Azərbaycanda da belə bir qadağanın qoyulmasını çox vacib sayan Musa Quliyev bildirib ki, bu gün ölkədə 70-80 faiz halda süd məhsullarının üzərində onun quru, yaxud təbii süddən hazırlanması barədə məlumat qeyd edilmir.
Azərbaycanda süd məhsullarının – pendir, süzmə, şor, kəsmik və sair məhsulların keyfiyyətinin xeyli aşağı olduğunu deyən deputat hesab edir ki, qanunvericilikdə bu məsələyə baxılmalıdır: «Prezidentin sərəncamı ilə Nazirlər Kabinetinə Qida Təhlükəsizliyi Agentliyinin yaradılması barədə göstəriş verilib. Hesab edirəm ki, bizdə də bu məsələyə baxılmalı və təbii süddən hazırlanan məhsullarla quru süddən hazırlanan məhsulların arasında ciddi fərq qoyulmalıdır. Məhsulların üzərində mütləq yazılmalıdır ki, o, quru, yaxud təbii süddən hazırlanıb».
M.Quliyev deyib ki, məhsulun üzərində onun nədən hazırlanması ilə bağlı məlumat görünən yerdə və asanlıqla oxuna biləcək şəkildə yazılmalıdır.
Deputatın sözlərinə görə, belə bir dəyişiklik olarsa, quru və təbii süddən hazırlanmış məhsulların qiymətlərində və keyfiyyətlərində fərqlər olacaq.
O əlavə edib ki, qanunvericiliyə belə bir dəyişikliyin edilməsi istehlakçının hüquqlarının qorunmasında çox ciddi addım ola bilər: «Quru süddən hazırlanmış məhsulla təbii süddən hazırlanmış məhsulun keyfiyyəti fərqli olur. Təbii süddən hazırlanan məhsulun tərkibində canlı bakteriyalar var. Onlar 1, uzağı 2 həftəyə xarab olur, hazırlanan kimi də istehlaka getməlidir. Quru süddən hazırlanan məhsul isə demək olar ki, ölü məhsuldur. Belə süd məhsullarına istifadə müddətini 6 ay, 1 il qoyurlar. Təbii ki, belə məhsullar o qədər keyfiyyətli də deyil. Amma buna baxmayaraq, belə məhsullar təbii süddən hazırlanan məhsul adı ilə satılır. Müştərilər müəyyənləşdirə bilmirlər ki, bu, təbii, yoxsa quru süddən hazırlanıb? Quru südü ölkəyə çox ucuz qiymətə gətirib, burada onu təbii süd kimi məhsul hazırlayıb satırlar. Bunun da nəticəsində heyvandarlıq qeyri-rentabellli bir sahəyə çevrilib. Məhsul çeşidlənərsə, onun üzərində nədən hazırlandığı qeyd edilərsə, bu, həm müştəri məmnuniyyətinə xidmət edər, həm də təbii süd istehsalının artması üçün bir stimul ola bilər».
Quru südün insan orqanizminə hansısa fəsadları varmı, onu təbii süddən fərqləndirən nələrdir? Bu kimi sualların cavablarını öyrənməyə çalışdıq.
Azərbaycan Tibb Universitetinin Qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov quru süd məhsullarının qadağan edilməsini düzgün hesab etmədiyini deyir: «Çünki insanları kifayət qədər təbii südlə təmin etmək imkanı yoxdur. Quru süd bərpa olunur, ona su qatılır, pasterizə olunub adi süd kimi istifadə edilir. Bu zaman itki az olur. Əgər təbii südlə əhalini təmin etmək imkanı varsa, o zaman qadağa qoyulsun. Hazırda bəziləri quru südü pasterizə edib təbii süd adı ilə insanlara təqdim edir. Bu isə düzgün deyil. Düşünürəm ki, bu sahədə işlərin görülməsi daha yaxşı olardı. Südün müxtəlif konservləşdirmək üsulları var. Südün suyunu ayırırlar, 4 faizə yaxın suyu qalır və beləcə xarab olmur. Nə zaman da lazım olarsa, müvafiq olaraq su qatılır pasterizə olunaraq qablaşdırılır. Aydın məsələdir ki, onun tərkibində olan üzvi turşularda, fermentlərdə itki olur. Çünki emal olunmuş əksər qidalarda bu hal baş verir».
İbrahim Əhmədov quru südün insan orqanizmi üçün heç bir ziyanının olmadığını bildirir: «Sadəcə, müəyyən mənada tərkibindəki komponentlərdə itki baş verir. Hətta təbii südü belə heyvandan aldıqdan sonra qaynadan zaman dəyişikliklər olur. Quru süd olmasa, bütün dünyanı təbii südlə təmin etmək olmaz. Elə yerlər var ki, təbii süd istehsalı azdı, elə yerlər də var ki, uzaq məsafədə olur və südünü aparıb satana qədər yolda xarab olur. Ona görə də qadağa qoymamışdan əvvəl düşünmək lazımdır ki, əhalini təbii südlə təmin etmək mümkün olacaq ya yox».
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bu təklifi müsbət qiymətləndirdiyini dedi: «Cənab prezident bu ilin fevral ayında Qida Təhlükəsizlik Agentliyinin yaradılması ilə bağlı fərman imzaladı. Həmin agentlik bu kimi məsələlərə baxır. Quru südün tərkibində baytarlıq dərmanın qalıqları, yəni antibiotiklər olur. Ondan da qida hazırlayanda həmin antibiotiklər insanın orqanizminə daxil olur. Mən düşünürəm ki, buna qadağa qoyularsa, çox yaxşı olar. Üstəlik, quru süddən hazırlanmış məhsulların təbii süddən hazırlanmış kimi reklam olunmasına da qadağa qoyulması müsbət hal olar. Düşünürəm ki, bu kimi hallara son qoyulmalıdır. Çünki bu, istehlakçının aldadılması deməkdir. Quru süd ilə təbii süd rəqabətdədir. Quru süd təbii süd istehsalını, fermer təsərrüfatlarını çökdürür. Ona görə düşünürəm ki, dövlət quru süd idxalına yüksək vergilər qoymalıdır ki, maya dəyəri yuxarı olsun və ondan istifadə edən az olsun. Qanunla onun istifadəsini qadağan etmək düzgün deyil. Sadəcə olaraq, malın üzərində yazılmalıdır ki, bu məhsul quru süddən hazırlanıb. Bu zaman istehlakçı düzgün seçim etmiş olar və aldadılmaz».
Milli Kulinariya Mərkəzinin baş direktor müavini Ceyran Əsgərova deyir ki, quru südə əlavə olunan adi su artıq onun tərkibini dəyişir. «Yəni biri var heyvandan alınan südün tərkibindəki su, bir də var sonradan bizim ona əlavə etdiyimiz xlorlu, borudan gələn su. Bu zaman südün tərkibindəki vitaminlərin yarısı itkiyə gedir. Digər tərəfdən də, son zamanlar istehsal olunan quru süd məhsulları heç təbii süddən alınmır. Başqa modefikasiya olunmuş məhsullar var ki, onlardan alınır. Ona görə də ondan istifadə düzgün deyil. Qeyri-təbii yolla alınan südün müəyyən fəsadları olur. Orqanizmə yad olan, başqa digər kimyəvi maddələr qəbul edilir, mədə bağırsaq sistemində problem olur. Bu, xüsusilə də uşaqların orqanizminə mənfi təsir göstərir. Quru südü süd hesab etmək olmaz. Ondan yalnız qənnadı istehsalında istifadə edilə bilər. Onu süd məhsulu kimi istifadə etmək doğru deyil».