Vaxt.Az

Sanksiyalar qanuniləşdiriləcək


 

Tramp səlahiyyətlərini məhdudlaşdıran qanun imzalayacaq

Sanksiyalar qanuniləşdiriləcək Tramp Rusiyaya qarışı yeni sanksiya qanununu imzalayacağını açıqladı. Əslində başqa yolu da yox idi. Əvvəla, Konqresdə Rusiyaya münasibətdə ikipartiyalı konsensus mövcuddur, ölkədaxili məsələlər və prezidentin qanunvericilik təşəbbüsləri ilə bağlı heç cür razılığa gələ bilməyən respublikaçılar və demokratlar Rusiya məsələsində həmrəylik nümayiş etdirir. Yəni, prezident veto qoysa belə, bunu aşmaq üçün üçdə iki səs çoxluğu var.

İkincisi, Rusiya tematikası Tramp üçün artıq «toksik» mövzuya çevrilib. Rusiyaya münasibətdə hər hansı yumşalma onun Moskva ilə gizli əlaqələrinə dair şübhələri gücləndirə bilər. (Xüsusi prokuror Müller və Konqresin hər iki palatasının komitələri bu barədə təhqiqatı davam etdirirlər.)

Üçüncüsü, Rusiyaya qarşı sanksiya layihəsi İrana və Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi ilə birləşdirilib. Bu cür sənədə prezidentin yox deməsi asan deyil.

Layihə iki gün sonra - iyulun 25-də Nümayəndələr Palatasında səsverməyə çıxarılacaq. (Senatda iyunun 15-də qəbul edilib.) Sənəddə Rusiyaya qarşı həm yeni sanksiyaların tətbiqi, həm də indiyədək icra hakimiyyəti səviyyəsində (prezident və Maliyyə Nazirliyi tərəfindən) tətbiq edilmiş sanksiyaların qanunlaşdırılması nəzərdə tutulub. Bu, o deməkdir ki, prezident artıq həmin sanksiyaları ləğv edə bilməz, bu hüquq Konqresə keçir.

Yəni, Tramp faktiki öz səlahiyyətlərini məhdudlaşdıran qanuna imza atmalı olacaq.

 





23.07.2017    çap et  çap et