Vaxt.Az

Niyə məhz Zərdabinin «Əkinçi»si, ...


 

... bəs ondan əvvəl çıxan qəzetlər?...

Niyə məhz Zərdabinin «Əkinçi»si, ... Bu gün Azərbaycan mətbuatı 142-ci ilini qeyd edir. 1875-ci il iyulun 22-də fəaliyyətə başlayan «Əkinçi» qəzeti özündən sonra tarix yazmağı bacarıb. Sonralar çar imperiyasının göstərişi ilə qəzetin fəaliyyəti sona çatdırılsa da, bu gün «Əkinçi»nin ənənəsi davam edir. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra mətbuat sahəsinə diqqət və maraq güclənib.

Niyə məhz «Əkinçi»ni anadilli  Milli Mətbuatımızın sütünu kimi qəbul edirik? Axı ondan əvvəl də mətbu nəşrlər olub...

Məsələ ilə bağlı «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlının Modern.az-a açıqlamasında deyib ki, 1828-ci ilin 10 fevralında Rusiya ilə İran arasında Türkmənçay müqaviləsi bağlanandan sonra Azərbaycan əraziləri parçalananda  Şimali Azərbaycanda çar Rusiyası öz hakimiyyətini möhkəmləndirmək üçün qəzetlər açıb.

«1832-ci ildə «Qafqazın o tərəfinin xəbəri», «Tifliski vedamosti» qəzetinə gürcü, azərbaycanca və ermənicə əlavələr buraxıldı. Ancaq o qəzetlərin bütün nüsxələri bizdə yoxdu. Gürcüstan dövlət arxiv idarəsində həmin qəzetlərin Azərbaycanla bağlı müəyyən bir məlumatları var. Amma o qəzetlərin əsli bizdə yoxdu. Həmçinin, o qəzetlərin mahiyyətinə baxanda onlar çar Rusiyasının əmrlərini, rəsmi qərarları, sərəncamları çap edib. Bu qəzetlərdə müstəqil yaradıcılıq işi yoxdur. Məsələn, çar Rusiyası dövründə həmin qəzetlərdə «gömrük haqqında» bəyamnamə, «ticarət haqqında» qanun çap olunub. O zaman bu qəzetlərdə insanların yaşadığı ərazilərlə, həyatı, şəraiti ilə bağlı hər hansı bir müstəqil yaradıcılıq məhsulu yoxdur. Ona görə də Azərbaycan jurnalistikasının bayraqdarı kimi «Əkinçi»ni götürürük.

«Əkinçi» qəzetinin strukturu jurnalistikanın peşə prinsiplərinə uyğun gəlir. Yəni baş məqalə var-Daxiliyyə. Məsələn, xəbərlər var. Əkinçinin beş şöbəsi olub. Ona görə də biz Azərbaycan jurnalistikasının bayraqdarı kimi «Əkinçi»ni qəbul edirik. Həmçinin, o zaman Cənubi Azərbaycanda da çap olunan qəzetlər olub».

A.Aşırlı bildirib ki, Cənubi Azərbaycanda çap olunan qəzetləri də Milli Mətbuatın başlanğıcı kimi götürə bilərik.

«Bunun üçün bizim Cənubi Azərbaycan mətbuatının geniş şəkildə tədqiqiatına ehtiyacımız var. Nəcəf bəy Vəzirov «Əkinçi»də yazı yazanda tələbə idi. Abbasqulu Ağa Bakıxanov müxtəlif qəzetlərdə çıxış edib. O, çar Rusiyası dönəmində «Qafqaz» və digər qəzetlərdə çıxış edib. Amma Abbasqulu Ağa Bakıxanov dönəmində «Əkinçi» çap olunmamışdı. Əziz Mirəhmədov, Xeyrulla Məmmədov qəzetlərin tədqiqatı ilə məşğul olublar və onların da fikri bundan ibarətir ki, bizim anadilli milli mətbuatımız «Əkinçi»dir. Əgər biz dövrü qabağa çəkmək istəyiriksə, Cənubi Azərbaycanda qəzet nümunələrini təhlil etməliyik. Bu gün Cənubi Azərbaycan İranın tərkibindədir. O zaman da biz yeni bir qalmaqalın əsasını qoymuş olacağıq. O qəzetlərin nüsxələri bizdə yoxdur. Amma «Əkinçi»nin 56 sayının hamısı bizdə var. Həm də «Əkinçi» sırf oxucuya söykənərək, çapan çıxarılmış qəzetdir. Həsən bəy Zərdabiyə «Əkinçi» qəzetinin çap olunması üçün icazə almağa 7 il vaxt lazım olub. O, «Əkinçi» çap olunmazdan əvvəl hər yerə elannamələr göndərirdi ki, bu qəzetə abunə olun. Yəni «Əkinçi»də jurnalistikanın peşə prinsipləri daha çox qorunduğundan, milli maraqlara və mövqelərə uyğun olduğundan, həmçinin, ana dilində çap olduğundan «Əkinçi»ni ilk anadilli mətbu orqan kimi götürürük».

 





22.07.2017    çap et  çap et