Dağıstan rəhbəri bildirib ki, parkın bərpası layihəsinə lazım olan maliyyə təmin olunacaq. «Öz tarixinə belə biganə yanaşmaq olmaz! Axı bu, şəhərin simvollarından biridir. Məhz burada, Dərbəndin bu yaşıl zonalarından birində bir vaxtlar bütün şəhər sakinləri dincəlirdi. Parkın həmin görkəmini bərpa etmək, əhəmiyyətini özünə qaytarmaq və onu yenidən qurmaq lazımdır», - Abdulatipov bildirib.
Nizami parkının baxımsızlıqdan xarabalığa çevrildiyi barədə dəfələrlə yazılıb. Baxmayaraq ki, parkın ərazisində aşkar olunan qədim qəbiristanlığa görə Dağıstan hökuməti ərazini tarixi qoruq kimi tanıyıb. Park xarabalığa çevrildiyindən Nizaminin heykəli də oradan götürülüb. Hazırda parkın ərazisində «Derbent Plaza» adlı çoxfunksiyalı kompleks inşa edilir. Baxmayaraq ki, Dağıstan hökuməti parkın ərazisində tikinti aparılmasına qadağa qoyub. Dağıstan mənbələrinin məlumatına görə həmin kompleksi tikən investorlar arasında Azərbaycanın baş nazirinin keçmiş birinci müavini Abbas Abbasovun oğlu da var. Hansı ki, Abbas Abbasov Dağıstan rəhbəri ilə yaxın dostdur.