Vaxt.Az

«Şahdəniz» xilas oldu


 

ABŞ-ın yeni anti-Rusiya sanksiyalarına düzəliş edildi

«Şahdəniz» xilas oldu ABŞ Konqresinin Nümayəndələr palatası tərəfindən bu günlərdə təsdiqlənən yeni anti-Rusiya sanksiyalarına dair qanun layihəsində Azərbaycanın «Şahdəniz» qaz yatağı layihəsini sanksiyalardan qoruyan düzəliş edilib.

Virtualaz.org xəbər verir ki, qanun layihəsinin əvvəlki variantında Rusiya şirkətlərinin iştirak etdiyi energetika layihələrinin ABŞ bankları və Birləşmiş Ştatların bank sistemi üzərindən əməliyyatlar həyata keçirən banklar tərəfindən maliyyələşdirilməsi qadağan edilirdi. Nəticədə Rusiyanın «Lukoil» şirkətinin 10 faiz payla təmsil olunduğu «Şahdəniz» layihəsi də istər-istəməz bu qanunun təsiri altına düşürdü.

Bununla bağlı ABŞ prezidentinin və dövlət katibinin Xəzərin energetika məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi, Bakıdakı keçmiş səfir Riçard Morninqstar və Münhen təhlükəsizlik konfransının sədri Volfqanq İşinger öz məqalələrində narahatlıq ifadə etmişdilər. Bildirmişdilər ki, qanun layihəsinə düzəliş edilməsə yeni anti-Rusiya sanksiyaları əslində Rusiyanın işinə yarayacaq. Çünki «Şahdəniz» qazının Avropa bazarlarına çıxarılması və beləliklə də Rusiyanın bazardakı payını azaltmağa yönələn ABŞ strategiyasına zərbə dəyəcək.

İndi «Bloomberg» agentliyi bildirir ki, qanun layihəsinin son variantında sanksiya tətbiq ediləcək energetika layihələri üçün Rusiya şirkətlərinin iştirak payı ilə bağlı məhdudiyyət qoyulub. Belə ki, Rusiyanın energetika şirkətlərinin 33 faizdən çox payla iştirak etdiyi layihələrə sanksiya qoyulacaq. «Şahdəniz»də isə Rusiya şirkəti cəmi 10 faiz payla təmsil olunur. Habelə bu düzəliş ABŞ və Avropa şirkətlərinin Rusiya şirkətləri ilə ortaq olduğu digər layihələri də sanksiyalardan xilas edir.

Qanun layihəsinin Senatdan da keçəcəyi və prezident tərəfindən imzalanacağı gözlənilir.

 





26.07.2017    çap et  çap et