Müdafiə tərəfi bir neçə epizod üzrə anten məlumatlarının təqdim edilməsi barədə də vəsatət qaldırıb. Dövlət ittihamçısı etiraz edərək deyib ki, cinayət işinin materialları arasında anten məlumatları var.
Prosesdə vəkillər bildiriblər ki, cinayət işi materiallarında bəzi şəxslərin anten məlumatları yoxdur. Tağı Əhmədovdan 3 milyon alınması epizodu üzrə oğlu Ruslan Əhmədovun MTN əməkdaşlarına pulu verdiyini qeyd etdiyi vaxtda onun harda olmasını göstərən anten məlumatları cinayət materiallarına əlavə edilən diskdən silinib.
Həmçinin, Qədim Ədilovun sentyabrın 7-də Nərimanov parkının yanında pulu həbsdəki MTN zabiti Səlim Məmmədova verməsi ittihamına görə həmin şəxslərin o tarixdəki anten məlumatları da vəkillər tərəfindən istənilib.
Hakim hər iki vəsatəti baxılmamış saxlayıb. Hakim bildirib ki, diskə baxış keçirib məlumatların silinib-silinmədiyinə baxdıqdan sonra bu məsələ ilə bağlı qərar veriləcək.
İş üzrə əlavə şahidlərin çağırılması və müvafiq qurumlara sorğuların göndərilməsi ilə bağlı vəsatətlər təmin edilib.
Məhkəmə prosesi iyulun 19-da davam etdiriləcək.
Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.