Vaxt.Az

Hava-su kimi qərar


 

İlham Əliyev kəndlilərin xeyrinə sərəncam verdi

Hava-su kimi qərar Azərbaycan prezidenti İlham Əliyev «Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında» sərəncam imzalayıb.
AzərTAc xəbər verir ki, sərəncama əsasən, «2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nın icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsulları ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması və ərzaq bazarının səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinə aqrar siyasətin əsas prinsiplərini, kənd təsərrüfatının inkişafında strateji hədəfləri və prioritet istiqamətləri özündə əks etdirən «Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası»nın layihəsini, kənd təsərrüfatında kooperasiyanın inkişaf etdirilməsinə dair təkliflərini üç ay müddətində, Kənd Təsərrüfatı Nazirliyinin strukturunun təkmilləşdirilməsinə, o cümlədən onun yerli bölmələrinin təşkilinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.
Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının daha səmərəli təşkili, onların fəaliyyətinə normal şəraitin yaradılması, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılması, yarmarkalarda sui-istifadə hallarının aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməli, kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə şəhərlərdə və rayon mərkəzlərində yarmarkaların təşkilini təmin etməli, İqtisadiyyat və Sənaye Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə baytarlıq-sanitariya və sanitariya-epidemioloji tələblərə uyğun ət kəsimi və satışı mərkəzlərinin yaradılması üçün tədbirlər görməli, Səhiyyə Nazirliyi ilə birlikdə baytarlıq-sanitariya və sanitariya-epidemioloji tələblərə cavab verməyən yerlərdə ət kəsiminin qarşısının alınmasını təmin etməli, fermerlərə informasiya-məsləhət xidmətinin səmərəli təşkili sahəsində müvafiq tədbirlər görüb, qaynar xəttin yaradılmasını təmin etməli və görülən işlər barədə iki ay müddətində Azərbaycan prezidentinə məlumat verməlidir.
İqtisadiyyat və Sənaye Nazirliyinə Dövlət Gömrük Komitəsi ilə birlikdə kənd təsərrüfatı və ərzaq məhsulları ixracının artırılmasına və bu sahədə prosedurların sadələşdirilməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək, Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə kənd təsərrüfatı məhsullarının tədarükü və emalı ilə bağlı vəziyyəti təhlil etmək, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması üçün tədbirlər görsün və nəticəsi barədə iki ay müddətində Azərbaycan prezidentinə məlumat vermək, özəl tədarük-satış bazalarının, ticarət (treyder) şirkətlərinin, logistik mərkəzlərin, qablaşdırma və tara təsərrüfatının, kənd təsərrüfatı və ərzaq məhsullarının daşınmasına xidmət edən xüsusi nəqliyyat vasitələri, o cümlədən avtorefrijerator parkının yaradılmasının dövlət tərəfindən dəstəklənməsi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək, Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Bakı şəhərinin rayonlarında və iri şəhərlərdə daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış «fermer mağazaları» və «yaşıl marketlər» şəbəkəsinin yaradılmasının dəstəklənməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək, kənd təsərrüfatı və ərzaq məhsulları bazarında, tədarük prosesində haqsız rəqabət meyllərinin qarşısının alınması ilə bağlı tədbirləri və antiinhisar nəzarətini gücləndirmək, nəticəsi barədə ildə bir dəfə Azərbaycan prezidentinə məlumat vermək həvalə olunub.
Daxili İşlər Nazirliyi və Nəqliyyat Nazirliyi kənd təsərrüfatı və ərzaq məhsullarının ölkə daxilində daşınması üçün əlverişli şəraitin yaradılması sahəsində müvafiq tədbirlər görməli və bu barədə rübdə bir dəfə Azərbaycan prezidentinə məlumat verməli, Dövlət Statistika Komitəsi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə kənd təsərrüfatı uçotunun, ərzaq təhlükəsizliyi statistikasının və ərzaq bazarında qiymətlərin müayinəsinin təkmilləşdirilməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir.
Nazirlər Kabinetinə beynəlxalq təcrübəni nəzərə almaqla, ərzaq məhsullarının təhlükəsizliyinə və keyfiyyətinə nəzarət sisteminin institusional baxımdan təkmilləşdirilməsinə, bu sahədə paralelliyin aradan qaldırılmasına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək, yaradılacaq özəl «fermer mağazaları», «yaşıl marketlər» və topdansatış mərkəzləri üçün müvafiq yer və ərazilərin ayrılmasına və onun şərtlərinə dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək, kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılmasına və daxili bazarın qorunmasına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək, bu sərəncamın icrasına nəzarəti təmin etmək və nəticəsi barədə rübdə bir dəfə Azərbaycan prezidentinə məlumat vermək, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
 





16.01.2014    çap et  çap et