Vaxt.Az
Sessiya dava və istefalarla bitdi
Rüstəm İbrahimbəyovsa MŞ-nin fəxri sədrliyinə qaytarıldı
Yanvarın 16-da Milli Şuranın növbəti sessiyası keçirildi. AXCP-nin qərargahında keçirilən tədbirdə qurumun 60-a yaxın üzvü iştirak edirdi. Sessiya dövlət himninin oxunması ilə açıq elan olundu. Sonra isə 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Milli Şuranın sədri Cəmil Həsənli bildirdi ki, məlum istefalardan sonra qurumun üzvlərinin sayı 91 nəfər qalıb. Onlardan da 59 nəfəri sessiyada iştirak edir.
C.Həsənli dedi ki, sessiyanın gündəliyinə ölkədəki ictimai-siyasi vəziyyət, Milli Şuranın idarəetmə strukturlarının təşkili və cari məsələlər daxildir.
MŞ üzvü, EL hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev bildirdi ki, bu sessiyada Rüstəm İbrahimbəyovun liderliyi yaxud da fəxri sədrliyi məsələsinə münasibət bildirmək lazımdır.
Yazıçı Mehriban Vəzir isə bu məsələnin gündəliyə salınmasına etiraz etdi: “Etiraz edirəm. Qaldığımız yerdən davam edək”.
Onun fikrinə E.Quliyev replika verdi: “Harada qalmışdıq ki?”
C.Həsənli bildirdi ki, artıq R. İbrahimbəyov ötən sessiyadan sonra istefa ilə bağlı Milli Şuraya müraciət edib və bunu mütləq müzakirə etmək, qiymətləndirmək lazımdır. O, həmçinin qeyd etdi ki, R.İbrahimbəyovun liderliyi ilə bağlı müzakirə aparılmasına lüzum görmür: “Amma Milli Şura nə qərar verəcəksə, bununla razılaşacam”.
C.Həsənli həmçinin çıxış edərək ötən il ölkədə keçirilən prezident seçkisindən və seçki saxtakarlığından, hakimiyyətin mənimsənilməsindən, beynəlxalq təşkilatların seçkini tanımamasından, ölkədəki haqsızlıqdan, korrupsiyadan, vətəndaşların yaşayış vəziyyətinin acınacaqlı olmasından, qiymət artımından, bunun iqtisadi əsaslandırmasının olmamasından, eyni zamanda Qarabağ qazisinin zülmə tab gətirməyib özünə od vurub yandırmasından da danışdı.
Milli Şura sədri həmçinin qurumun təşkilatlanması barədə də danışdı. O bildirdi ki, ötən müddətdə bu məsələ barədə xeyli müzakirələr gedib, təkliflər səslənib: “Sessiyalararası dövr üçün şuranın idarə olunması ilə bağlı məsuliyyət daşıyan quruma ehtiyac var”. O təklif etdi ki, MŞ-yə daxil olan partiya və hərəkatlara hər biri bir nəfərlə həmin idarəetmə orqanında avtomatik təmsilçilik hüququ verilsin. İdarəetmə orqanının qalan üzvləri isə sessiyada səsvermə ilə seçilsin.
Bundan sonra qurumun digər üzvləri çıxışa başladılar. Azad Demokratlar Partiyasının Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər bildirdi ki, hələ də Mili Şura demokratik qüvvələrin böyük birliyi olaraq qalmaqdadır. Onun sözlərinə görə, Azərbaycanda təşkilatlanmış siyasi qüvvəyə ehtiyac var. S.Əkbər qeyd etdi ki, MŞ-də struktur islahatları aparılmalıdır. O, qurumun idarə edilməsi ilə bağlı da bəzi təkliflər səsləndirdi.
MŞ üzvü, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı qeyd etdi ki, Milli Şura var və yaşayır. O da MŞ-nin strukturlarının formalaşdırılması ilə bağlı təkliflərlə çıxış etdi.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı qeyd etdi ki, ölkə siyasətində ciddi hadisələr baş verib: “Nə baş verir? Ölkə müxalifətinin yenidən dizayn olunması prosesi baş verir. Prezident seçkisindən sonra hakimiyyət bir də bu kimi problem yaşamaq istəmədi və Milli Şuranın parçalanma siyasəti həyata keçirildi, düyməyə basıldı və Müsavat Partiyası Milli Şuradan qoparıldı. Gedənlərin artıq müxalifətçilik imici ilə iddia etmələri mümkün deyil”.
M.Vəzir isə bunu Müsavat Partiyasına atılan böhtan sayaraq etiraz püskürdü. O, Müsavatın hökumətlə işbirliyinə getməsi barədə deyilən fikirlərə etiraz etdi: “Mən ”Müsavat hakimiyyət tərəfindən buradan aparıldı" fikrini qəbul etmirəm, bu barədə danışılan yerdə oturmağı özümə yaraşdırmıram. Eləcə də AXCP haqqında eyni fikirlər desələr, razılaşmaram və orada oturmaram. Mətbuat ittihamları buraya gəlməsin, lütfən".
MŞ üzvü Vidadi Mirkamal isə qurum üzvlərini qarşılıqlı ittihamları və qarayaxmaları dayandırmağa çağırdı.
İbrahim İbrahimli qurumun elan etdiyi hədəflər barədə danışdı və bildirdi ki, Milli Şura ətrafında gedən müzakirələrdən həm narahat olmaq lazımdır, həm də yox: “O baxımdan narahat olmaq lazımdır ki, problem var. Ona görə narahat olmaq lazım deyil ki, uzun müddətdir Azərbaycanda olmayan amil - ictimai rəy sosial şəbəkələr hesabına bərpa olunub və indi onun daha səviyyəli olmasına çalışmaq lazımdır. Bu olacaqsa, siyasi münasibətlər də sağlam məcraya düşəcək”.
KXCP sədri Mirmahmud Mirəlioğlu da Milli Şura ilə bağlı təkliflərini verdi. O bildirdi ki, struktur dəyişikliyi gedirsə, hətta qurumun adının da dəyişdirilməsi mümkündür və bu, faciə deyil. KXCP sədri partiyasının bundan sonra da Milli Şurada təmsil olunacağını və onun gücləndirilməsinə çalışacağını vurğuladı.
VAMBP sədri Hacıbaba Əzimov prezident seçkisinin saxtalaşdırıldığını diqqətə çatdıraraq əlavə etdi ki, Milli Şura ya İlham Əliyevin istefasını tələb etməli, ya da konstitusiyanın gücündən ona qarşı istifadə etməlidir.
AXCP sədri Əli Kərimli müəyyən şəxslərin Milli Şuradan getməsinə təəssüfünü bildirdi: “Lakin günün sualı belə olmalıdır: doğru bildiyimiz yolda hər dəfə kimlərsə bizi tərk edəcəksə, hansısa səbəbə görə yarı yolda qoyacaqsa, bu, hər dəfə seçimimizi təftiş etməyimizə əsas yaratmalıdırmı? Milli Şuranın əsas missiyası dinc, demokratik dəyişikliklər yolu ilə avtoritarizmdən demokratiyaya keçidi təmin etməkdir və bu istək növbəti dəfə cəmiyyətə bəyan edilməlidir”. O da qurumun Koordinasiya Şurasının formalaşmasını təklif etdi.
AXCP sədri əlavə etdi ki, Milli Şura yaranmış vəziyyətdən tezliklə çıxacaq. O, çıxışında ölkədə tezliklə böyük dəyişikliklərin olacağını da vurğuladı.
Çıxışlardan sonra C.Həsənli R.İbrahimbəyovun müraciətinə qurum üzvlərinin münasibət bildirməsini istədi. O bildirdi ki, MŞ üzvləri istəsə, onun istefasını qəbul etməyə bilər. Bundan sonra səsvermə keçirildi və 4 nəfər əleyhinə, 1 nəfər bitərəf olmaqla, R.İbrahimbəyov Milli Şuranın fəxri sədrliyinə qaytarıldı.
Həmçinin qurumun Koordinasiya Şurasına üzvlər təklif edildi. Onların sayı 19 nəfər idi. C.Həsənli bildirdi ki, R.İbrahimbəyovla danışıb və o, Koordinasiya Şurasına üzv seçilməsinə etiraz etmir. MŞ üzvləri isə siyahıya əlavə adamların salınmasını təklif etdilər.
Tədbirin sonuna yaxın, elə bu müzakirələrin gedişində MŞ üzvləri Mehdibəy Səfərovla Hacıbaba Əzimov arasında mübahisə düşdü. M. Səfərov H.Əzimovun Koordinasiya Şurasına üzv seçilməsinə etiraz etdi və onu etnik münaqişələri qızışdıran çıxışlar etməkdə günahlandırdı. Bunun əvəzində H.Əzimov əsəbiləşdi və onun üstünə yeridi. Onun qabağını Əli Kərimli alaraq yerində əyləşdirdi. Bundan sonra tərəflər arasında “atışma” davam etdi. Uzun müzakirədən sonra Koordinasiya Şurasına üzvlər açıq səsvermə ilə seçildi. Burada da yenə mübahisə yarandı. H.Əzimov soruşdu ki, nə səbəbdən Mehriban Vəzir səsvermədən keçmədi? Ona qarşı çıxanlar isə M.Vəzirin KŞ-yə seçilmədiyini bildirdilər. H.Əzimov yenə hirsləndi: “Bunu siz etdiniz, doğru səsvermə keçirilmədi. Nə var ki, Mehriban xanım bir dəfə nəsə deyib. O, hər zaman sözünü doğru deyən insandır. Elə etməyin ki, mən də gedim. Belə oyunlar olmaz”. Nəticədə qalmaqallı səsvermə nəticəsində Milli Şuranın Koordinasiya Şurası yaradıldı. Rüstəm İbrahimbəyov, Cəmil Həsənli, Mirmahmud Mirəlioğlu, Mehman Əliyev, Fuad Ağayev, Leyla Yunus, Rafiq Manaflı, Əli Kərimli, Mirvari Qəhrəmanlı, Eldəniz Quliyev, İbrahim İbrahimli, Kamil Vəli Nərimanoğlu, Hacıbaba Əzimov, Nurəddin Mustafayev, Vidadi Mirkamal, Gültəkin Hacıbəyli, Rövşən Əhmədli, Namizəd Səfərov KŞ-yə üzv seçildilər.
NİDA təşkilatı üçün də bir nəfər yer ayrıldı, həmin şəxsi NİDA-çıların özləri müəyyən edəcək.
Eldar Namazov və Sülhəddin Əkbərin namizədliyi irəli sürülsə də, onlar namizədliklərini geri götürdülər. E.Quliyev vasitəsilə xəbər göndərən E.Namazov işlərinin çoxluğunu əsas gətirib.
Günün sonunda isə daha iki nəfər - EL hərəkatının İdarə Heyətinin üzvləri Köçəri Nağıbəyli ilə Rahim Bağırov MŞ-dən istefa verdiklərini açıqladılar. Musavat.com eksklüziv olaraq bildirir ki, EL hərəkatının İdarə Heyətinin iki üzvü - Köçəri Nağıbəyli (həm də EL sədrinin müavinidir) və Rahim Bağırov (EL-in təşkilat şöbəsinin müdiridir) bu qurumdan istefa verdiklərini bildiriblər. K.Nağıbəyli musavat.com-un müxbirinə deyib ki, bunun səbəbləri var: “Mən bugünkü sessiyanın gedişindən razı qalmadım və oranı yarımçıq tərk etdim. Düşündüm ki, bundan sonra zamanımı EL hərəkatının təşkilatlanmasına həsr etsəm, daha faydalı iş görmüş olaram. Rahim bəy də EL hərəkatının təşkilat şöbəsinin müdiridir. O da hesab edir ki, EL-in problemləri və təşkilatlanması işinə daha çox diqqət ayırmalıdır”.
Beləliklə, özünü toparlama və Müsavat Partiyasına qarşı bir növ revanş göstərmə sessiyası olan 16 yanvar toplantısı da Milli Şuranı istefalardan qoruya bilmədi. Hətta Rüstəm İbrahimbəyovun Milli Şuranın yenidən başında qalması da bu qurumdan qopmaların qarşısını ala bilmir.
17.01.2014 çap et