Vaxt.Az

«... Əsasən dizeldən istifadə olunur»


 

Tarif Şurası: «Benzinin bahalaşması kənd təsərrüfatı məhsullarının qiymətinə təsir etməyəcək»

«... Əsasən dizeldən istifadə olunur» Azərbaycanda Aİ-92 markalı benzinin bahalaşması ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının qiymətinə təsir etməyəcək. VAXT.AZ «Trend»ə istinadən xəbər verir ki, bunu şənbə günü AzTV telekanalının efirində Tarif Şurasının katibi İlkin Məcidov bildirib.

Onun sözlərinə görə, aqrar texnikanın işində dizel yanacağı istifadı edildiyindən, Aİ-92 markalı benzinin bahalaşması bu sahəyə təsir etməyəcək.

«Aİ-92 markalı benzindən kənd təsərrüfatı məhsullarının istehsalında istifadə olunmur, çünki texnika dizel yanacağı ilə işləyir. Buna görə də, bu markalı benzinin bahalaşması kənd təsərrüfatı məhsullarının istehsalına və onların qiymətlərinə heç cür təsir etməməlidir», - Məcidov qeyd edib.

Tarif Şurasının katibinin fikrincə, qiymətlərin dəyişməsi sərnişin və yük daşımalarına da təsir etməyəcək.

«İctimai nəqliyyatda, ələlxüsus, avtobuslarla sərnişindaşımada, eyni zamanda, dəniz nəqliyyatı ilə sərnişin və yük daşımalarında daha çox dizel yanacağından istifadə olunur, bir sıra avtobuslar isə maye qazla işləyir. Eyni sözləri hava nəqliyyatı barədə demək olar – təyyarələr Aİ-92 benzinindən deyil, reaktiv yanacaqdan istifadə edirlər. Göründüyü kimi, tarif dəyişikliyi sərnişin və yük daşımalarına təsir etməyəcək, çünki dizel yanacağına, aviabenzinə, maye qaza və sıxlaşdırılmış qaza şamil edilməyib», - Məcidov bildirib.

Xatırladaq ki, Tarif Şurasının qərarı ilə Aİ-92 markalı benzinin pərakəndə satış qiyməti 20 qəpik artırılıb. Şuranın qərarına əsasən, iyulun 15-dən Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 90 qəpikdir.

 





16.07.2017    çap et  çap et