Vaxt.Az

Mərkəzdən qaçma zərbə


 

Əhaliyə verilən kredit şərtlərinin ağırlaşdırılması nəinki əhaliyə, hətta banklara da ziyan vuracaq

Mərkəzdən qaçma zərbə Azərbaycanın Mərkəzi Bankı ölkənin kommersiya banklarına iş yerindən arayış təqdim etmədən vətəndaşlara nağd pul kredit verilməsini, eləcə də kredit xəttinin açılmasını qadağan edib. Qadağaya səbəb kimi, problemli kreditlərin məbləğinin sürətlə artması göstərilir. Bundan başqa, avtomobillərin kreditlə satışına da məhdudiyyət qoyulduğu bildirilir. Bank mütəxəssisləri deyir ki, son illər salonlardan kreditlə götürülən avtomobillərə görə ödənişlərdə ciddi problemlər yaranıb, buna görə də Mərkəzi Bank avtomobillərin əsasən nağd şəkildə satılmasını, yaxud lizinq yolu ilə əldə edilməsini stimullaşdırmaq qərarına gəlib.
Nəzərə alsaq ki, bu gün bankların yarıdan çoxu işlərini istehlak krediti üzərində qurub, belə bir addımın atılması bank sektoruna ağır zərbə olacaq. 
Modern.az məsələni iqtisadçılarla müzakirə edib. Bank sektoru üzrə ekspert Samir Əliyev hesab edir ki, müəyyən vaxtdan sonra banklarla bağlı atılan bu addımda yumşaltmalar olacaq. Onun sözlərinə görə, əks halda arzuolunmaz hallar baş verə bilər:
«Mərkəzi Bank digər bankların iş fəaliyyətini tənzimləyən qurumdur. O, normativ aktlar qəbul edir, interaktiv əmrlər və metodik göstərişlər və tövsiyələr verir. Təbii ki, bu məsələ gözlənilən idi. Heç kimə sirr deyil ki, Azərbaycanda ipoteka kreditlərinin payı getdikcə artırdı. Bu da ölkə iqtisadiyyatını narahat etməyə bilməzdi. Çünki kreditləşmə ölkə iqtisadiyyatını inkişaf etdirən bir vəsaitdir. İstehlak kreditlərinin artması Azərbaycan kimi ölkələrdə heç də biznesi stimullaşdırmır. Məsələn, Amerika, Almaniya, Fransada istehlak kreditini götürənlər onu istehsala yönəldir. Bu ölkələrdə həmin krediti götürüb yaşadığı ölkənin istehsal etdiyi maşını və ya tamam başqa bir məhsulu alırlar. Baxmayaraq ki, bu kreditin adı istehlakdır onlar istehsalı stimullaşdırırlar. Amma Azərbaycanda vəziyyət başqa cürdür. Azərbaycanda istehlak krediti götürən şəxs heç vaxt Azərbaycan istehsalı olan ya kompüter, ya da maşını almır. Azərbaycanda istehlak krediti bir neçə xarici şirkəti stimullaşdırır. Çünki yerli məhsulların istehsalı demək olar ki, yoxdur, ikincisi isə rəqabətə davamlı deyil. Odur ki, bizdə istehlak kreditlərinin artması ölkə iqtisadiyyatı üçün ciddi problemlər yaradırdı.
Ona görə də Mərkəzi Bank bu addımı atmalı oldu».
Azərbaycanda kredit faizlərinin yüksək olduğunu və şərtlərin ağır olduğunu deyən iqtisadçının sözlərinə görə, bu addımdan sonra kreditlərin verilməsi şərtləri daha da sərtləşdiriləcək: «Kreditləşmələrdə son aylarda müəyyən yumşalma hiss olunurdu. Amma Mərkəzi Bankın kreditlərlə bağlı atdığı bu addımdan sonra yəqin ki, şərtlər daha da sərtləşdiriləcək. Hesab edirəm ki, Mərkəzi Bankın kommersiya banklarına iş yerindən arayış təqdim etmədən vətəndaşlara nağd pul kredit verilməsini, eləcə də kredit xəttinin açılmasını qadağası ümumilikdə kredit faizlərinin yüksəlməsinə səbəb olacaq. Qadağa bank sektoruna, xüsusilə də istehlak kreditləri üzrə ixtisaslaşmış banklara zərbə olacaq. İnanmıram ki, bu addımın atılması biznes kreditini stimullaşdırsın. Çünki bizdə iqtisadiyyatda risk o qədər yüksəkdir ki, biznesə yönəldilən vəsaitlərin geri qayıtma ehtimalı aşağıdır. Bu səbəbdən də banklar əsas gücü istehlak kreditlərinə yönəltmişdilər».
Samir Əliyev avtomobillərin kreditlə satışına da məhdudiyyət qoyulması ilə bağlı bəndi isə müsbət dəyərləndirir. Onun fikrincə, Mərkəzi Bankın bu qadağası son illər hökumətin tıxaclarla mübarizəsini bir üsuludur. İqtisadçının sözlərinə görə,
avtomobillərin kreditlə satışına da məhdudiyyət qoyulması hər bir halda bank sektoru üçün müsbət addımdır: «Amma ölkə iqtisadiyyatı üçün arzuolunmaz haldır. Hesab edirəm ki, kreditlərə məhdudiyyət qoyulması köhnə avtomobil satışına zərbə vuracaq. Düşünürəm ki, bu addım müvəqqəti xarakter daşıyır və müəyyən vaxtdan sonra qadağalara yumşaltmalar olacaq. Əks halda, iqtisadiyyatda arzuolunmaz hallar baş verə bilər».
 





16.01.2014    çap et  çap et