Nazirlər Kabinetinin iclasında ölkənin pul və bank qanununun islah olunması layihəsi ilə bağlı hökumətin iqtisadiyyat komissiyasının hesababatı dinlənilib araşdırıldıqdan sonra milli pul vahidinin dəyişdirilməsinə qərar verilib.
Hazırlanan layihəyə əsasən İranın yeni pul vahidi «tümən», 10 «rial»a bərabər təyin edilib.
Bildirilir ki, həmin qərar layihəsinin qəbul olunmasında məqsəd, ölkənin pul və bank sistemində sabitliyi qoruyub saxlamaqdır. Qeyd olunur ki, İran hökumətinin milli valyutanın dəyişdirilməsi ilə bağlı təklifi əvvəlcə İran parlamentinə təqdim ediləcək. Təklif, iranlı deputatlar tərəfindən qəbul ediləcəyi təqdirdə, Konstitusiyaya Nəzarət Şurasının razılığı ilə qanuna çevrilərək İranın pul vahidi rəsmən «tümən» olacaq.
Xatırladaq ki, İranda əhali arasında gündəlik alış-veriş zamanı qeyri-rəsmi olaraq daha çox «tümən»dən istifadə edilir. Alış-veriş mübadilələrində isə «rial» sözündən istifadə olunması hesablamalarda ciddi çətinliklər yaradır, vətəndaşları cürbəcür problemlərlə üz-üzə qoyur.