Vaxt.Az

Qlobal iqtisadi böhran başa çatır?


 

Avropada aşağı inflyasiyanın «lokomotivi» qeyri-enerji məhsullarıdır

Qlobal iqtisadi böhran başa çatır? Rəsmi təsdiqlənmə yoxdur, rəsmi bəyanatlar hələlik iddiaların əksini göstərir, amma bəzi mənbələrinə görə, Avropa Mərkəzi Bankı yumşaq pul-kredit siyasətini tədricən dayandırmaq perspektivini artıq ciddi müzakirə etməyə başlayıb. Bu «bəzi mənbələr» bir neçə gün əvvəl «Reuters» agentliyində dərc olunan bir məqalədə Avropa Mərkəzi Bankı rəhbərlərinin eksklüziv bəyanatlarıdır. Əslində cəmi bir neçə söz ciddi nəticələrə gətirib çıxara bilər.

Avropa analitiklərin fikrincə, Avropa Mərkəzi Bankının rəhbərliyi artıq pul-kredit siyasətini sərtləşdirməyə hazırdır və bu, hələlik aktivlərin geri alınması prosesini əhatə edən stimullaşdırıcı proqramın ardıcıl azaldılmasına aiddir. Xatırladaq ki, AMB aprelin 27-də keçirilmiş yüksək səviyyəli iclasında qərar qəbul edib. Qərara əsasən, aktivlərin geri alınmasının aylıq həcmi 60 milyard avro səviyyəsində saxlanılıb. Bu da ötən ilin sonlarında ümumi həcmin 80 milyard avrodan 60 milyard avroya qədər azaldılmasının faktiki vaxtla sınanılmış təsdiqidir. Eyni zamanda həmin iclasda AMB faiz dərəcələrini rekord minimal səviyyədə saxlayıb, depozitlər üzrə isə faiz dərəcəsi mənfi saxlanılıb. İki ay yarım vaxt keçdikdən sonra Mərkəzi Bankların rəhbərləri bildirirlər ki, gələcək iclas və görüşlərdə indiki siyasətə yenidən baxıla, stimullaşdırıcı proqramının həcmi yenidən azaldıla bilər.

Qeyd edək ki, AMB-nin iqtisadiyyatı stimullaşdırıcı siyasəti əsasən iki istiqamətdən ibrətdir - aktivlərin geri alınması və fazilərin mümkün qədər aşağı səviyyədə saxlanması. Aktivlərin geri alınması ilə AMB maliyyə və qeyri-maliyyə təşkilatlarının likvidliyinə dəstək verir ki, müəyyən edilmiş növlü qiymətli kağızların saxlayıcıları həmin aktivlərini AMB-yə satıb likvidliyi əldə edə bilir. Aşağı faiz dərəcələri isə pul bazarında borclanma qiymətini aşağı salmaqla iqtisadiyyatda cəlbetmə vəsaitlərini ucuzlaşdırır. Bundan əlavə Mərkəzi Bankda depozitlər üzrə faiz dərəcələrinin mənfi zonada müəyyən edilməsi maliyyə qurumlarının öz vəsaitlərini həmin depozitlərə deyil, real iqtisadiyyata yönəltməyə «məcburetmənin» bir üsuludur. AMB-nin monetar siyasətinin indiki əsas istiqamətləri bunlardır. Ehtimallar var ki, yaxın zamanlarda bu siyasətin bir istiqaməti olan aktivlərin geri alınması proqramının azaldılması davam etdiriləcək, bu azalmanın təbii sonu isə proqramın tam bağlanmasıdır.

Həmin ssenarini biz ABŞ-da 2013-2014-cü ildə müşahidə etmişdik. Orada həmin vaxt əvvəl yumşaldılma proqramın həcmləri azaldıldı, 2014-cü ilin sonlarına yaxın isə proqram tam bağlandı. Həmin addım ABŞ-da böhranın sona çatmasının ilk əlaməti kimi qiymətləndirilir. Bundan sonra aşağı faizlər siyasəti hələlik qüvvədə qalmışdı, lakin 2016-cı ilin sonunda və 2017-ci əvvəlində faizlərin iki dəfə qaldırılması baş verib ki, bu da böhrandan tam çıxma əlaməti sayılır.

Dinamikası yumşaq siyasətin davam etdirib-etdirməməsi barədə qərara təsir edən sonuncu makroiqtisadi göstərici inflyasiyadır. Həmin amil Avropada saxlayıcı amil kimi çıxış edir. Hələlik Avrozonada inflyasiyanın səviyyəsi hədəf olan 2 faizdən aşağıdır. Məsələn, iyunda illik inflyasiya cəmi 1,3 faiz təşkil edib ki, bu da AMB-ni ciddi addımlar atmaqdan çəkindirir. Ümumiyyətlə, AMB rəhbərliyi təkrar etməyə yorulmur ki, AMB öz qərarlarında təhlükəsiz, ehtiyatlılıq və tarazlığı saxlamalıdır. Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvü Benua Kurye bəyan edib ki, Avrozonada iqtisadi artım sürətini yığır, amma inflyasiya hələlik zəifdir, buna görə də bazarda kəskin dəyişmələrinə yol verməmək üçün Mərkəzi Bank öz siyasətini diqqətlə və ehtiyatla dəyişməlidir («Reuters»). Göründüyü kimi, AMB aktivlərin geri alınma həcminin azaltmaqla bağlı siyasətini dəyişməyə başlayıb, lakin Kuryenin fikrincə, zəif inflyasiyanı nəzərə almaqla indi strategiyanı kəskin dəyişməyin mənası yoxdur. Maraqlıdır ki, Eurostatın hesabatına görə, Avrozonada inflyasiyanın aşağı olmasının səbəblərindən biri enerji daşıyıcılarının qiymətlərinin nisbətən aşağı səviyyədə olması deyil, aşağı inflyasiyanın «lokomotivi» məhz qeyri-enerji məhsullarıdır. Burada isə əsas rolunu ərzaq məhsulları oynayır. Yəni aşağı inflyasiya əsasən daxili amillərlə bağlıdır, buna görə demək olmaz ki, yaxın zamanlarda vəziyyət dəyişəcək.

Amma buna baxmayaraq, əvvəldə qeyd etdiyimiz kimi Mərkəzi Bankın rəhbərlərinin fikirlərini hesaba almamaq olmaz. Təbiidir ki, AMB makroiqtisadi təhlilində tək inflyasiyanı nəzərə almır. Ötən ilin sonunda, aktivlərin geri alınması həcminin azaldılması barədə qərar qəbul ediləndə də inflyasiya üzrə vəziyyət indiki kimi idi, amma buna rəğmən qərar qəbul edilmişdi. Yəni, bəzi digər vacib amillər var ki, onlar AMB-nin qərarlarına təsir edir. Bu amilləri bilməməyimiz o demək deyil ki, onlar mövcud deyil. Yenə də vurğulamaq lazımdır ki, bütün mütəxəssislər hesab edirlər ki, aprel ayında siyasətin dəyişməməsi barədə qərar inflyasiyanın zəif təsiri altında qəbul edilib.

Amma siyasi faktoru hesablamalarımızdan kənara ata bilmərik. Belə ki, ötən ilin sonunda Federal Ehtiyat Sistemi faizlərin qaldırılması ilə pul-kredit siyasətinin sərtləşdirilməsi barədə qərar qəbul edəndə inflyasiya səviyyəsi hədəf olan 2 faizdən yuxarı deyildi. Lakin faiz qaldırılmışdı, halbuki ondan əvvəl, bütün 2016-cı ili ərzində FES-in rəhbərliyi bəyan etmişdi ki, inflyasiya 2 faizlik səviyyədən yuxarı həddə qalxmayınca, faizlərin qaldırılması təhlükəlidir və iqtisadiyyatın bərpası istiqamətində bütün əldə edilmiş nailiyyətləri boşa çıxa bilər. Amma ABŞ-da siyasi rəhbərlik dəyişib və makroiqtisadi qiymətləndirmə də dəyişib, inflyasiya amili qərarverici vacibliyini itirib. Avropada da inflyasiya amili qərarverici vacibliyini itirə bilər. Məsələn, AMB hesab edə bilər ki, ümumi iqtisadi vəziyyəti nəzərə almaqla, istehsalın və idxalın qiymətlərinə təsir edən göstəriciləri nəzərə alınmaqla, 2 faizdən aşağı inflyasiya təbii və normal göstəricidir və onun yüksəlməsini gözləmək vaxt itirməkdir. Və ya əvvəl-axır bu qənaətə gəlinə bilər ki, ucuz cəlbetmə amili inflyasiyanın aşağı səviyyədə qalmasının səbəblərindən biridir. Çox güman ki, AMB kuluarlarında məhz buna oxşar müzakirə və mübahisələr gedir, hələlik isə siyasətin davam etdirilməməsi tərəfdarları qalib gəlir. Lakin, dediyimiz kimi, ciddi ehtimallar var ki, siyasətin dəyişməsi prosesi yenidən davam etdiriləcək və ən azı geri alınma proqramının azaldılması baş verəcək. Niyə bu son dərəcə vacibdir, niyə iqtisadi və populist diqqətimizi bu amilə yönəldirik?

Çünki böhrandan əziyyət çəkmiş dünya iqtisadiyyatının iki aparıcı qüvvələrinin (ABŞ və Avropa) yalnız ikincisində böhrandan sonra iqtisadiyyatın bərpasına yönəldilən siyasət qüvvədə qalmaqdadır. Yəni, Avropa Mərkəzi Bankı yumşaq pul-kredit siyasətinin sərtləşdirilməsi yolunu dönməz olaraq seçən zaman əsaslı şəkildə iddia etmək olacaq ki, dünya iqtisadi böhranı tam olaraq keçib. Bəlkə də bu səbəbdən, bu psixoloji amili baxımından bir çox iqtisadçı və analitiklər müvafiq qərarların qəbul edilməsini səbrsizliklə gözləyirlər ki, böhranın artıq tarixə qovuşduğunu nəhayət konstatasiya edə bilsinlər.

 





19.07.2017    çap et  çap et