Vaxt.Az

Xeyirli olsun, amma...


 

Jurnalistə ev verməzdən əvvəl ona informasiya vermək lazımdır

Xeyirli olsun, amma... Ev sahibi olan həmkarlarım arasında şəxsən tanıdığım, dostluq münasibətində olduğum insanlar az deyil. Əksəriyyətinin mənzil şəraiti doğrudan da bərbad idi və bu evə həyati dərəcədə ehtiyacları vardı. Ölkənin durumu hamıya aydındır, sabahımız qeyri-müəyyəndir və bəhs etdiyim, şəxsən tanıdığım həmin insanlar bu şansdan imtina etsələr, bəlkə də həyatlarının sonuna qədər ev sahibi ola bilməyəcəkdilər. Bu baxımdan onları anlayır, sevinclərinə səmimiyyətlə şərik olur və xeyirli olsun deyirəm.

Buraya qədər tamam.

Məsələnin dövlətin vəzifələri ilə bağlı digər, daha vacib tərəfinə gəldikdə isə, dövlət jurnalistlərə və ya ayrıca götürülmüş digər peşə sahiblərinə imtiyaz verməməlidir. Məsələnin etik tərəfi bir yana, bu, hər şeydən əvvəl Azərbaycan Konstitusiyasında (25-ci maddənin III-IV hissələri) əksini tapmış bərabərlik prinsipinə ziddir. (Bəzi əhali təbəqələri, məsələn, bizim ölkənin timsalında şəhid və qazi ailələri buraya daxil deyil.)

Yaxşı olardı ki, dövlət xüsusi imtiyazlı təbəqə müəyyənləşdirərək onlara mənzil hədiyyə etmək əvəzinə, bütün peşə sahibləri üçün əlçatan olan ipoteka şərtləri təqdim edərdi və bu şərtlər əsasında mənzilləri satardı. Aylıq ödənişlər isə aylıq gəlirə uyğun şəkildə müəyyənləşdirilərdi, az maaş alan az, çox maaş alan çox ödəyərdi. Bu halda dövlət də qazanardı, vətəndaş da. Bəlkə bu da ideal variant deyil, amma ən azından daha ədalətli variant olardı və heç kim hökuməti hansısa siyasi niyyət güdməkdə, paternalist yanaşmada suçlamaz, ev alan qələm sahibləri isə özlərini təşəkkürnamə yazmaq məcburiyyətində hiss etməzdi.

Jurnalistə ev verməzdən əvvəl ona informasiya vermək lazımdır, yəni mətbuata azadlıq, sərbəstlik verilməlidir ki, o, əsl vəzifəsini yerinə yetirə bilsin. Bunu etməyib, jurnalisti mükafatlandırmaq, düşünürəm ki, ən azı mövcud «status-kvo»nun davam etməsi deməkdir. Yəni, öz müqəddəs vəzifəsini yerinə yetirməyən, toplumu lazımi səviyyədə bilgiləndirməyən, bəlli çərçivələrdə fəaliyyət göstərən media modelinə davam...

Azərbaycan Cümhuriyyəti dünyəvi, demokratik, sosial, hüquq dövləti olmalıdır.

 





20.07.2017    çap et  çap et