Xəbər verdiyimiz kimi, mayın 24-də tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin iş yerində olduqca qeyri-adi hadisə baş vermişdir. Sözdə bir neçə nəfər oğru, gecə saatlarında fəalın Şohəda xiyabanında yerləşən mağazasına qıfılı qıraraq daxil olub, hər yeri, o cümlədən Çənli-bel kitabxanasını alt-üst edərək axtarış aparıblar. Onlar sonda iz itirmək üçün özləri ilə az miqdarda xırda pul götürüblər. Hadisə ilə bağlı polisə müraciət edən A.Lisaninin şikayəti hələ də nəticə verməyib. Fəalın mağazasının qarşısında gizli kamera olduğu halda, mağazaya girənlərin bu günə qədər tapılmaması şübhə doğurmaya bilməz.
İyulun 13-də isə azərbaycanlı fəal Cəfər Rüstəmiradın atası evində oxşar hadisə baş verib. Belə ki, Rüstəmirad ailəsi toy mərasimi üçün Təbrizə səfər etdiyi gün, bir neçə nəfər gecə saatlarında divarı aşaraq həyətə daxil olub və şüşəni kəsdikdən sonra evə giriblər. Onlar hər yeri, hətta şəkil çərçivələrinə qədər axtarıb, evi alt-üst ediblər. Evdə bir çox bahalı əşya olduğu halda yalnız bir odekolon və iki ədəd hədiyyə sikkəsindən başqa heç nə oğurlanmayıb, o əşyaların da iz itirmək üçün götürüldüyü məlumdur.
Bu dəfə isə ərdəbilli fəallar başqa bir təzyiq metodu ilə üzləşib. Məşhur fəallar Murtaza və Mustafa Pərvinin qonşuluğunda kirayə qalan şəxs, binanın ikinci mərtəbəsinə iki kamera quraşdırıb. Kameralar elə istiqamətə quraşdırılıb ki, adını çəkdiyimiz fəalları və onların evinə gəlib-gedənləri kontrol etməkdə başqa heç bir işə yaramaz. Üstəlik kameraların kirayədə qalan bir şəxs tərəfindən quraşdırılması, onun sadəcə adını çəkdiyimiz fəalları kontrolda saxlamaq üçün istifadə olunduğunu göstərir.
İran rejimi onlarla milyon Azərbaycan türkünü bütün sahələrdə ayrı-seçkiliyə məruz qoyduğu üçün Güney Azərbaycanın müxtəlif bölgələrindən bu siyasətə qarşı etirazlar var, etirazçıların bir çoxu milli-mədəni fəal adı ilə mədəni mübarizə aparır. Rejim isə həmin fəalları mədəni fəaliyyətdən uzaqlaşdırmaq üçün onları müxtəlif uydurma ittihamlarla həbs edir, bir çox təzyiqlərə məruz qoyur. Görünür ki, həbs, işgəncə və saxlama kimi təzyiqlər nəticə vermədiyi üçün rejim yeni təzyiq metodlarına üz tutub.