Vaxt.Az

Sankt-Peterburqdakı azərbaycanlıların davasında çok gəlişmə


 

Milyarder «Tülpan İlham»ın düşməni və qruplaşması bütöv cəbbəxana ilə tutuldu

Sankt-Peterburqdakı azərbaycanlıların davasında çok gəlişmə Bu günlərdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Sankt-Peterburq idarəsinin keçirdiyi əməliyyat nəticəsində tanınmış biznesmen Leonid Kolesnikov da daxil olmaqla 7 nəfər həbs olunub. Həbs olunanlar arasında azərbaycanlılar-Məhyəddin Ağayev, Ziyafət Piriyev, Hikmət Cəfərov, Səid İbişiov adlı şəxslər də var. Onların barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Saxlanılanlar bu ilin mart ayında Pesoçnıy qəsəbəsində azərbaycanlı biznesmenə quldur hücumu həyata keçirərək onun «Mitsubishi» avtomobilini və mobil telefonunu ələ keçirməkdə ittiham olunurlar. Habelə qruplaşma iyun ayında Sankt-Peterburqda mağazaya quldur basqınında şübhəli bilinir.

Kolesnikov Sortelevo qəsəbəsindəndir. Qaldırılmış cinayət işi çərçivəsində əməliyyatçılar həmin qəsəbədə, ətraflarında və Sankt-Peterburqun özündə 38 ünvanda axtarış aparıblar.

Belə ünvanlardan birində-Kolesnikovun Levaşovo qəsəbəsindəki bağ evində axtarış zamanı əsl cəbbəxana aşkarlanıb. Evdən 4 min patron, 1 qumbaraatan, 10 qumbara, 1 partlayıcı qurğu, 18 tapança və pistolet-pulemyot, 6 avtomat, xarici ölkə istehsalı olan 1 tüfəng tapılıb. Bu silah-sursat Kolesnikovun və onunla əlbir olan azərbaycanlıların əslində ciddi kriminal qruplaşma olduqları barədə şübhələrə səbəb olub. Gözlənilir ki, istintaqın gedişində onlara yeni ittihamlar veriləcək.

«Fontanka.ru» yazır ki, Leonid Kolesnikov tipik 90-cı illər biznesmenidir. O, həm qanun keşikçiləri, həm kriminalitetin nümayəndələri ilə sıx münasibətlər qurub. Kolesnikovun adına 9 müəssisə qeydiyyatdan keçib, onlardan bir qismi fəaliyyət göstərmir. Ən iri aktivi Sankt-Peterburqdakı «Regina» bazarıdır.

Kolesnikovun Sankt-Peterburqdakı azərbaycanlı mafiyası ilə münaqişəsi var. 2013-cü ildə Sankt-Peterburqda «restoran müharibəsi»nin qızğın vaxtlarında ona qarşı sui-qəsd olub, biznesmenin bəxti gətirib və silah kilidləndiyinə görə killer ona cəmi bir dəfə atəş aça bilib. Kolesnikov yaralanıb. İstintaq müəyyən edib ki, bu sui-qəsdin sifarişçisi Sankt-Peterburqun «qarpız kralı» kimi tanınan, «Tülpan İlham» ləqəbi ilə də məşhur olan İlham Əliyevdir. «Tülpan İlham» Sankt-Peterburqda «Çinar», «Süfrə» və digər iri restoranlara, yüzlərlə meyvə-tərəvəz köşkünə malik idi. Və şəhər administrasiyası ilə yaxşı əlaqələr qurmuşdu. Onun multimilyoner olduğu dəqiqdir, lakin bəzi məlumatlara görə «Tülpan İlham»ın varidatı hətta milyard dolları ötüb keçirdi.

2012-ci ilin əvvəllərində digər azərbycanlı biznesmen İslam Sadıqov onun restoranının yanında «Usadba» adlı restoran açıb və biznesmenlər arasında münaqişə başlayıb. Bu münaqişədə Kolesnikov İslam Sadıqovun tərəfində idi. «Restoran müharibəsi» getdikcə qızışdı və həmin ilin sentyabr-dekabr aylarında Sadıqovun «Mercedes S-350» avtomobili, daha sonra arvadının avtomobili və «Flaminqo» adlı kafesi yandırıldı. Buna cavab olaraq Əliyevin «Çinar» restoranına od vuruldu. «Tülpan İlham» restorana hücumu Kolesnikovun təşkil etdiyinə əmin olaraq ondan qisas almağı qərara alır və biznesmenə sui-qəsd təşkil edir.

Həmin sui-qəsddən Kolesnikov yaralı xilas ola bilir. Bir ay sonra «Tülpan İlham» və bandasının üzvləri tutulub. İstintaqın gedişində «Tülpan İlham»ın restoran biznesi ilə məşğul ola erməni Sərkis Petikyanın da qətlini sifariş etdiyi üzə çıxıb. «Tülpan İlham» 10 il həbs cəzası alıb və hazırda həbsdədir. Onun bandasının əslində daha çox sifarişli qətllər törətdiyi bildirilir. Məlumatlara görə «Tülpan İlham» «Azərros»un Sankt-Peterburq təşkilatının rəhbərliyində təmsil olunurdu.

2012-ci ildə «Tülpan İlham» Bakıda, «Buta Palace»də oğluna olduqca dəbdəbəli toy etmişdi və həmin toya Şakira, Ceniffer Lopes kimi dünya ulduzlarını çağırmışdı.

İndi isə onun düşməni, «Sertolovonun atası» kimi tanınan Kolesnikovla bandası tutulub. Bu bandanın digər cinayətlərinin də üzə çıxacağı gözlənilir.

 





27.07.2017    çap et  çap et