Allah, Allah, hər şeyi ilə bizik! İllah da ehtiyacın sürtüb bozartdığı və illərin stressinin şıram açdığı sifətlərdə, kasıbçılığın tökdüyü mırıq dişlərlə dolu ağızların büzüşmüş kənarlarındakı arsız təbəssümlə gülümsəyən tamaşaçılarla- xalqın içindən çıxanlarla, xalqın özü ilə. Bu veriliş mənəm, sənnsən, odur, bizik- Azərbaycanın kiçik modelidir. Biz orada olduğumuz kimi görünürük. Mikayılın verilişi qorxulu realiti -şoulardan bəhs edən Hollivud filmlərini xatırladır. Adamı vahimə bürüyür. İlk baxşıdan tragikomediyanı xatırlatsa da (yeri gəlmişkən, «Space»in prezidenti tragikomediya filmlərinin ustasıdır) əsl psixoloji dramdır. Tamaşaçıların boz siması nə qədər müvəqqəti gülüşlərlə (aralarında gülməyənlər də az deyil) pərdələnsə də həyatın dibinə tutulmuş soluxmuş güzgülərdir.
Mikayılın bir müsahibəsini oxumuşdum- çoxlarının yazdığı və dediyi kimi səviyyəsiz adam təsiri bağışlamırdı. Verilişindən də elə görünür. Adam televiziya işinin bilənidir, ustasıdır. Cəmiyyəti içli-dibli göstərməyi və bütün bunlarla birgə əyləndirməyi və para çıxarmağı da gözəl bacarır.