Rəşadın hisslərini bir neçə gün yenidən və yenidən yaşadım. Ruhum sarsıldı...
Nisgil var gecənin qaranlığında,
Sükuta bürünüb Bakı vağzalı…
Gözlərim yol çəkir yol ayrıcında…
İçim başdan-başa gözləmə zalı…
Uyuyur saçımda izi illərin -
Bir kövrək baxışa, sığala möhtac.
Dolaşıb kələfi xatirələrin -
Üfüqlər dolanbac, yollar dolanbac…
Dünənə aparan yollar uzaqda,
Qapısı bağlıdır hələ yolların…
Dayanıb sakitcə dayanacaqda
Yolunu pusuram ayrılıqların…
***
Sükuta bürünüb vağzal,
Sükuta…
Bir dil istəyirəm dindirə məni…
Bir əl istəyirəm əlimdən tuta
Ağdam qatarına mindirə məni…
***
…Saata baxıram:
«Hələ vaxta var…»,
Bələdçi perronda kölgə tək susur...
Gözümdə yol gəlir bir kabus-qatar
İçimdə yol gəlir həsrət kabusu…
«Bələdçi, bələdçi!
Niyə donmusan?
Danış!
Din!
Cavab ver!
Açılsın səsin!
De, «qatar Ağdama gedir…»
De, qardaş…
De, «yanlış yazılıb «Gəncə» lövhəsi».
…Bələdçi biletə baxır sakitcə,
…Bələdçi nə bilsin içimdə nə var?
Lövhədə «Gəncə»di,
biletdə «Gəncə»,
Gözümdə…
«Ağdama gedir bu qatar».
***
…Bu qatar Gəncəyə gedir…
Gəncəyə…
Bəlkə də Ağdama gedib nə vaxtsa.
Bəlkə bir iz tapdım, «təsəlli», - deyə
Dəhlizə boylansam, kupeyə baxsam…
***
...Kupe də bənzəyir həmin kupeyə,
Dəhliz də bənzəyir, pəncərələr də...
Elə bu qatarla, elə bu yolla...
Qaçmaq istəyərdim xatirələrdən.
Kupedə sükut var...
Bu dəli sükut
Bir yetim təsəlli yoğura bilmir...
Kirpiyim altında titrəyən bulud
Bir damla göz yaşı doğura bilmir.
Xatirə qoxuyur aldığım nəfəs...
Hayqırır geri dön, geri dön, Rəşad!
Mənə divan tutur içimdəki səs:
«Bu qatar Ağdama getmir, en, Rəşad!».
...Siqaret tüstüsü dolur gözümə
Dumana bürünür xatirələrim.
Hardasan, ey mənim itkin qatarım?!
Hardasan, ey mənim qərib şəhərim?!
***
…Hər gecə Ağdama bir qatar gedir
Ayrılıq daşıyır…
Qayıtmır geri…
Hər gecə Ağdamdan bir qatar gəlir -
Didərgin ruhlardı sərnişinləri…
Didərgin ruhlardı sərnişinləri…