Vaxt.Az

300 kabinet bağlandı


 

«Gigiyenik qaydalara riayət edilmir»

300 kabinet bağlandı Səhiyyə və Vergilər nazirlikləri tərəfindən Bakıda fəaliyyət göstərən 300-ə qədər stomatoloji kabinetin fəaliyyəti dayandırılıb. Bu sahədə çalışan, adının çəkilməsini istəməyən həkimdən aldığımız məlumata görə obyektlərin bağlanması bir neçə səbəblə bağlıdır. «Səhiyyə Nazirliyi obyekt sahiblərindən lisenziya almağı tələb edir. Bundan başqa belə stomatoloji kabinetlərin əksəriyyəti gigiyenik qaydalara əməl etmir. Onlar ölkədə yayılan təhlükəli virusların, o cümlədən Hepatit C virusunun yayılma mənbəyidir. Nazirliyin bu sahəni nəzarətə götürməsi yaxşı haldır, amma gərək sahibkarların hüquqları qorunsun, proses onlara zərər dəymədən aparılsın».
Mənbənin bizimyol.info-ya verdiyi məlumata görə paytaxtda binaların zirzəmisində yerləşən, xidmət üçün şəraiti olmayan stomatoloji kabinetlərin əksəriyyəti fəaliyyətini dayandırılacaq. Onları yeni, müasir avadanlıqlarla təchiz edilmiş stomatoloji klinikalar əvəzləyəcək».
Mənbə aparılan proseslə bağlı narahatlığını da bölüşüb: «Bu sahədə minlərlə insan çalışır. Kabinetlərin ucdantutma bağlanması xeyli sayda insanın iş yerlərini itirməsi ilə nəticələnə bilər. Ona görə də müvafiq qurumların bu sahədə nizam yaratmaq səyləri  həkimlərin işsiz qalmaları ilə nəticələnməməlidir».
Qaynaq daha sonra bildirib ki, Vergilər Nazirliyinin əməkdaşları da tez-tez onlara «baş çəkir». «Bizə bildirirlər ki, guya vergidən yayınırıq, gəlirlərimizi gizlədirik, haqqımızda ölçü götürüləcək».
 





17.01.2014    çap et  çap et