Yəni əgər sizin müflis bankda pulunuz qalıbsa, təbii, siz banka qarşı əlahiddə iddia irəli sürə bilməzsiniz. Sizin tələbiniz bankın ləğvetmə prosesini aparan məhkəmənin predmetidir. Həmin məhkəmədə təkbaşına və ya kreditorlar komitəsi vasitəsilə kreditor növbəniz çərçivəsində maraqlarınızı qoruya bilərsiniz.
Amma tutaq ki, siz müflis bankın borcunu ödəmisiniz, amma bank girovunuzu qaytarmır. Bu halda sizin hər hansı kreditor növbəniz yoxdur, çünki banka qarşı pul tələbiniz də yoxdur. Buna görə də təbii banka qarşı əlahiddə iddia irəli sürə bilərsiniz. Yəni ləğvetmə prosesinin bitməsini gözləməli deyilsiniz.
Digər sual əmək haqqı ilə bağlı idi. «Banklar haqqında» Qanuna görə müflis bankın əmək haqqı üzrə borcu 4-cü növbəli kreditor tələblərinə aiddir. Sual ondan ibarət idi ki, əmək haqqının həmin növbədə olması nə dərəcədə Əmək Məcəlləsinə uyğundur. Məhkəmə də gözlənilən cavabı verdi: uyğundur! Yəni əgər siz müflis bankda işləmisinizsə və sizə əmək haqqı borcu qalıbsa, növbənizi gözləməlisiniz: pul çatsa, əmək haqqınızı alacaqsınız, çatmasa yox.
Lakin Qərarın nəticə hissəsindən fərqli olaraq, onun təsviri-əsaslandırıcı hissəsində Məhkəmə daha 2 məsələyə də münasibət bildirib. Əvvəla, Məhkəmə müflis bankın hələ də bank olub-olmadığı məsələsinə aydınlıq gətirmişdir. Belə ki, Qərarda deyilir: «müflis elan olunmuş bank qurumu iflas proseduru çərçivəsində hüquqi şəxs kimi fəaliyyətini davam etdirir». Yəni bank müflis elan olunandan sonra lisenziyası ləğv edildiyi üçün artıq bank deyil və sadəcə hüquqi şəxs kimi ləğvetmə prosesindədir. Bu isə o deməkdir ki, nəinki müflis, ümumiyyətlə sadəcə lisenziyası ləğv edilmiş bank artıq bank deyil, deməli, onunla bağlı hər hansı bank sirri rejimindən söhbət belə gedə bilməz. Yazılarımı izləyənlər bilir ki, bu məsələ ilə bağlı mənimlə («Bank Standard»ın Kreditorlar Komitəsinin sədri qismində) Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası və Əmanətlərin Sığortalanması Fondu arasında mübahisə mövcuddur. Onlar hesab edir ki, müflis bank hələ də bankdır və bank sirrinə görə məsuldur. Konstitusiya Məhkəməsi bu mübahisəyə bizim xeyrimizə son qoydu! Mərhaba!
Lakin eyni zamanda digər məsələ üzrə Məhkəmə Qərarda açıq-aşkar Əmanətlərin Sığortalanması Fondunun xeyrinə olan mövqe təsbit etməyə cəhd etmişdir. Özü də birinci məsələdən fərqli olaraq, həmin məsələnin məhz bu Qərarda əks olunması tamamilə yersizdir və Qərarın predmetinə heç uyğun deyil. Görünən odur ki, kimsə Məhkəmənin təcili olaraq bu məsələyə də münasibət bildirməsində maraqlı olub. Söhbət Əmanətlərin Sığortalanması Fondunun «Banklar haqqında» Qanuna əsasən müflis bankın kreditorları sırasında birinci növbəni tutmasıdır. Yəni Fond müflis bankın sığortalanmış əmanətləri üzrə əmanətçilərə ödədiyi kompensasiya məbləğini bankın əmlakı hesabına geri götürməkdə digər kreditorlara nisbətən üstünlük hüququna malikdir.
Məsələn, tutaq ki, mənim müflis bankda 1 milyon manat sığortalanmış əmanətim var idi və Fond onu mənə kompensasiya edib. Sizin şirkətin isə həmin bankdakı hesabında 2 milyon manat pulu var. Bankın qalıq əmlakı elə cəmi 1 milyon manatdır. Həmin pulu Fond özünə götürəcək ki, Əkrəmin əmanətini kompensasiya etmişəm, bu da onun əvəzidir. Sizə isə heç nə çatmayacaq. Yəni bu məntiqlə belə çıxır ki, bizim əmanətlərin sığortalanması sistemi sadəcə digər kreditorlar (sizin şirkət kimi) hesabına fəaliyyət göstərir.
Bu, nəinki ədalətsizdir, ümumiyyətlə Konstitusiyanın 29-cu maddəsində təsbit edilmiş «Mülkiyyətin heç bir növünə üstünlük verilmir» prinsipinə ziddir. Yəni faktiki olaraq dövlət qurumu olan Fondun mülkiyyət hüququna üstünlük verilmiş olur. Mən dəfələrlə bu problem barədə demişəm və yekunda məsələnin Konstitusiya Məhkəməsinə çıxarılacağının anonsunu da vermişdim. Görünən odur ki, kimsə çıxışlarımdan bərk narahat olub və qabaqdangəlmişlik edərək Məhkəmənin məsələyə indidən münasibət bildirməsini israrla rica edib ki, söhbət elə indi bağlansın. Yəqin Qərarın da belə gec dərc olunmasının səbəbi məhz budur.
Söhbət yalnız ondan getmir ki, Məhkəmə rəsmi sorğu edilməyən məsələyə Qərarda münasibət bildirilməsinin absurdluğunu dərk edərək çətinlik çəkib. Necə deyərlər, bu, öz yerində! Əsas odur ki, Konstitusiya Məhkəməsi dəfələrlə mülkiyyət hüququnun qorunmasına dair qərarlar qəbul edib. Buna görə də sırf Əmanətlərin Sığortalanması Fonduna görə əvvəlki qərarlarından kənarlaşması yolverilməzdir.
Buna görə də Məhkəmə «sifarişçi»ni yola vermək variantına üstünlük verib və məsələnin hər bir halda gələcəkdə yenidən müzakirəyə çıxarılması üçün əlyeri qoyub. Belə ki, Məhkəmə Qərarda deyir: «növbəlilikdə birinciliyin Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra – Fond) reqres tələblərinin ödənilməsinə verilməsi məhz sosial ədalət prinsipinə əsaslanır... müflis bankların əmanətçilərinə kompensasiyaların ödənilməsi nəticəsində Fondun sığorta ehtiyatları azalır və bütövlükdə bank sisteminin əmanətçilərinin təminatı azalmaq təhlükəsi ilə üzləşir. Məhz bu səbəbdən Fondun müflis banka qarşı reqres tələb hüquqları öhdəliklərinin ödənilməsi növbəliliyində ilk yeri tutur və bütövlükdə bank əmanətçilərinin mülkiyyət hüquqlarının toxunulmazlığına xidmət edir». Göründüyü kimi, Məhkəmə Fondun birinci növbəli kreditor olmasının Konstitusiyaya, xüsusən 29-cu maddəsinə uyğun olub-olmamasına qiymət vermir, sadəcə sözügedən məsələnin hansı səbəbdən məhz bu şəkildə qanunda təsbit edilməsini izah edir. Özü də çox müəmmalı izah edir. Bu məntiqlə belə çıxır ki, sabah hər hansı sığortaçı da gəlib deyə bilər ki, onun tələbləri birinci növbəlidir, çünki sığorta ödənişi etdikdən sonra vəsaiti azalır və digər müştərilərinin sığorta ödənişi ala bilməsi üçün təhlükə yaranır. Cəfəngiyatdır!
Buna görə də əlbəttə, daha yaxşı olardı ki, Məhkəmə ümumiyyətlə bu məsələyə bu Qərarda münasibət bildirməzdi. Amma yəqin təzyiq çox güclü olub. Hər bir halda sağ olsun ki, heç olmasa nöqtəni qoymayıb, məsələyə çox bəsit münasibət bildirərək bizim gələcək iradımızı kökündən baltalamayıb. Başqa sözlə, bu məsələ uğrunda da mübarizə davam edir və sonadək gedəcəyik!