Vaxt.Az

«İnqilabın buldozeri» həbs oluna bilər


 

Qırğız namizəd millətlərarası ədavətə çağırışda ittiham olunur

«İnqilabın buldozeri» həbs oluna bilər Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi prezidentliyə namizədlərdən biri Azimbek Beknazarov barəsində cinayət işi qaldırmağı planlaşdırır. İstintaq onun etdiyi çıxışlardan birini millətlərarası ədavətə çağırış kimi qiymətləndirib. Prezidentliyə namizəd bildirib ki, «Qırğızıstan qırğızların dövlətidir». Əlavə edib ki, sabiq prezident Akayevin qurduğu bu ümumi evi dağıtmaq lazımdır. Ekspertlərin məsələ ilə bağlı fikirləri fərqlidir və haçalanıb. Bir qrup hesab edir ki, siyasətçinin səsləndirdiyi fikir cinayət xarakterlidir. Digərləri isə hesab edirlər ki, Beknazarov ictimaiyyəti şoka salmaq istəyib. Qeyd edilir ki, «Daimi xalq şurası»nın sədri Azimbek Beknazarovun «Ata Jurd» partiyasının qurultayında etdiyi çıxışa hüquqi qiymət veriləcək.

«Siyasətçinin səsləndirdiyi fikirlər filoloji-siyasi ekspertizaya göndərilib», - deyə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsindən bildirilib. Güc strukturundan bildiriblər ki, ekspertiza Beknazarovun çıxışında milli zəmində düşmənçilik elementlərinin olub-olmadığını araşdırıb yekun nəticəsini elan edəcək. Cəmiyyətdə məşhur olan qalmaqallı siyasətçi, qırğız parlamentinin sabiq deputatı Azimbek Beknazarov dövlət çevrilişlərinin fəal iştirakçısı olub. Buna görə də, 2005-ci ildə ölkənin baş prokuroru vəzifəsini alıb. 2010-cu ilin aprel hadisələrindən sonra isə müvəqqəti hökumətin baş nazirinin müavini və «inqilabın buldozeri» ləqəbini qazanıb. Hazırda vəkilik fəaliyyəti ilə məşğuldur. Bu günlərdə Qırğızıstan Mərkəzi Seçki Komissiyası onu müstəqil şəkildə namizədliyini irəli sürən şəxs kimi qeydiyyata alıb. Bu səbəbdən də onun «Ak-Yurd» partiyasının qurultayında çıxışı proqram xarakterli olmayıb - o bu partiyadan namizədliyini irəli sürən şəxsləri – Qamçıbəy Taşiyevi və Axmatbek Keldiyevi dəstəkləyib. Bu zaman isə səs-küyə səbəb olan çıxışı edib. Öz çıxışında Beknazarov qeyd edib ki, Qırğızıstan yalnız qırğızlar üçündür. «Qırğızıstan qırğızlara gərəkdir - bu qırğızların dövlətidir. Prezidentlər qırğızların rifahı üçün çalışmalıdırlar, onlar ölkəsini qurmalıdırlar. Biz sabiq prezident Askar Akayevin «Qırğızıstan bizim ümumi evimizdir» ideyasını dağıtmalıyıq», - deyə Beknazarov vurğulayıb. Qırğız siyasətçi hamını inandırmağa çalışıb ki, «Ata-Yurd»dan namizədliyini irəli sürən Qamçıbəy Taşiyev və Axmetbek Keldibekov etnik qırğızlardır: «Öz xalqına və vətəninə xidmət etməyə hazır olan, milli ruhda tərbiyə edilən şəxsləri fərqləndirməyin vaxtı çatıb».

Millətlərarası münasibətlər mövzusu Qırğızıstan üçün problemli məsələ kimi qalır. Son vaxtlar ölkədə millətlərarası məsələləri qızışdırdıqlarına görə bir neçə şəxs, o cümlədən kütləvi informasiya vasitələri və jurnalistlər barəsində cinayət işi qaldırılıb. Qırğız siyasətçisi, politoloq Mars Sariyev hesab edir ki, Beknazarovun tezisləri millətlərarası qarşıdurma yaradılması ittihamı ilə üzləşə bilər. «Bəli, mənə elə gəlir ki, bu çağırışlar əsas verir ki, onun barəsində cinayət işi qaldırılsın. Bu, çox təhlükəli çağırışdır. Bu cür bəyanatlar elə belə səslənmir. Çünki, milli ritorika üzrə bəyanatlar adətən etnik prinsipə görə elektorat cəlb etməyə imkan verir. Bu, çox təhlükəli fikirlərdir», - deyə ekspert «K-nyus»a açıqlamasında bildirib. Onun qənaətincə, Beknazarovun bəyanatları başqa bir namizəd – perspektivli Omurbek Babanova qarşı çevrilib. «Məqsədi Babanovu dəstəkləyən elektoratı onun əlindən almaqdır. Mən bu cür bəyanatları təhlükəli və yolverilməz hesab edirəm», -deyə ekspert vurğulayıb. «Beknazarovun sözlərinə diqqət verməmək olardı. O çoxdan bəridir ki, siyasi marqinal hesab edilir. Narahat edən məsələ başqadır – keçmiş baş prokuror Beknazarov əmindir ki, onun aqressiv notlu çıxışları ölkəyə ziyan gətirməyə bilər. Lakin  prezidentliyə digər namizədlər ölkədə problemlərin olmadığını göstərmək istəsələr, onda onları asan gələcək gözləməyə bilər», - deyə MDB ölkələri üzrə ekspert Arkadi Dubnov bildirib. Yeri gəlmişkən, Qırğızıstanda məşhur olan siyasətçi Feliks Kulov qurultayda iştirak etməyib. Lakin öz kanalları vasitəsilə aydınlaşdırıb ki, heç də prezidentliyə namizəd belə bir fikir səsləndirməyib. O, ehtimal edib ki, jurnalistlər tərcüməni düzgün etməyiblər.

«Beknazarov hüquqşünasdır, keçmiş baş prokurordur və səsləndirdiyi hər bir sözə görə cavabdehdir. Cinayət xarakterli hər hansı bir bəyanat səsləndirə bilməz. Onsuz da ölkədə kompromatlar davası gedir», - deyə Kulov bildirib. Müxalifətçi deputat Ravşan Ceenbekov isə Beknazarovun çıxışlarını millətçi ruhlu siyasətçinin fikirləri kimi qiymətləndirib. Lakin eks-baş prokurorun sözlərində millətlərarası ədavət salmaq barədə hər hansı bir çağırış görmədiyini bildirib. «Mən inanmıram ki, o, fikirlərində ciddi olub. O, prezidentliyə namizəddir və özünə auditoriya cəlb etmək fikrindədir», - deyə Ceenbekov bildirib. Prezident seçkiləri kampaniyasında 32 namizədin ali dövlət postuna namizədliyinin irəli sürüldüyünü nəzərə alsaq, onda namizədlər tanınmaq üçün bütün vasitələrdən istifadə edirlər. Ceenbekov hesab edir ki, artıq əsas namizədlər müəyyən olunub. «Onlar çoxdurlar. Bunlar kifayət qədər maliyyəyə sahib olan, müəyyən mənada tanınan və Kremldən dəstək alan namizədlərdir. Yerdə qalan namizədlər seçkilərə özlərinin piar məqsədi və müəyyən bonus əldə etmək üçün qatılanlardır», - deyə siyasətçi bildirib. Onun qənaətincə, Moskvanın real dəstəyinin nə qədər güclü olduğunu seçkilərə az qalmış müəyyən etmək olacaq. Lakin siyasətçi hesab edir ki, hakimiyyətə kimin gələcəyinin o qədər də əhəmiyyəti yoxdur. Çünki, onların əksəriyyəti Kremlin nəzarəti altında olacaqlar. Bir faktı da qeyd edək ki, Qırğızıstanda prezidentliyə namizədlər arasında azərbaycanlı da var. Bu şəxs Nüsrət Məmmədovdur. Ötən həftə Qırğızıstan Respublikasının Mərkəzi Seçki Komissiyası prezidentlik vəzifəsinə Qırğızıstan vətəndaşı Nüsrət Musa oğlu Məmmədovun namizədliyini qəbul edib. N.Məmmədov 1957-ci ildə doğulub və Qırğızıstan vətəndaşıdır. N.Məmmədov Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fonduna rəhbərlik edir.

 





21.07.2017    çap et  çap et