Rusiyanın «Nezavisimaya qazeta» qəzeti yazır ki, nazirlərin indiki görüşü sayca dördüncüdür. «Bundan əvvəl imzalanan Bakı bəyannaməsi türkdilli dövlətlər arasında mədəni, dil münasibətlərində yeni üçtərəfli münasibətlərin əsasını qoyub. Bu format - iqtisadidir. Azərbaycan, Türkiyə və Türkmənistan arasında gələcək əməkdaşlığın yeni üfüqlərini açır», - deyə Neft Tədqiqatları Mərkəzinin rəhbəri İlham Şaban Rusiya nəşrinə müsahibəsində bildirib. O bildirib ki, Aşqabad özünün karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün yeni marşrut - Azərbaycan üzərində işləyir. Hesab edilir ki, Türkmənistan qaz nəhəngidir. «Lakin ölkə büdcəsinə son vaxtlar əsas gəlir gətirən qaz deyil, neftdir. Bu səbəbdən də görüşdə əsas müzakirə olunan məsələ türkmən xam neftinin və neft məhsullarının Azərbaycan və Türkiyə vasitəsilə dünya bazarlarına çatdırılması olub. Xam neft tankerlər vasitəsilə Bakıya çatdırıldıqdan sonra oradan Bakı-Tbilisi-Ceyhan kəməri ilə Türkiyənin Ceyhan limanına çatdırılır. Türkmən neft məhsulları artıq Gürcüstandakı Azərbaycan terminalı Kuleviyə çatdırılır. Ötən il ilk dəfə olaraq 4,3 mln. ton neft daşınıb. Bu il ərzində nəqlin 4,5 mln. tona çatdırılması nəzərdə tutulub. Bu, çox yaxşı göstəricidir», - deyə ekspert bildirib.
Onun qənaətincə, Türkmənistan görür ki, qərb istiqaməti işləyir və müəyyən dividentlər gətirir. Bu səbəbdən də türkmən hakimiyyət orqanları bir daha xam neftin Rusiyanın Mahaçqaladakı terminalına göndərməkdən yayınmaq istəyirlər. Və bütün həcmi Azərbaycan vasitəsilə dünya bazarlarına çatdırılması qərara alınıb. Nəzərə alsaq ki, bu il ərzində Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə salınır, onda gələn il neft məhsullarının həcmi artırılacaq. Həm də Bakı və Aşqabad arasında bərələrlə neftin daşınması tariflərinin aşağı salınması barədə saziş imzalanıb. Bundan əlavə, Türkmənbaşıda yerləşən neft emalı zavodlarının modernləşdirilməsi prosesi başa çatdırılıb. Hazırda Xəzəryanı dövlətlərin ərazilərində, Rusiya istisna olmaqla ən keyfiyyətli məhsul məhz bu zavodlarda istehsal olunur. «Gələn ildən isə bu müəssisə vasitəsilə «Evro-5» neft məhsulları buraxılacaq. Bazar var, istehsal var. Azərbaycan ən yaxşı loqistika təklif edir. Bu kontekstdə nə üçün bu xətləri- nəqliyyat və energetikanı vahid energetika məkanında birləşdirməyək», - deyə İ.Şaban bildirib. «Nezavisimaya qazeta»nın «Aşqabad və Bakı arasında «Kəpəz» (türkmənlər ona «Sərdar» adlandırırlar) neft yatağı ilə bağlı mübahisə nə qədər aktual olub olmadığı» barədə sualınln cavabında ekspert bildirib ki, hazırda bu məsələ danışıqlar predmeti deyil. Onun sözlərinə görə, bu məsələ həddən artıq siyasiləşdirilib. «Kəpəz» yatağının kommersiya qiyməti yoxdur. Adı çəkilən neft-qaz yatağı münasibətləri pisləşdirməyə dəymir. Hazırda münasibətlər yüksəliş dövrünü yaşayır».
O ki qaldı qaz layihələrinə, İ.Şaban bildirib ki, «üç ölkənin xarici işlər nazirlərindən heç biri türkmən qazının Azərbaycan və Türkiyə vasitəsilə Avropaya çatdırılacağını rəsmən bəyan etməyib. Lakin əgər nəzərə alsaq ki, Türkmənistan və Avropa İttifaqı arasında türkmən qazının Avropa istiqamətinə çatdırılması ilə bağlı məsləhətləşmələr aparılır, onda bu layihənin reallaşması qüvvədə qalır». Xatırladaq ki, hazırda nəzərdən keçirilən layihələrdən biri Türkmənistanın Cənub Qaz Dəhlizi layihəsinə qoşulmasıdır. Bu layihə üzrə Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql ediləcək. Əgər Türkmənistanı bu layihəyə cəlb etmək mümkün olacaqsa, onda Azərbaycan qaz tranzitçisinə çevriləcək. Ölkənin əlverişli coğrafi vəziyyəti ona əlavə olaraq bu statusu verir. Türkmənistan qazını öz sərhədində satmaq istəyir. Bu səbəbdən də Xəzərin dibi ilə boru xəttinin Azərbaycana çəkilməsi məsələsində xeyli passiv görünürdü. Passivlik həm də onunla izah olunurdu ki, bu layihə ümumiyyətlə reallaşmasın. Rusiya və İran da layihənin reallaşmasına qarşı çıxır. Əsas problem kimi də Xəzərin statusunun müəyyən olunmamasını, ekoloji məsələlər göstərilir. Bu problemi həll etmək üçün beş Xəzəryanı dövlət konsensusa gəlməlidir. Lakin bu proses hələ ki uzanır. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov RİA «Novosti»yə bildirib ki, yekun sənədin 70-80 faizi razılaşdırılıb. Bu səbəbdən də dənizin dibi ilə qaz kəmərinin inşası hələ də qeyri-müəyyən vaxta kimi təxirə salınacaq. Ola bilsin ki, Qərb sıxılmış qazın istehsalı üçün kompressor stansiyalarının inşası layihəsini müdafiə etsin. Bu halda da Azərbaycan tranzit ölkə kimi mövqeyini itirməyəcək.