Vaxt.Az

«Bəzi avtomobillərin qiyməti qalxıb»


 

Benzinin bahalaşması maşın bazarına necə təsir edib?

«Bəzi avtomobillərin qiyməti qalxıb» Hazırda Bakıda avtomobil bazarında durğunluq müşahidə olunur. Bunu «Trend»ə əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib. V.Hüseynovun sözlərinə görə, ikinci əl avtomobillərin qiyməti ucuzlaşıb: «Mühərrik həcmi 2,5-dən yuxarı olan avtomobillərin qiymətində 25 faizə qədər, mühərrik həcmi 2,5-dən aşağı olan avtomobillərdə isə 5 faizə qədər azalma müşahidə olunur».

Ekspertin sözlərinə görə, bazardakı vəziyyətə həm yay mövsümü, həm də yanacağın qiymətinin dəyişməsi təsir edib: «Benzinin qiymətinin dəyişməsi ona təsir etdi ki, insanlar mühərrik həcmi aşağı, lakin at gücü yuxarı olan avtomobillərə üstünlük verirlər. Ümumiyyətlə avtomobil bazarında ciddi dəyişiklik baş verir. Adətən insanlar həmişə 2002-ci ilə qədər olan köhnə «Opel» və «Mercedes» markalı avtomobillərdən istifadə edirdilər, çünki həm yanacağın qiyməti aşağı idi, həm o avtomobillərin ehtiyat hissələri, təmir xərcləri nisbətən ucuz başa gəlirdi. İndi isə müştərilər mühərrik həcmi eyni, lakin at gücü daha çox olan yeni avtomobillərə üstünlük verirlər. Ona görə bu avtomobillərin qiymətində artım müşahidə olunur. Digər tərəfdən, əvvəllər insanlar ucuz avtomobil alıb taksi fəaliyyəti ilə məşğul olurdular. Lakin indi bazarda çoxlu sayda taksi şirkətləri fəaliyyət göstərir və onlar da rəqabət olduğu üçün qiyməti aşağı salmağa çalışırlar. Digər tərəfdən də benzinin qiymətində olan dəyişikliklər səbəbindən köhnə avtomobillərlə taksi fəaliyyəti göstərmək rentabelli olmur. Təbii ki, bu da köhnə avtomobillərin qiymətində azalmaya səbəb olur».

V.Hüseynov bildirib ki, növbəti ay bazarda aktivlik daha da aşağı düşəcək: «Yay aylarında ümumiyyətlə avtomobil bazarında aktivlik aşağı düşür. Bu hər il bizim müşahidə etdiyimiz haldır. Sentyabr ayından isə bazarda canlanma başlayacaq. Qiymətlər isə manatın məzənnəsindən və digər amillərdən asılı olacaq».

 





25.07.2017    çap et  çap et