Eyni zamanda, Rusiya «yumşaq güc» vasitələrindən də istifadə edərək Gürcüstan daxili siyasətinə təsirini artırmağa çalışır. Avropada olduğu kimi, burada da Moskva millətçi-faşist ünsürlərlə əlaqə qurub, onlardan yararlanır. İyulun 14-də Tiflisdə «Gürcü marşı» deyilən kütləvi aksiya keçirildi. (Yəqin ad sizə tanış gəldi, «Russkiy marş»ın gürcü versiyası.) Bundan 3 gün əvvəl isə həmin neofaşist qrupların parlamentdəki təmsilçisi olan «Vətənpərvərlər İttifaqı»nın deputatları Rusiyaya səfər edib, orada görüşlər keçirdilər.
Yəni, şovinist millətçilik hazırda Gürcüstanda doğrudan da əclafların üz tutduğu ideoloji ünvana çevrilib. (Ümumiyyətlə, radikal millətçilər istər yerli iqtidarlar, istərsə də xarici dairələr tərəfindən çox asanlıqla manipulyasiya edilən, yönləndirilə bilən ideoloji zümrədir.)
İndi gələk NATO təlimlərinə. İyulun 30-da Vazianidə (Tiflis) növbəti «Noble Partner» hərbi təlimləri başlayır. Bu təlimlər Gürcüstan ordusunu NATO standartlarına uyğunlaşdırmaq üçün 2015-ci ildən bəri təşkil olunur. Bu dəfə təlimlərə üzv və tərəfdaş ölkələrdən 3 minə yaxın əsgər və çoxlu sayda hərbi texnika cəlb edilib. Artıq Poti limanına gələn NATO hərbi texnikası quru yolu ilə Tiflisə irəliləyir və NATO tankları ilə rus tankları arasında çox az məsafə var.
Təlimlərin açılışında yüksək səviyyəli qonaq - ABŞ-ın vitse-prezidenti Mayk Pens də iştirak edəcək. Bu fakt hazırki çətin məqamda Gürcüstana dəstək nümayişi kimi qiymətləndirilməlidir. Onu da qeyd edim ki, ABŞ Nümayəndələr Palatasının Rusiyaya qarşı sanksiyalara dair qəbul etdiyi qanunda bu qanunu zəruri edən səbəblər arasında Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğalı da göstərilir. Bundan başqa, qanuna əsasən Gürcüstan, Ukrayna və bəzi Balkan ölkələrində Rusiya təsirinə qarşı mübarizə aparmaq məqsədilə 250 milyon dollarlıq fond yaradılır.
Yeri gəlmişkən, Gürcüstandakı təlimlərə Ermənistan da qatılacaq, Azərbaycan isə qatılmaqdan imtina edib. Səbəbini bilmirəm. İmtinanı Ermənistan amili ilə izah edənlər var, yəni onların olduğu yerdə biz ola bilmərik filan. Amma xatırlatmaq istərdim ki, siyasi-hərbi rəhbərliyimiz əsgərlərimizin Moskvada ermənilərlə birlikdə hərbi paradda iştirakını problem saymamışdı.