olan, münaqişədən zərər çəkmiş insanların doğma vətənlərinə qayıtması çox vacib və zəruridir.

Növbəti gün «Ermənistan-Azərbaycan Sülh Platforması»nın üzvləri Oksana Altunyan və Dilarə Əfəndiyeva, o cümlədən Sülh Platformasının həmkoordinatoru Orxan Nəbiyev Füzuli rayonunun Alxanlı kəndinə səfər edərək, minaatan və ağır artilleriya atəşi nəticəsində həyatını itirmiş 2 yaşlı Zəhra Quliyevanın və onun nənəsi Sahibə Quliyevanın məzarını ziyarət ediblər.

Platformanın mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, Oksana Altunyan onların yaxınlarına və həmkəndlilərinə başsağlığı verərək mülki vətəndaşlara qarşı aqressiyanı pislədiyini bildirib.

Oksana sülh və mehriban qonşuluğun bərpası üçün iki xalqın ziyalılarını öz səylərini birləşdirməyə çağırıb: «Biz cəbhədə bu vəhşiliyə son qoymalıyıq. Sadə xalqın nümayəndəsi kimi mən də azərbaycanlılar və ermənilər arasında sülhün bərqərar olmasını istəyirəm. Bunun üçün də hər iki ölkənin rəhbərliyi dərhal hərbi əməliyyatları dayandırmalı və danışıqlar masasına oturmalıdır».

 





13.07.2017    çap et  çap et