«Trend»in məlumatına görə, tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, KİV rəhbərləri və digər qonaqlar iştirak edib.
Tədbirdə çıxış edən V.Səfərli bildirib ki, müsabiqə KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqaməti əhatə edib. Onun sözlərinə görə, müsabiqəyə 69 KİV-dən 147 yazı daxil olub.
Yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini deyən V.Səfərli ümumilikdə 111 nəfər jurnalistin mükafatlandırıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, müsabiqənin şərtlərinə əsasən, I yerin qalibləri üçün 500, II yerin qalibləri üçün 400, III yerin qalibləri üçün 300 manat mükafat nəzərdə tutulub.
Daha sonra çıxış edən Ə.Həsənov bildirib ki, bu il 22 iyul Milli Mətbuat Günü ikiqat əlamətdardır. Ə.Həsənov deyib ki, iyulun 20-də Azərbaycan prezidenti İlham Əliyevlə jurnalistlərin görüşü keçirilib: «Dövlət başçısının proqram xarakterli çıxışı uzun müddət medianın stolüstü kitabına çevriləcək. Prezident həqiqəti yazmağı, Azərbaycanın milli maraqlarının daxildə və xaricdə qorunması ilə bağlı siyasətə dəstək verməyi, anti-Azərbaycan təbliğatına qarşı mübarizə aparmağı tövsiyə etdi. Bunlar bütün jurnalistlərin ürəyincədir».
Ə.Həsənov onu da təəssüflə qeyd edib ki,jurnalistlərin sırasında bu peşəyə xələl gətirənlər, anti-Azərbaycan fəaliyyətinə dəstək verənlər də olur.
Azərbaycan prezidentinin köməkçisi jurnalistlər üçün tikilən ikinci binada 255 jurnalistin mənzil sahibi olduğunu xatırladıb: «Prezident jurnalistlərlə görüşdən böyük təəssüratla qayıtdı. Mən əminəm ki, jurnalistlər də bu görüşü həmişə məmnunluqla xatırlayacaqlar. Əlbəttə, 255 mənzil bütün jurnalistlərin ehtiyacını ödəmir. Əlbəttə, bu gün siyahıdan kənarda qalan jurnalistlər arasında da haqqı çatan və ehtiyacı olan qələm sahibləri var. Lakin çox təəssüf edirəm ki, adını jurnalist qoyan bir qrup sosial şəbəkələrdə müvafiq Komissiyanın fəaliyyətinə, nəcib aksiyaya kölgə salmağa çalışır. 255 jurnalist arasında aktiv olub öz haqqını müdafiə edənlər var. İnanıram ki, onların arasında passiv olanlar da fəallıq göstərəcəklər. İndi mənzillə təmin olunanlar barəsində danışanların arasında ev almaq üçün adlarındakı mənzili başqalarının adına keçirənlər, jurnalist stajlarını yalandan artıranlar, hətta 12-13 yaşlarından əmək fəaliyyəti ilə məşğul olduğu barədə əmək kitabçasına staj yazdıranlar da var. Təəssüf ki, bir sıra veteran jurnalistlərə, bu gün fəaliyyət göstərən və ehtiyacı olanlara ev ayıra bilmədik. Onlar növbəti binada mənzillə təmin olunacaqlar. Çox təəssüf ki, komissiyanın fəaliyyətini qaralamaq istəyən bəziləri katibələrə, sürücülərə ev verildiyini qeyd edirlər. Halbuki elə bir fakt yoxdur. Mənzillə təmin olunanlar arasında uzun illər Azərbaycan Nəşriyyatında müxtəlif məsul vəzifələri icra edən şəxslər var. Nəşriyyat işində, mətbuat sahəsində onların xidməti heç də jurnalistlərinkindən az deyil. Yaxud KİVDF-də Komissiyada çalışanlardan birinin ev almaq haqqı yoxdurmu? Və ya Milli Televiziya Şurasının bir üzvünə ev ayrılıb. Onlar da medianın problemi ilə məşğul olurlar. O cümlədən mətbuat xidmətlərində çalışanlardan cəmi 5 nəfərə ev ayrılıb. Onlar da sizin sıralarınızdan çıxmış, uzun illər jurnalistikada olmuş insanlardılar».
Ə. Həsənov jurnalistlər üçün üçüncü binanın 2019-cu il iyulun 22-də istifadəyə verilməyə çalışacaqlarını söyləyib: «Dövlət başçısı 2020-ci ilə qədər üçüncü binanın tikintisinin başa çatdırılmasını tapşırdı. İnanıram ki, biz 2 ilə buna nail olacağıq. Bu mümkün olmasa da, 2020-ci ildə mütləq üçüncü bina istifadəyə veriləcək».