Beləliklə, Ukrayna və Gürcüstan «Rusiya işğalı şəraitində strateji tərəfdaşlıq barədə» bəyannaməyə imza atıblar. Bu sənəd Ukrayna prezidenti Petro Poroşenkonun Tiflisə rəsmi dövlət səfərinin əsas nəticəsi hesab edilib. Bir sıra ekspert və jurnalistlərin gözləntilərinin əksinə olaraq, görüş zamanı sabiq prezident Mixail Saakaşvilinin vətənə mümkün ekstradisiyası ilə bağlı söhbət belə getməyib. Ukrayna nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi Tiflisdəki Avlabarsk sarayında baş tutub. Dövlət himnləri səsləndikdən sonra prezidentlərin təkbətək görüşü keçirilib. Gürcüstan prezident administrasiyasının rəhbəri Georgi Abaşişvili bildirib ki, P.Proroşenkonun səfərində əsas mövzu Rusiya işğalı olub. Jurnalistlərin isə gözləntiləri tamam başqa xəbərlər olub – səfər ərəfəsində Gürcüstan və Ukrayna kütləvi informasiya vasitələrində belə bir informasiya yayıldı ki, Tiflisə səfəri zamanı Ukrayna prezidenti P.Poroşenko barəsində Gürcüstanda cinayət işi qaldırılan eks-prezident Mixail Saakaşvilinin vətəninə ekstradisiyası məsələsini qaldıracaq. Lakin Gürcüstan Prezident Administrasiyasının rəhbəri dərhal jurnalistləri əmin edib ki, danışıqlarda bu məsələ müzakirə olunmayacaq. Gürcüstanın keçmiş prezidenti də bu yaxınlarda «Rustavi-2» telekanalının efirində bildirib ki, Ukrayna hakimiyyət orqanlarının onu vətəndaşlıqdan məhrum edib ölkədən çıxara bilməzlər. Danışıqlarda əsas müzakirə mövzusunun M.Saakaşvili deyil, Rusiya olacağını P.Poroşenko gürcü həmkarı Georgi Marqvelaşvili ilə görüşdə də təsdiq edib. «Bizim ölkələrimiz Rusiya işğalına məruz qalan azadlığımız uğrunda mübarizə aparırlar», - deyə Ukrayna prezidenti vurğulayıb.
Öz növbəsində Gürcüstan prezidenti qonağa sərhədlərdəki mövcud durum, o cümlədən Rusiya qoşunlarının keşik çəkdiyi Cənubi Osetiya ilə sərhəd ərazidəki mövcud vəziyyət barədə məlumat verib. Onun sözlərinə görə, Rusiya sərhəd qoşunları tanınmamış Cənubi Osetiya Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları ilə birlikdə «sərhədlərin» demarkasiyası ilə bağlı işlər aparırlar. «Sədlər, tikanlı məftillər düzəldilir, kənd təsərrüfatı üçün yararlı torpaq sahələri ələ keçirilir və Cənubi Osetiyanın dövlət sərhədini pozduqları bəhanəsi ilə insanları girov götürürlər», - deyə gürcü lider bildirib. Vəziyyət xüsusilə tanınmamış Cənubi Osetiya xüsusi xidmət orqanları əməkdaşlarının iyunun sonlarında gürcülərin Berşueti kəndi yaxınlığında sərhəd banneri quraşdırmalarından sonra gərginləşib. Nəticədə kənd təsərrüfatı ilə məşğul olan sakinlər «sərhəddən kənar» vəziyyətə düşmüş olublar. Kəndlilər həm də məhsullarını yığmaq imkanından məhrum olublar. «İşğal xətti» isə Cənub Qafqaz üçün mühüm əhəmiyyət kəsb edən magistral xətti – Tiflis-Qara dəniz sahillərinə daha da yaxınlaşıb. Hazırda Rusiya sərhədçilərini avtomobil magistralından cəmi 400 metrlik məsafə ayırır.
Moskvada bu iddiaları rədd edirlər və bildirirlər ki, Tiflis problemləri həll etmək niyyətində deyil. İddia edilir ki, dəfələrlə sərhəddə yaranan problemləri müzakirəyə çıxarmaq istəsələr də, qarşı tərəf buna biganə yanaşıb. «Cənubi Ostiya-Gürcüstan, Abxaziya-Gürcüstan arasında yaşanan problemləri həll etmək üçün bütün tərəflərin razılaşdığı mexanizm var. Bu, Cenevrə mexanizmləridir. Konstruktiv işləmək gərəkdir və konkret danışıqları mənasız etmək gərək deyil. İşğal və yaxud buna bənzər məsələləri qabartmaq gərək deyil», - deyə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Bütün bunlarla yanaşı, Gürcüstan və Ukrayna torpaqlarının Rusiya tərəfindən işğal olunması məsələsi P.Poroşenkonun Tiflis səfərində əsas prioritet olub. İki ölkənin prioritetləri işğala son qoyulması və NATO-ya üzvlük məsələsi olub. Birgə mətbuat konfransında Georgi Marqvelaşvili bildirib ki, Ukrayna «döyüş meydanındadır və Rusiyanın üstün maraqlarına qarşı mübarizə aparır. Bu siyasət vəziyyətin gərginləşməsinə və xalqlar arasında qarşıdurmanın yaranmasına xidmət edir». Öz növbəsində P.Poroşenko vəd edib ki, heç kimə Ukrayna xalqına iradəsini yeritməyə, diktə etməyə imkan verməyəcək. Bundan əlavə, xatırladıb ki, onun həyat yoldaşının babaları sovet illərindəki aclıqdan qurtulmaq üçün Gürcüstana qaçıblar. O da bəlli olub ki, Ukraynanın birinci ledisinin nənəsi Stalinqraddan Tiflisə evakuasiya olunub. «Bu cür faktlar bizim qardaşlığımızı daha da möhkəmləndirir», - deyə Ukrayna prezidenti vurğulayıb. O, həmçinin Gürcüstan tərəfinə 2014-cü ildə Ukraynadakı müharibədə onun azadlığı və şərəfinin qorunması naminə aparılan hərbi əməliyyatlarda canını qurban verən gürcülərə görə minnətdarlıq edib. Əlavə edib ki, Ukrayna ordusu özünün döyüş təcrübəsini Gürcüstanın silahlı qüvvələri ilə bölüşməyə hazırdır. Daha sonra P.Poroşenko Gürcüstanın ərazi bütövlüyü uğrunda canını qurban verən insanların xatirəsinə ucaldılan abidə önünə əklil qoyub. İyulun 19-da P.Poroşenko Gürcüstanın bir sıra əyalətlərinə də baş çəkib. Daha sonra isə Batumidə investisiya forumunda iştirak edib. Onun regiona səfərinin pik nöqtəsi isə iki ölkə prezidentinin iştirakı ilə işğal altında olan Cənubi Osetiya sərhədində baş çəkmək olacaq.